Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:18

Məhbuslar intihar edir, ya öldürülür?


Sahib Məmmədov və Rafiq Ramazanovla söhbət, 1 sentyabr 2006
Sahib Məmmədov və Rafiq Ramazanovla söhbət, 1 sentyabr 2006
Son həftələr Azərbaycandakı cəzaçəkmə yerlərində, Ədliyyə Nazirliyinin müalicə müəssisələrində məhbusların dünyasını dəyişməsi halları çoxalır. Elə ötən ay iki belə ölüm halı ölkə ictimaiyyətinin xüsusi diqqətini çəkdi. Qobustan Qapalı Həbsxanasında ömürlük azadlıqdan məhrumetmə hökmü ilə cəza çəkən məhbuslardan biri – Kamandar Aslanov, Ədliyyə Nazirliyinin müalicə müəssisəsində isə İqtisadi İnkişaf Nazirliyinin sabiq departament rəhbəri Əlihüseyn Şalıyev dünyasını dəyişdi.

Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə müdiri Rafiq Ramazanov «Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə Kamandar Aslanovun və Əlihüseyn Şalıyevin ölümü haqda rəsmi versiyanı bir daha səsləndirdi: «Kamandar Aslanov ölümündən bir müddət qabaq damarlarını kəsmişdi. Tibbi yardımdan sonra normal vəziyyətdə öz kamerasına qaytarılmışdı. Gecə onun ölməsi haqqında məlumat daxil oldu. Düzdür, mətbuatda belə fikirlər hallanır ki, onu Qorxmaz adında bir nəzarətçi döyüb öldürüb. Amma Qorxmaz hadisə zamanı məzuniyyətdə idi və hadisə baş verən zaman bu adam işdə olmayıb... Əlihüseyn Şalıyev avqustun 5-də MTN-nin İstintaq Təcridxanasından bizim müalicə mərkəzinə köçürülmüşdü. Onda qarın yırtığı vardı. Ayın 9-da onun üzərində cərrahiyə əməliyyatı keçirilmişdi, artıq onda səhhəti ilə əlaqədar heç bir problem yox idi. O, müalicə palatasında saxlanılırdı, palatada da bu adam tək olub. Gecələr və sutka ərzində orada növbə aparan nəzarətçilər hər saatdan biri palataları açıb baxırlar. Saat 6-da axırıncı dəfə onlar orada baxış keçiriblər. Saat 6:45-də onlar baxıblar ki, içəridə qan var. Görüblər ki, damarlarını kəsib...».


Həmin hadisələrin monitorinqi ilə məşğul olan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Sahib Məmmədov isə bildirdi ki, bu məsələdə əsas problem rəsmi orqanların verdiyi informasiyaların nə dərəcədə obyektiv olmasıdır: «Hətta bu hadisələrin intihar, yaxud adi ölüm hallı olması ciddi surətdə araşdırılmalıdır. Bilirsiniz ki, kütləvi informasiya vasitələrinin çoxu, Şalıyevin ailə üzvləri də onun intihar etməsi barədə rəsmi versiyayla razılaşmadıqlarını bildirirlər».


Cənab Məmmədov qeyd edir ki, bütün dünyada həbsxanalarda belə hallar baş verir, amma demokratiyanın inkişaf etdiyi ölkələrdə informasiya cəmiyyətə obyektiv şəkildə çata bilir: «Amma bizdə hüquq müdafiəçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də informasiyanı dəqiq, vaxtında və obyektiv şəkildə əldə edə bilmir. Onda bir yol qalır: öz versiyanı yazmaq...».


«Yeni Müsavat» qəzetinin şərhçisi Mustafa Hacıbəyli və «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Ağanisə Sultanovanın da iştirak etdiyi söhbətdə Sahib Məmmədov dedi ki, son illər istər müvəqqəti saxlama yerlərində, istərsə də istintaq təcridxanalarında yaşayış şəraiti xeyli yaxşılaşıb: «Demək olmaz ki, artıq Avropa standartları səviyyəsinə çatıb, amma bu istiqamətdə xeyli işlər görülüb. Problem əsasən azadlıqdan məhrum edilən şəxslər üçün əmək, təhsil, bədən tərbiyəsi və onların asudə vaxtının təşkili sahəsindədir. Azərbaycanda bu istiqamətdə vəziyyətin bərbad olması onunla nəticələnir ki, insanlar ordakı həyatdan bezirlər... Bizdə olan məlumata görə, azadlıqdan məhrumetmə yerlərində 10 faizdən də az məhbus məşğulluqla təmin olunub».


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə müdiri Rafiq Ramazanov isə bildirdi ki, həbsxanalarda işi təmin etmək üçün sifariş verilməlidir: «Sovetlər dövründə cəzaçəkmə müəssisələrinin hər biri böyük zavod, fabrik idi. Keçmiş SSRİ-nin dövlət sifarişi ilə məhsullar buraxırdı. İndi bildiyiniz kimi, azad bazar iqtisadiyyatıdır. Daxildə işi təmin etmək üçün sifariş verilməlidir».


Cənab Ramazanov həmçinin qeyd etdi ki, hazırda açıq cəzaçəkmə müəssisələrində peşə məktəbləri, orta məktəblər fəaliyyət göstərir, hətta ali məktəblərə də qəbul keçirilir: «Bu il yetkinlik yaşına çatmayan məhbusların sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilib və onlar imtahanlarda iştirak edirlər. Bu, heç qanunvericilikdə də nəzərdə tutulmayıb. Sadəcə, çalışırıq ki, bu imkan da yaradılsın. Amma Qobustan həbsxanasında bu təhsili necə vermək olar? Hər məhkuma fərdi bir müəllim tutulmalıdır? Onlar ümumi bir sinifdə yığıla bilməzlər, qanun buna yol vermir... Qaldı, idmana, boş vaxtın keçirilməsinə, müəssisələrdə buna şərait var. Hamısında demək olar ki, klublar, televiziya otaqları var...»


«PANORAMA»DA BU MÖVZUDA ƏTRAFLI SÖHBƏTİ DİNLƏYİN


XS
SM
MD
LG