Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 06:56

Azərbaycan təhsilinin daha bir problemi


Yaşlı müəllimlərlə bağlı Əmək Məcəlləsinə yaş həddi tətbiq edilə bilər
Yaşlı müəllimlərlə bağlı Əmək Məcəlləsinə yaş həddi tətbiq edilə bilər

Təhsil naziri Misir Mərdanov bu günlərdə jurnalistlərlə söhbətində bildirib ki, orta təhsilin keyfiyyətsiz olmasının bir səbəbi də məktəblərdə yaşlı müəllimlərin işləməsidir. Nazirin fikrincə, tədrisin keyfiyyətinin artırılması üçün 65 yaşdan yuxarı şəxslərin müəllim işləməsinə məhdudiyyət qoyulmalıdır. Hərçənd ki, əmək qanunvericiliyində müəllim işləmək üçün yaş məhdudiyyəti yoxdur. Təhsil Nazirliyinin kadrlarla iş şöbəsinin əməkdaşı Kəmalə Mirzəyeva hesab edir ki, nazirin müəllimlərin yaş həddi ilə bağlı dedikləri bir proqnozdur: «Nazir bunu dünya təcrübəsinə əsaslanaraq proqnoz kimi verib. Aydındır ki, Əmək Məcəlləsi yaş həddini qadağan edir, ancaq nazir özü də deyib, ictimaiyyətdə bu fikir təsdiqlənsə, qanunvericilikdə dəyişiklik olsa, tətbiq etmək mümkündür».


Kəmalə Mirzəyeva da hesab edir ki, yaşlı müəllimlərin bəziləri yeniliklərlə ayaqlaşa, yeni üsulları mənimsəyə bilmirlər: «Elə müəllimlər var ki, günün tələblərinə ayaqlaşmırlar. Kompyuterlə, yeni texnologiyalarla tanış deyillər, bu da tədrisin keyfiyyətinə təsir edir».


Gəncə şəhərinin 4 saylı orta məktəbinin direktoru, özü də 65 illik müəllim təcrübəsinə malik olan Çingiz Əsgərov də düşünür ki, yaşlı müəllimlərin bir çoxu müasir üsullarla ayaqlaşa bilmir və tədrisin keyfiyyətini artırmaq üçün məktəbə yaşından asılı olmayaraq savadlı və çevik təfəkkürlü müəllimlər cəlb edilməlidir: «İndiki dövrdə müəllimlər yeniliklərə çox çətinliklə yiyələnir. Səbəbi də odur ki, müəllim hazırlayan müəssisələr metodikaya az fikir verirlər». Çingiz Əsgərov hesab edir ki, məktəblərə müəllim qəbulunda məktəb direktorları tam sərbəst olmalı və onlar bir neçə pilləli seçim aparmalıdırlar. Öz təcrübəsindən danışan və əsasən gənc mütəxəssislərə üstünlük verdiyini deyən direktorun sözlərinə görə, o, müəllimin ünsiyyət qurmaq qabiliyyətini, yeniliyi mənimsəmək həvəsini və öz ixtisasına bələdçiliyini sınaqdan keçirir.


Paytaxt Bakıda da rəyini soruşduğum sakinlərin əksəriyyəti də məktəbdə tədrisin keyfiyyətindən narazıdırlar: «Uşaqlar repetitor yanına gedib yüksək bal toplayırlar, məktəbdə uşaqları öyrətmirlər...», «Müəllimlərin dərs keçməyə həvəsi yoxdur…», «İndi savadsızlıq baş alıb gedir…»


Milli Məclisin Elm və Təhsil Komissiyasının sabiq sədri Şahlar Əsgərov isə yüksək tədrisə gedən yolu orta təhsil sisteminin liberallaşdırılmasında, özəl orta məktəblərin yaradılmasında görür. Onun fikrincə, belə bir sistemin tətbiqi təhsildə sağlam rəqabət yaradacaq və məktəb direktorları da rəqabətə davam gətirmək üçün savadlı mütəxəssislərə üstünlük verəcəklər: «Özəl məktəblərin açılmasına imkan vermək lazımdır. Belə olan təqdirdə savadlı müəllimlər öz yerini tutacaq. Bu zaman dövlətlə özəl məktəb arasında bir yarışma başlayacaq və nəticədə şagirdlər udacaq».


Şahlar Əsgərov müəllimlərin attestasiyadan keçirilməsini də vacib sayır. Təhsil Nazirliyinin əməkdaşı Kəmalə Mirzəyeva isə deyir ki, attestasiya haqqında əsasnamə hazır olsa da, sənəd təsdiqlənmədiyindən müəllimlərin attestasiyasını aparmaq hələlik mümkün olmur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG