2008-ci ildə Pekində keçiriləcək Yay Olimpiya oyunlarında Azərbaycan yığma komandası daha çox idman növləri üzrə təmsil olunmağı planlaşdırır. Gənclər вя İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Raqif Abbasov «Azadlıq» radiosuna bildirib ki, 2004-cü il Afina olimpiadasında Azərbaycan komandası 11 idman növü üzrə təmsil olunmuşdusa, 2008-ci ildə velosiped və atçılıq da daxil olmaqla təmsil olunacağı idman növlərinin sayını 15-ə çatdırmağı planlaşdırır.
Raqif Abbasovun sözlərinə görə, hazırda Milli Olimpiya Komitəsində lisenziya qazana biləcək idmançılarla bağlı təhlillər aparılır, psixoloqlar hazırlanır, idmançıların psixoloji testlərdən keçirilməsi, dopinq işinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq Azərbaycanı təmsil edən idmançılar təlim-məşqlərini olimpiya oyunlarında ilk onluğa düşən ölkə idmançıları ilə birlikdə keçəcək.
Azərbaycan müstəqil dövlət kimi olimpiya oyunlarında 1996-cı ildən çıxış edir. Həmin il Azərbaycan idmançıları bir gümüş, 2000-ci il Sidney olimpiadasında iki qızıl və bir bürünc, 2004-cü il Afina olimpiadasında isə 1 qızıl və 4 bürünc medal qazanıb.