Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:47

İritutumlu avtobusların gəlişi ilə gediş haqqı artacaq


Xəqani küçəsindəki dayanacaqlardan biri, 22 avqust 2006
Xəqani küçəsindəki dayanacaqlardan biri, 22 avqust 2006

Nəqliyyat nazirinin müavini Musa Pənahov deyir iki, ilin sonuna kimi Bakıya iritutumlu avtobuslar gətiriləcək. Hazırda bu yöndə bəzi şirkətlərlə danışıqlar aparılır. İlkin dövrdə şəhərə 200 böyük avtobusun gətirilməsi nəzərdə tutulur. Beləliklə, aztutumlu avtobuslar tədricən marşrutdan çıxarılacaq və bir müddət şəhər ətrafına işləyəcəklər. Musa Pənahov: «Həm təhlükəsizlik, həm şəhərdəki tıxac problemini aradan qaldırmaq baxımından iri avtobuslar gətiriləcək. Ancaq bu proses tədricən reallaşdırılacaq».


Şəhərdaxili nəqliyyatda basabası olmayan, rahat, iritutumlu avtobusların işləməsi təkcə nazirliyin yox, həm də sərnişinlərin istəyidir. Elə günün qızmar çağında avtobus gözləməkdən hövsələdən çıxan Saray Əmirovanın dediyinə görə, belə havada basa-baslı, tər qoxuyan, tozlu-torpaqlı avtobusa harasa gedəcəyini düşünəndə əhvalı korlanır. Yola min manat verib işə 20-25 dəqiqəyə gəlsə də, Saray xanımı avtobusların narahatlığı təngə gətirib. Bu üzdən də Nəqliyyat Nazirliyinin iritutumlu avtobus gətirmək təşəbbüsünü bəyənir.


İritutumlu avtobusların dövriyyəyə buraxılması ilə yolpulunun artacağı da istisna edilmir. Nəqliyyat Nazirliyi məsələ ilə bağlı bir müddət öncə Tarif Şurasına müraciət edib. Nazir müavini Musa Pənahov: «Söhbət maya dəyərinin dəqiqləşdirilməsindən gedir. Ona görə qiymətdə artım ola bilər».


Amma, paytaxtda iri avtobuslar və daha yaxşı xidməti elə indiki qiymətə istəyənlər də var. Gündəlik avtobus xidmətindən istifadə edən Nailə Bağırova şəhərə böyük avtobusların gəlişinin qiymət artımı ilə müşahidə olunacağını istəmir: «Mənə sərf etmir. Çünki, gündə beş dəfə işlə bağlı nəqliyyatdan istifadə edirəm».


Sürücülərinsə nəqliyyat nazirliyinin bu addımına münasibəti fərqlidir. Sürücü Sabir kişi: «Camaat sərbəst minib-düşəcək, hətta qəzet oxuya da biləcək. Böyük avtobus yaxşıdır. Gətirsinlər. Amma qiymət də qaldırılmalıdır».


Amma sürücülərin bəzisi hesab edir ki, iritutumlu avtobusların gətirilməsi şəhərdə tıxacları artıracaq. Çünki küçələr dar olduğundan manevr etmək imkanı məhdudlaşacaq. 248 saylı marşrutunu sürücüsü Mürşüd Mirzəyev: «Şəhərimizdə küçələr dardır. İnqilab küçəsi, Milli Bankın qarşısı darısqallıqdır. Böyük avtobusların hərəkəti çətinləşəcək. Onların ikisi dayanacaqda duranda üçüncü avtobus girə bilməyəcək. Amma baxın, bu dayanacaqda on avtobus dayanıb».


Nəzərə alaq ki, şəhərə iritutumlu avtobus gətirməsi təzə söhbət deyil. Bir vaxtlar Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyev də bu yöndə cəhdlər göstərmişdi. Hətta parlamentdəki çıxışlarının birində avtobusların İranla sərhəddən buraxılmadığını və buna görə etiraz aksiyası keçirmək istədiyini bildirmişdi. Eləcə də indiki mer Hacıbala Abutalıbov da bu haqda az danışmayıb. İndi məsələ Nəqliyyat Nazirliyi tərəfindən aktuallaşdırılır. Amma Nəqliyyatçıların Müstəqil Həmkarlar İttifaqının sədri Siyavuş İsmayılov bu dəfə də problemin həll olunacağına inanmır. Deyir ki, bu biznesə məmurlar nəzarət edir və onlar öz gəlirlərindən çətin imtina etsinlər. «Aztutumlu avtobusların şəhərdə ümumi illik gəliri azı 500 milyon dollardır. Kim öz gəlirindən imtina edər? Hansı məmur?»


Siyavuş İsmayılova görə, əslində məmurlar qiyməti artırmaq üçün bəhanə axtarırlar. Hətta şəhərə bir müddət öncə olduğu kimi İran və ya Türkiyə istehsalı olan, 20 nəfərlik avtobuslar da gətirilə bilər. Ancaq onların da ömrü uzun olmayacaq. İritutumlu avtobusların gətirilməsinə şübhə etməyən iqtisadçı Samir Nemanoğluna görə isə bu yöndə köklü islahatlar aparılmalıdır. Onun qənaətincə, dəyişən yalnız avtobusun həcmi yox, xidmətin özü olmalıdır. «Ön plana insan amili çıxarılmalıdır. Eyni zamanda, şəhərdaxili nəqliyyat bilet sisteminə keçirilməli, konkret qrafik müəyyənləşdirilməlidir. Ən əsası da bu sahədə rəqabət yaradılmalıdır».


Nəqliyyat Nazirliyi də etiraf edir ki, qiymət artımı ilə bərabər keyfiyyət də yaxşılaşdırılmalıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG