Sentyabrın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi davam etdirildi. Təqsirləndirilən Musa Dabuyev vəkillərin suallarını cavablandırarkən Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanmasına qarşı çıxdığını dedi: «Mən və Aslanbek qadın oğurluğunun əleyhinə idik. Hacı dedi ki, Zamirənin oğurlanması üçün ona təzyiq edirlər. İki günə tələb edilən pul veriləcək. Əgər həmin pul verilməsə belə, Zamirə Hacıyeva azadlığa buraxılacaq».
DİN Baş Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi, təqsirləndirilən Zakir Nəsirovun vəkili Adil İsmayılovun «dəstənin fəaliyyəti dövründə oğurlanan adamlardan hansısa pul alınmadan azad edilibmi» sualına Musa Dabuyev belə bir halın olmadığını bildirdi. Onun sözlərinə görə, kriminalist Rövşən Əliyevin qətlə yetirilməsi də dəstənin bəzi üzvlərinin ürəyincə olmayıb. Musa Dabuyev Hacı Məmmədovun da bu cinayətin baş verməsini istəmədiyini, ancaq buna məcbur olduğunu söylədi.