Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:42

İran-BMT: Möhlət başa çatdı, indi nə olacaq?


«Financial Times» yazır ki, iranlıların fikrincə demokratiya «sevgisi» Amerika sərhədlərindən qırağa çıxmır
«Financial Times» yazır ki, iranlıların fikrincə demokratiya «sevgisi» Amerika sərhədlərindən qırağa çıxmır

Amerika və onun 3 müttəfiqi artıq İrana qarşı sanksiyalar siyahısı hazırlayırlar. Çünki BMT-nin İrana verdiyi möhlət avqustun 31-də başa çatdı, İran isə uran zənginləşdirilməsini dayandırmaq fikrində deyil, - bunu «New York Times» yazır.


Amerikanın sanksiyalar siyahısına nələr daxildir? - Diplomatların adı çəkilməmək şərtilə qəzetə və «Assosiated Press» agentliyinə verdiyi xəbərə görə, Amerika BMT Təhlükəsizlik Şurasının üzvləri ilə danışıqlarda çalışır ki, İrana nüvə avadanlığı satılmasına qadağa qoyulsun, İranın nüvə rəsmilərinin xaricə səfərləri qadağan olunsun, ölkənin nüvə ilə bağlılığı olan maliyyə vəsaitləri dondurulsun və ümumiyyətlə İranın dünya maliyyə bazarına çıxışı məhdudlaşdırılsın.


Ancaq Amerika mümkün sanksiyaları təkcə Təhlükəsizlik Şurası üzvləri ilə müzakirə etmir, «New York Times»ın yazdığına görə İsveçrə bankları ilə ciddi danışıqlar gedir və banklar İrana kreditləri dayandırmağa razılaşıblar. Amerika həm də istəyir ki, Dünya Bankının da İrana kreditləri və eləcə də İrana kommersiya uçuşları azaldılsın.


Ancaq bütün bunları yazan qərb mətbuatı onu da bildirir ki, Amerika Britaniya, Almaniya və Fransanı öz tərəfinə çəkə bilsə də, Təhlükəsizlik Şurasının Rusiya və Çin kimi üzvləri isə sanksiyalara ciddi müqavimət göstərəcəklər. Rusiyanın müdafiə naziri Sergey İvanov deyir ki, İranı cəzalandırmaq təcili məsələ deyil.


Ancaq indi müqavimət göstərən Rusiyanın, Çinin sonda nə deyəcəyi haqda Bill Klinton dövründə silahların yayılmaması üzrə dövlət katibinin köməkçisi işləmiş Robert Einhorn başqa fikirdədir. O, deyir ki, Rusiya və Çin iddia eldə bilməzlər ki, onlar İrana qarşı sanksiyalara heç bir razılıq verməyiblər.


Amerika rəsmiləri də «New York Times»a deyirlər ki, iyun ayında dövlət katibi Kondoliza Rays prezident Vladimir Putindən təminat alıb ki, Rusiya İrana qarşı ən azı, zəif sanksiyalara razılıq verəcək.


İranın özünə gəldikdə isə, bütün bu sanksiya təhlükəsinə prezident Mahmud Əhmədinejad avqustun 29-da etdiyi çıxışında cavab verib. O deyib ki, «nüvə bombası düzəltməyə qadir olan ölkə sanksiyaya da dözər».


Bəs İran ictimaiyyəti nə fikirləşir? «Financial Times» qəzeti öz iqtisadi müxbiri, əslən iranlı olan Şəhrzad Danişxunun yazısını dərc edib. Müxbir məqaləsində Nobel mükafatı laureatı Şirin İbadinin bu yaxınlarda dediklərini yada salır: «İrana Amerika zərbə enidirsə, bu, İrandakı islahatçı hərəkatı 10 il geri salacaq». Danişxu yazır ki, sıravi iranlılar soruşurlar ki, İran hökumətini ittiham edən Qərb öz neft və müdafiə sənayesinin maraqlarından çıxış eləmir ki? Əgər söhbət doğrudan da demokratiyadan gedirsə, onda nə üçün Amerika avtoritar Misir, Səudiyyə Ərəbistanı və İordaniya kimi rejimləri müdafiə edir?


Müəllif yazır ki, Amerikanın demokratiyanı sevdiyinə iranlılar şübhə etmir, onlar ona şübhə edirlər ki, deyəsən, bu «sevgi» Amerika sərhədlərindən qırağa çıxmır.


İsveçdəki Beynəlxalq Sülh araşdırmaları institutunun eksperti Shannon Kile isə


imkanların hələ tükənməməsi fikrindədir. O, «Azadlıq» radiosuna müsahibəsində İrandakı fərqli fikirlərə diqqət yetirməyi lazım bilir: «İran rəsmilərinin dediklərində fərqli nüanslar görmək maraqlıdır. Bəzilərinin tutduğu xətt barışığa yaxındır, bəzilərinin xətti isə sərtdir».


Beləliklə, İrana hansı sanksiyaların tətbiq ediləcəyi müxtəlif beynəlxalq çevrələrdə hazırda geniş müzakirə olunmaqdadır.


XS
SM
MD
LG