Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:51

Masallının bütün problemlərinin səbəbi: kasıbçılıq


Azərbaycanın ən böyük kəndlərindən biri Ərkivan, Masallı rayonu, 20 avqust 2006
Azərbaycanın ən böyük kəndlərindən biri Ərkivan, Masallı rayonu, 20 avqust 2006

Masallıda dolanışıq


Masallıda dolanışıq səviyyəsi xeyli aşağıdır. Bunu da Masallının Azərbaycanın əhalisi ən sıx olan rayonlarından olmasıyla izah edənlər var. Rayonda 190 min nəfərə qədər insan yaşayır. Ənənəvi təsərrüfat sahəsi – çayçılıq Sovet İttifaqı dağılandan sonra sıradan çıxıb, çay sahələri yerli camaata pay torpağı kimi paylanıb. İndi kimi həmin sahələrdə ev tikib, kimi də çox kiçik olduğundan əkib-becərmək də sərf eləmir deyə boş buraxıb.


Masallı məktəblərinin birində işləyən tarix müəllimi Müseyib Əkbərov rayonunun tarixinin qədim olduğunu bildirir. Baxmayaraq ki, Masallıda dövlət səviyyəsində arxeoloji qazıntılar aparılmayıb.


Qədim yaşayış məskəni olması və üstəlik gözəl təbiəti – dəniz sahilində yerləşməsi, dağlar, meşələr, çaylar Masallını turizm üçün əlverişli edir. Bu siyahıya «İstisu»nu da əlavə etmək lazımdı. Unikal isti su bulaqları oynaq xəstəliklərinin müalicəsində əvəzsizdir. İstisuda müalicə istirahət mərkəzi var və istisu vannaları qəbul etmək üçün yay vaxtı bura Azərbaycanın müxtəlif bölgələrindən minlərlə insan gəlir. Elə turistlərin çoxluğuna görə Masallıdan keçən şose yollarının kənarında bişirilib satılan təndir çörəyindən almaq üçün çox vaxt növbəyə durmalı olursan.


«Qul bazarı» və sosial təminat


Rayon Sosial Təminat Mərkəzində qələbəlik idi. Hökumətin kasıblara verdiyi ünvanlı sosial yardımı almaq üçün idarəyə müraciət edən vətəndaş gəlirlərinin düzgün hesablanmasından gileylənir. Burda ən çox mübahisə doğuran məsələ əkildi-əkilmədi torpaq sahəsinin gəlir mənbəyi sayılmasıdır. Əhali çox olduğundan adambaşına orta hesabla 3 sot torpaq düşür.


Amma kasıblara verilən müavinətlə bağlı giley-güzarı təkcə Sosial Təminat Mərkəzində yox, başqa yerlərdə də eşitmək olar.


«Qul bazarı» deyilən yer Masallı şəhərinin mərkəzindədir. Hər gün bura onlarla insan toplaşır. Onlar tikinti işlərindən tutmuş yer belləməyə qədər nə iş desən qulpundan yapışmağa hazırdırlar.


«…Ay ərzində 50 manat qazansan, böyük şeydi», «Məktəb gəlir, uşaqlara dəftər-kitab, paltar alınmalıdı, pul olmayandan sonra uşaq məktəbə necə getsin?..», «Kasıbçılıqdı, xeyrə-şərə də gedə bilmirik».


«Qul bazarı» deyilən yerdə söhbətləşdiyim insanlar bildirilər ki, hamısı kasıbdırlar, amma hökumətin kasıblara 6 ay müddətinə verdiyi ünvanlı sosial yardımı ala bilmirlər. Səbəbini isə belə izah edirlər ki, yardım vermək üçün onlardan rüşvət istəyirlər.


Rüşvət məsələsini Masallı Rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor müavini Emin Eminovdan da soruşduq. O deyilənləri böhtan adlandırdı və «qul bazarı» deyilən yerdə toplaşanların kasıb olmadığını dedi: «Mənim yeznəm keçən il ev tikdirirdi, indi onu suvatdırır. Həmin o «qul bazarı» deyilən yerdən usta gətirmişdi. Onlar günə 6-7 manatdan aşağı işləmirlər. Amma burda soruşanda ki, nə qədər qazanırsan, deyir ki, heç nə – aya 20-25 manat. Axı bunlar real rəqəmlər deyil».


Emin Eminov onu da deyir ki, yardım üçün müraciət edənlər arasında gəlirini gizlədənlər çox olur. Amma idarənin işçilərinin də bu məlumatları dəqiqləşdirmək imkanları az deyil-məsələn, qonum-qonşu, icra nümayəndələri, bələdiyyə sədrləri.


İndiyəcən Masallıda ünvanlı sosial yardım almaq üçün 8 min nəfər müraciət edib bunların yalnız onda birinə müsbət cavab verilib. Müraciətlərə baxılması davam edir.


Oğlan qıza yox, qız oğlana elçi düşür…


«Görürsən toy məslisidi, yaxud yas məclisidi, bir yaşlı nəsil var, bir də gənclər, orta yaşlılar yoxdur. Hamısı işsizlikdən bezib Rusiyaya üz tutub. Ona görə də bu evlər yiyəsiz qalıb».



"Cənub xəbərləri" qəzetinin redaksiyası, 20 avqust 2006
Mirzəkişi Mirzəyev Ərkivan kəndində müəllimdir, mənə bələdçilik edib kənddəki boş evləri göstərir. Bu evlərin sahibləri ailələrini də götürüb Rusiyaya gediblər: «Nə qədər yemiş əkib satasan. Bu adi qənd-çay pulunu ödəmir. Müasir dünyada qənd-çay ümidinə yaşamaq olmaz. İndi kosmos əsridi, telefon əsridi, maşın əsridi…»


Həmsöhbətim deyir ki, Rusiyada pul qazananlar həm özlərini dolandırır, həm də Masallıdakı qohumlarına maddi yardım edirlər. Xaricə işləməyə gedənlər arasında gənclər də çoxdur və bu həm də Masallıda gender qeyri-bərabərliyi yaradıb, yəni oğlan və qızların sayı arasında tarazlığı pozub. Bu baxımdan rayonda qızların ailə qurması böyük problemdir: «Belə hallar da olur ki, oğlan qıza yox, qız oğlana elçi düşür…»




Həmsöhbətim Masallıdakı azsaylı qeyri-hökumət təşkilatlarından birinin - «Əyalət qadınları - demokratiya uğrunda» təşkilatının sədri Fidan Abbaslıdır. Təşkilatın qərargahı olmadığı üçün onunla Ərkivan kəndində - yaşadığı evin həyətində söhbətləşdik: «Qız evi kəndə söz buraxır ki, hansı oğlan bizim qızı alsa, ona maşın alacağıq, əsgərlikdən saxlatdıracağıq, mağazamız var, verəcəyik işlətməyə…»


Hacı İsa Sirəbil kəndindən olan molladı. Deyir ki, nə o, nə də Masallıdakı başqa mollalar yetkinlik yaşına çatmayanlara kəbin kəsməyib. Belə hallar təsadüfən ola bilər: «Bir qız, bir oğlan qaçsa, eləsə, onda şəriətin hökmüylə bizim borcumuzdur ki, ata-ananın da borcudur ki, dərhal onlara kəbin kəsilsin, zinanın qarşısı alınsın».Hacı İsa deyir ki, azyaşlılara kəbin kəsmək addımı yalnız nigahdan kənar uşaqların doğulmaması üçün atıla bilər.


Amma «Əyalət qadınları-demokratiya uğrunda» təşkilatının sədri Fidan Abbaslı deyir ki, azyaşlı qızların ərə verilməsi kütləvi hal alıb. «Burda qızlar uşaq bağçasından məktəb haqqında, təhsil almaq haqqında yox, tez ərə getmək haqqında fikirləşirlər…»


Fidan Abbaslı deyir ki, Masallı məktəblərində səkkizinci sinifdən sonra dərs otaqlarında qızların sayı kəskin azalır. Azyaşlı qızlarla ailə quranlar əsasən Rusiyada işləyib yaxşı pul qazanmış gənclərdir: «Aralarında böyük yaş fərqi olur. Oğlanın 30 yaşı olur, qızın 15 yaşı. Onlar azyaşlı qızlara meyl edirlər. Valideyn də fikirləşir ki, kasıbçılıqdır, qoy verim getsin, mənə yük olmasın». Həmsöhbətim deyir ki, 13-14 yaşlı qızların ərə verilməsi çox vaxt doğuş zamanı problemlərə səbəb olur. Həm də ailədə psixoloji problemlər yaşanır.


Masallıda azyaşlı qızların ərə verilməsini Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzli də etiraf etdi. Amma onun fikrincə, bu məsələdə heç də bütün günah mollada deyil, ən böyük günahkar valideyndir, Hacı Mirqiyasin fikrincə, azyaşlıların ərə verilməsinə məktəb də göz yumur, müəllimlər, direktorlar belə hallara qarşı maarifləndirmə işi aparmırlar. Onun sözlərinə görə, Masallıda hətta belə bir adət də var – sinif rəhbəri nişanlanmış qızlardan xələt də istəyir.


Amma Hacı Mirqiyas bu məsələdə molların maddi marağının olduğunu da etiraf etdi. Masallıda öyrəndik ki, kəbin kəsməyin öz qiyməti də var - yeni pulla 10 manat.


Rayonda islam


«Cəmaət Fələstin və Livanı bombardman edən İsrail mallarını almaqdan çəkinin». Bu cümlə Masallı küçələrinə vurulan bir vərəqədəndir. Vərəqəni yapışdıran «Cəfəri» adlanan təşkilatdır. Rayonda dinin təsirinin artması dini yönümlü təşkilatların da fəallaşmasına səbəb olub və onlar artıq siyasətə də müdaxilə edirlər. «Cəfəri» təşkilatının yaydığı vərəqələr həm də qonşu İran İslam Respublikasının dövlət siyasətini əks etdirir. Vərəqədə İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin fəitvaları və Qərb ölkələrini ittiham edən fikirlərindən sitatlar yer alıb.


Masallıda İran televiziyalarına da rahat baxmaq olur - 5 kanala. Azərbaycan dövləti nə qədər çalışsa da, hələ də İrandan ölkənin teleməkanına müdaxiləsinin qarşısını ala bilməyib.


Masallının informasiya qaynaqları


Masallı camaatının müstəqil mənbələrdən informasiya almaq imkanları da məhduddur. Ümumrespublika Ölkənin hər yerində yayılan miqyaslı kütləvi-informasiya vasitələri rayonun problemlərinə ara-sıra toxunurlar. O ki qaldı əyalət mətbuatına…



Masallıda çöl quşu da satırlar, göl quşu da..., 21 avqust 2006
«Əyalətdə qəzetin yayım mexanizmi yoxdur. 186 minlik Masallı rayonunda 5 köşk var. Üçü rayon mərkəzində, ikisi də kəndlərdə…»


Zahir Əmənov redaksiyası Masallıda yerləşən «Cənub xəbərləri» qəzetinin baş redaktorudur. «Cənub xəbərləri» müstəqil qəzetdir, Lənkəran, Cəlilabad və başqa cənub rayonlarında da yayılır. Amma baş redaktor deyir ki, məmurlar qəzetin əllə yayımına maneçilik törədirlər.


«Tutaq ki hansısa rayondan tənqidi material gedirsə, mən ora qəzeti üç istiqamətdən göndərirəm - əllisini birindən, əllisini birindən… tuta bilmirlər. Birini tuturlar, qalanları yayılır. Hər dəfə müxtəlif maşınlardan istifadə edirik…»


Zahir Əmənov deyir ki, əllə yayıma maneçilik törədilməsinin ciddi səbəbləri var. Bakıda çap edilən ümumrespublika miqyaslı qəzetlərin hərəsindən Masallıya bir neçə nüsxə dənə gətirilir və rayon haqqında hansısa tənqidi material veriləndə məmurlar bütün nüsxələri dərhal köşklərdən özləri alırlar, beləliklə də həmin yazıların rayonda ictimai rəyə təsiri olmur. Belə yazılar əsasən Masallıda bəzi məmurların narkotik maddə və insan qaçaqmalçılığını himayə etməsi barədə olur. Belə mövzulardan «Cənub xəbərləri» də belə mövzularda yazır. Amma qəzetin əllə yayılması, köşklərdə deyil, ayrı-ayrı adamlar vasitəsilə, özü də pulsuz paylanması məmurlara sərf eləmir.


«İşləmədi, işıq zəifdi…»


«Cənub xəbərləri» qəzetində iş vaxtı rayona verilən işığın qrafikindən və gərginliyin həcmindən asılıdır: «İşıq saatlarla olmur, yaxud elə zəif olur ki, printeri işlətmək olmur, monitor çox gərginlik istəyir, ona görə də yanmır».


Amma qəzetin redaktoru Zahir Əmənov deyir ki, əyalət mətbuatının ən böyük problemi çap məsələsidir. Masallıda mətbəə yoxdur və qəzet Bakıda çap olunur. Belə olanda isə əyalət qəzetinin çapı redaksiyası Bakıda olan eyni həcmli qəzetdən baha başa gəlir. Üstəlik texniki işlərin çoxluğu oxucuların operativ məlumatlar almasına mane olur.


Əyalət qəzetinin özü-özünü maliyyələşdirməsinə reklam kömək edə bilərdi. Amma baş redaktor deyir ki, rayon sahibkarlarının çox vaxt reklam verməsinə ehtiyacı olmur: «Tutalım Masallıda bir şadlıq sarayı var. Bunu hamı bilir. Lənkərandan kimsə gəlib burda toy eləyən deyil ki. Ona görə sahibkar reklam verməkdə maraqlı deyil».


İndi «Cənub xəbərləri» qəzeti maliyyə problemlərindən müvəqqəti də olsa yaxa qurtarıb. Soros fondu Azərbaycandakı təmsilçiliyi vasitəsilə «Əyalət mətbuatı vətəndaş cəmiyyəti uğrunda» layihəsini həyata keçirir və «Cənub xəbərləri» qəzetini də 6 ay müddətinə maliyyələşdirir. Payızda isə Zahir Əmənov yeni maliyyə mənbələri axtarmalı olacaq.


Qadağalara baxmayaraq Masalıda diri ev quşlarını satılar da, alırlar da…


Əyalətdə mətbuatın zəifliyi həm də müxtəlif problemlərlə bağlı əhalinin maarifləndirilməsində çətinlik yaradır. Məsələn, «quş qripi»ylə mübarizədə.


İlin əvvəlində ölkədə «quş qripi» tapılandan sonra Masallı rayonunda da ev quşlarının kütləvi qırılması halları olmuşdu. Amma o vaxt hökumət bunun «quş qripi» xəstəliyi ilə bağlı olmadığını demişdi. Bəzi müstəqil ekspertlər və qəzetlər isə hökuməti məlumatı gizlətməkdə ittiham etmişdilər.


İndi vəhşi quşların Azərbaycana payız miqrasiyası başlayır və onların uçub gəldiyi bölgələrdən biri də Qızılağac qoruğudur. Bu qoruq Masallı rayonuna bitişikdir. Ölkədə çöl quşlarının ovu qadağan olunsa da, bəzi məlumatlara görə, həmin qoruğun ərazisində quş vurulur da, satılır da.


Masallının Boradigah kəndindəki bazarda diri toyuq da satılır. Baxmayaraq ki, bu ilin əvvəlində Azərbaycan «quş qripi» xəstəliyi tapılandan sonra diri ev quşu satışına qadağa qoyulub. Satıcılar Dövlət Baytarlıq xidmətinin qadağasından xəbərsiz olduqlarınını deyirlər.


«Quş qripi» virusunu xəstəliyini yayan, ev quşlarına, insana yoluxduran çöl quşlarıdır. Ən acınacaqlısı odur ki, Boradigah kəndindəki bazarda çöl quşları da satılırdı. Mən müxtəlif çöl quşlarının düzüldüyü piştaxtaya yaxınlaşdım, amma quşları satan adamla söhbət edə bilmədim.


Hiss olunurdu ki, quş qripi ilə bağlı qadağalar bazar əhlinin ürəyincə deyil. Elə mənim bu məsələylə maraqlanmağım da.


«Satıcı: Bir həkim gəlib göstərsin ki, burda quş qripi var?


- Bəs, siz özünüz ehtiyatlanmırsınız ki, xəstəlik yayıla bilər?


- Biz köhnə adətlə nə yeyirdiksə, yenə ondan yeyirik.


- Çöl quşu da?


- Çöl quşu da yeyirik, ev quşu da, lap belə göl quşu da…»


Boradigah bazarından yollanım Masallı Rayon Baytarlıq Xidmətinə. «Satmağı deyəndə ki, bizə belə hallar rast gəlməyib…» Rayon Baytarlıq Xidmətinin rəhbəri Şəfaət Ağayev bazarlarda əvvəlcə çöl quşlarının və diri ev quşların satılması hallarının olduğunu inkar etdi, amma biz Boradigah bazarında gördüklərimizi ona deyəndə çəkdiyimiz şəkilləri və yazdığımız səsləri təqdim etdik. Buna onun cavabı belə oldu: «Ola bilər ki bu dolanışıqla bağlıdır. Əgər kiminsə həyətində iki cüt toyuq varsa, aparıb bazarda satırsa, mənə elə gəlir ki, bu minus hal deyil».



Dulusçu Fərzulla kişi və nəvəsi, 21 avqust 2006
Baytarlıq idarəsinin rəhbəri onu da etiraf etdi ki, «quş qripi» ilə mübarizə aparmağa təkcə baytarlıq xidmətinin gücü çatmır. Kəndlərdə baytarlıq məntəqələrinin sayı azdı. Rayonun 90-a yaxın kəndi var, məntəqələrin sayı isə cəmi 13-dür.


İlin əvvəlində «quş qripi» ilə mübarizə üçün heç bir avadanlığı olmayan Masallı Baytarlıq İdarəsinə indi 1 dezinfeksiyaedici maşın və 5 ton kaustik soda verilib. Xəstəliklə bağlı önləyici tədbirlərin az fayda verməsinin, çöl quşlarının və diri ev quşlarının satışının davam etməsinin əsas səbəbi isə, rayon baytarlıq idarəsinin rəhbərinin dediyi kimi, kasıbçılıqdı.


40 ilin sənətkarı


Masallı haqqında söhbətimizdə tez-tez kasıbçılıq məsələsinin üstünə gəlib çıxırıq-azyaşlıların kəbinindən tutmuş «quş qripi»nə qədər. Amma nə qədər qəribə səslənsə də, Masallıda gənclər arasında işsizliyin geniş yayılmasının müsbət cəhəti də yox deyil.


Baş çəkdiyim Ərkivan kəndi də qədim yaşayış məskənlərindəndir, 15 min nəfər əhalisi var. Bura vaxtilə Masallının mərkəzi olub. Burada düşməndən qorunmaq üçün qala da olub. Ərkivan qalasının qalıqları indi də durur. Kənddə qədim sənətkarlıq növlərini yaşadanlar da var:


«Bu sənəti atamdan öyrənmişəm, əmilərim də bu sənətdədir, əmi oğlanlarım da…»


Fərzulla kişi dulusçudur, gildən müxtəlif qablar hazırlayır-dibçək, piti qabı, ayran qabı… Usta Fərzulla deyir ki, nə qədər müasir qablar çıxsa da, yerli camaat saxsıya üstünlük verməkdə davam edir: «Məsələn bunda çalınan qatıq bərk olur, çünki qab suyu özünə çəkir. Həm də ləzzətli olur». Dulusçuluq çətin peşədir. Bütün günü soyuq gillə əlləşirsən. Bir tərəfdən rütubət, o biri tərəfdən ayaqla fırladılan dəzgah... Fərzulla kişi 40 ildir bu işlə məşğuldur. Sənətini iki oğluna da öyrədib.


«-Müştəriləriniz kimdir?


- Mən Lənkərana aparıram, oradan alıb Moskvaya, Kiyevə, hər yerə aparırlar. Məsələn piti qablarını.


- Azərbaycanlılar aparır.


- Bəli, azərbaycanlılar».


Masallı elə bölgələrindəndir ki, bura birinci dəfə gələn «Mən bilməzdim Azərbaycanda belə gözəl yerlər var» deyir, sanki bildiyi, bələd olduğu bir şeyi yenidən özü üçün kəşf edir.


XS
SM
MD
LG