İran İsam Respublikası hərbi qüvvələri bu günə qədər misli görünməmiş iri miqyaslı hərbi manevrlərini Azərbaycan vilayətlərində keçirəcəyini bildirib. İranın hərbi qüvvələrinin baş komandanı, ordu generalı Ətaullah Salehi quru və hava qüvvələrinin «Zülfüqar zərbəsi» adlı manevrlərinin sentyabrın 6-dan etibarən İranın Azərbaycan məntəqələrində keçiriləcəyini bildirib.
İran generalının İRNA xəbər agentliyinə verdiyi məlumata əsasən, yüksək səviyyədə keçirilən bu manevrlər bir neçə məqsədə hesablanıb. Birincisi, ordunun müxtəlif təyinatlı qüvvələrinin biri-biri ilə əməkdaşlıq qabiliyyəti sınaqdan keçirilir, ikincisi, İran ordusunu düşmənin sərhəddən hücumuna qarşı məsuliyyətini artırır. General Salehinin verdiyi məlumata görə İran bu manevrlərdə son hərbi texnologiyasını da yoxlayır. O bildirib ki, burada ilk əvvəl guru qüvvələr sərhədi keçən xəyali düşmənə qarşı hücuma başlayacaq və daha sonra hava qüvvələri onlara qoşularaq «düşməni» məhv edəcək.