Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:51

Heç bir imtahan vermədən qəbul olunan universitet


Eks Marsel Universitetinin doktorantı Xuraman Mustafayeva, 21 auqust 2006
Eks Marsel Universitetinin doktorantı Xuraman Mustafayeva, 21 auqust 2006

Fransadakı Eks Marsel Universiteti elə bu adla 1896-cı ildən fəaliyyət göstərir. Universitetə aid binalar iki şəhərdə Eks və Marsel şəhərlərində yerləşdiyindən ali məktəbə bu adı veriblər. Eks Marsel Universitetində istənilən ixtisas üzrə - tibb, hüquq, ədəbiyyat, iqtisadiyyat, mühəndislik, maliyyə və başqa ixtisaslar üzrə təhsil almaq olar. Universitetin müasir kitabxanası, fənn laboratoriyaları, idman kompleksi, kompyuter mərkəzləri var. Xaricdən olan tələbələr universitetdəki fransız dili kursuna da yazıla bilərlər, özü də pulsuz-parasız. Bu ali məktəbdə təhsilin səviyyəsi barədə isə, artıq Eks Marsel universitetində magistr pilləsi üzrə təhsil almış və hazırda elə orada doktoranturada təhsil alan Xuraman Mustafayeva:


«Universitetdə təhsilin səviyyəsi yüksəkdir. Bu universitetdə hər kafedranın iki şöbəsi, həm təlim, həm də tədqiqat şöbələri var. Təlim şöbəsində müəllim öz apardığı tədqiqatlar barədə danışır. Ona görə də dərslər maraqlı alınır».


Xuramanın dediyinə görə, Eks Marsel universitetində təhsil alan tələbələr dərs oxumaqla yanaşı əyləncədən də geri qalmırlar: «İl boyu tələbələr arasında aktivlik olur. Tələbələr özləri sərgilər təşkil edirlər. Orada xarici ölkələrə, onların mədəniyyətinə maraq çox olduğundan əksər hallarda sərgilər elə xarici tələbələrlə bağlı olur. Çox vaxt tələbələr öz mətbəxlərinə aid nəsə hazırlayıb nümayiş etdirirlər».


Eks Marsel Universitetinə qəbul olma üçün heç bir imtahan vermək tələb olunmur. Universitet müraciət edən hər bir tələbə, o cümlədən xarici tələbə qəbul edilir, yalnız bir il təhsil aldıqdan sonra imtahan verməli olursan. Əgər bir il ərzində öyrəndiklərinə dair imtahanda uğur qazanmasan universiteti tərk etməli olursan. Eks Marsel Universitetində tədris haqqı da çox deyil. Tələbələr yalnız qeydiyyatdan keçmək üçün 200-300 avro arası məbləğ ödəyirlər, bundan başqa heç bir ödəniş tələb olunmur.


Azərbaycanlı tələbələr Fransanın Eks Marsel universitetinə həm fərdi yolla, həm də Fransa səfirliyinin hər il təşkil etdiyi təqaüd proqramı ilə daxil ola bilərlər. Təqaüd proqramına ərizə vermək üçün əsas şərt tələbənin fransız dilini bilməsidir. Ümumiyyətlə, Xuraman deyir ki, Fransada təhsil almaq istəyən tələbə fransız dilini zəif də olsa bilməlidir.


105 min abituriyent arasında birinci


Elvin İsmayılov bu il yerli ali məktəblərə qəbul imtahanında ən yüksək bal – 697,5 bal toplamaqla 105 min abituriyent arasında birinci olub.


Sumqayıt şəhərindəki Nizami Gəncəvi adına Texniki-Təbiət elmləri litseyinin məzunu olan Elvin İsmayılov ali məktəblərə indiyə qədər test üsulu ilə keçirilən qəbul imtahanında ən yüksək bal toplamış tələbədir. O, bu il 697,5 balla Prezident yanında Dövlət İdarəetmə Akademiyasının Menecmentlik fakültəsinə daxil olub. Qəbul imtahanlarında balların yuxarı həddi isə 700 baldır. Yəni Elvin 2.5 bal da toplasaydı, maksimal həddi yığmış olurdu. O, imtahanda 120 sualdan 119-a düzgün cavab verdiyini deyir. Elvin imtahanda yüksək nəticə göstərəcəyinə əmin olsa da, nəticələr elan olunana kimi həyəcanlandığını da gizlətmədi.


Elvin deyir ki, oxuduğu məktəb onun yüksək nəticə göstərməsində böyük rol oynayıb. Məktəb vaxtı ədəbiyyat fənnindən keçirilən olimpiadalarda iştirak etməsi və cəbr müəlliminin keyfiyyətli dərs keçməsi ona məqsədinə çatmaqda yardımçı olub.


Bir vaxtlar müstəntiq olmaq istəyən Elvin indi bu istəyin sadəcə uşaqlıq arzusu olduğunu deyir. İxtisas seçimində tam sərbəst olan Elvin menecmentlik sahəsinə marağı olduğundan ora üstünlük verib. Gələcəkdə öz ixtisası üzrə yaxşı bir iş tapmağı isə indidən qarşısına məqsəd qoyub.


Elvin orta məktəbi yaxşı oxusa da, fərqlənmə ilə bitirməyib. O, bunu onuncu sinifdən sonra öz ixtisasına uyğun olan fənlərə daha çox diqqət ayırması ilə izah edir. Lakin müsahibim ali məktəbi fərqlənmə ilə qurtarmağı qarşısına məqsəd qoyub. O həm də yaxşı oxumaqla ona ayrılan prezident təqaüdünü əlində saxlamaq istəyir. Avropada təhsil almağa həvəs göstərən Elvin bu ildən Dövlət Neft Fondu hesabına neft sənayesinə dair ixtisaslar üzrə xaricdə təhsil almaq imkanının başqa ixtisaslara da şamil olunmamağına çox təəssüflənir. Deyir ki, onu da təhsil almaq üçün Avropa universitetlərindən birinə göndərsələr məmnuniyyətlə razılaşar.


DİNLƏYİN!


XS
SM
MD
LG