Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:29

«Biz siyasətə məcburi gələnlərik»


Kamil Vəli Nərimanoğlu hesab edir ki, torpaqlarımızın işğal olunmasaydı siyasətə gəlməzdik
Kamil Vəli Nərimanoğlu hesab edir ki, torpaqlarımızın işğal olunmasaydı siyasətə gəlməzdik

O, siyasət üçün doğulmadığını desə də artıq xeyli müddətdir siyasət meydanındadır. Ancaq buna baxmayaraq bir alim kimi də elmi fəaliyyətinin davam etdirdiyini bildirir. Bir vaxtlar kafedra müdiri işlədiyi Bakı Dövlət Universitetini könüllü tərk etsə də indi ora qayıtmaq vətənə, dövlətə və millətə olan borcunu yerinə yetirmək istəyir. Hazırda o, Türkiyənin Səlcuq Universitetinin fəxri professoru, Qırğızıstanın Çingiz Ayıtmatov Akademiyasının akademiki, xaricdə fəaliyyət göstərən bir neçə mərkəzin fəxri üzvüdür. «Tanınmışlar»ın budəfəki qonağı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, dilçi alim, professor və bu yaxınlarda 60 illik yubileyini qeyd edən Kamil Vəli Nərimanoğludur.


Bildirir ki, çalışıram yalnız Azərbaycanın sözünü deməyim, bütün türk dünyasının mətləblərini işıqlandırım. Kamil Vəli Nərimanoğlu bildirir ki, «biz siyasətə məcburi gələnlərik. Əgər mənim torpağım ermənilər tərəfindən işğal olunmasaydı bəlkə də mən siyasətə gəlməzdim. Yaxud da ki, Azərbaycanda elmin, maarifin vəziyyəti normal olsaydı bəlkə mən heç müxalifət olmazdım». Onun düşüncəsinə görə, müxalifətçilik fərqli düşüncə ortaya qoymaqdır. «Əgər hakimiyyət dəyişsə, narazı qalsam yenə müxalifət olacağam».


«Kamil müəllim, heç özünüzə hesabat verirsinizmi?»


«Bəli hesabat verirəm. Çalışıram ki, həqiqət uğrunda mübarizədə heç kəsdən geridə olmayım. İnsan allah qarşısında tək imtahan verir. Nə qrupla, nə partiya ilə imtahan vermir. Tərəzinin bir gözündə xeyir əməli, bir gözündə şər əməli dayanır. O mənada allahım, vicdanım qarşısında hesabat verirəm».


«Hərdən Türkiyədə və ya xaricdə olanda hiss edirəm ki, torpağını itirmiş bir xalqın övladı bir balaca yavaşdan danışmalıdır. Yəni mən o utanc hissini keçirirəm. Torpağımızın beşdə birini itirmişik, millətimizin böyük hissəsi köçkün vəziyyətdədir. Bunun ağrısı mənimlədir. Bunu özüm üçün, övladlarım üçün utanc hesab edirəm».


Kamil Vəli Nərimanoğlu atasını tez-tez xatırladığını və onunla fəxr etdiyini deyir: «Atam mehriban və səmimi insan idi. Onun düşmənləri yox idi və mənə də düşmən qoyub getməyib. Səmimi insan üçün həyatın hər yeri gözəldir: həbsxanası da, evi-eşiyi də… Atamla qürur duyuram. Bizim üçün şərəfli bir həyat qoyub gedib, 6 uşaq oxudub, hamısı ali təhsillidir, ikisi professordur».


«Sizin doğulub boya-başa çatdığınız Cəbrayıl rayonu və kəndiniz Azərbaycanın nəzarəti altında deyil. Nə yadınızda qalıb o kəndinizdən?»


«Mən Cəbrayılın qəsəbə hissəsində doğulmuşam. Mən fəsillərin gəlməyini ancaq rayondakı evimizdə hiss eləmişəm. Ağaca baxmışam yazın gəlməyin görmüşəm, küləyə baxmışam payızın gəlməyin hiss etmişəm… İndi mən fəsillərin gəlməyini duya bilmirəm».


«Xasiyyətcə kompromisli adamam. Amma bəzən dövrün əsəb küləyi məndən də keçir. Dövr dəyişdikcə insanların əsəbləri tarıma çəkilir, insanlar müəyyən imtahanlardan keçməli olur». Cənab Nərimanoğlu hesab edir ki, Azərbaycanda qapıları açmaq lazımdır, qütblənməni götürmək lazımdır. «Bizi dövlətimizin və millətimizin düşməni olan adamlara qarşı qoymaq lazımdır, bizi bir-birimizə qarşı qoymaq lazım deyil. Azərbaycan dövlətini güclü görmək istəyən mənim və mənim kimilərə qapı açmalıdır».


DİNLƏYİN!


XS
SM
MD
LG