Avqustun 23-də Xanların Dozlar kəndində baş verən torpaq sürüşməsi nəticəsində bir neçə evə ziyan dəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sürüşməyə səbəb olan faktları araşdırırlar. İlkin versiya kimi, kəndin yaxınlığından keçən suvarma kanalından sızma olub-olmaması yoxlanılır. Mütəxəssislər sürüşməyə zəlzələnin səbəb ola biləcəyini də istisna etmirlər.
Dozlar və digər iki kəndi birləşdirən Çaylı inzibati ərazi idarəsinin rəhbəri Müşfiq Səmədov «Azadlıq» radiosuna bildirib ki, sürüşmə nəticəsində zərər dəyən evlərin sakinləri köçürülüb. Evlərdə və torpaqda çatlar əmələ gəldiyini deyən cənab Səmədovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin komissiyası hazırda sakinlərə dəyən ziyanı müəyyənləşdirir və hesablamalar başa çatandan sonra zərərçəkənlərə kompensasiya veriləcək.
Kənd sakinlərisə deyirlər ki, yaxınlarının evlərində yerləşiblər və əşyalarını çıxarmaq üçün yerli icra hakimiyyəti onları maşınla təmin edib. Ancaq evlərinə qayıda biləcəkləri vaxtla bağlı onlara hələlik heç bir məlumat verilməyib.