«Azadlıq» bloku 2008-ci il prezident seçkilərini də boykot edə bilər. Bu fikri avqustun 29-da «Azadlıq» siyasi blokunun toplantısından sonra bu bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli söyləyib. Onun sözlərinə görə, mövcud seçki komissiyaları ilə azad və ədalətli seçkilər keçirmək mümkün deyil. Blokun bugünkü toplantısında qərar alınıb ki, əgər komissiyalar paritet əsasda yenidən formalaşmasa onlar prezident seçkilərində iştirak etməyəcəklər.
Əli Kərimlinin sözlərinə görə bugünkü toplantıda prezident seçkilərində vahid namizədlə iştirak etmək haqqında da qərar çıxarılıb. Ancaq, vahid namizədin kimliyi cəmiyyətə prezident seçkilərində iştirakla bağlı qərar veriləndən sonra bildiriləcək. Əli Kərimli deyir ki, indiki halda blok bütün gücünü seçki mühitinin demokratikləşməsinə yönəltdiyindən bu müzakirələri hələ ki, ziyanlı hesab edir.
«Azadlıq» siyasi bloku 2006-cı ilin əvvəllərində yaranıb. Bloka Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Tərəqqi və İnkişaf Partiyası və Milli Birlik Birlik Hərəkatı daxildir.