Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

İpoteka kreditləşməsində sistem dəyişməlidir


Əhalinin böyük əksəriyyəti ipoteka yükünün altına girmək iqtidarında deyil
Əhalinin böyük əksəriyyəti ipoteka yükünün altına girmək iqtidarında deyil

İpoteka kreditlərinin verilmə şərtləri sadələşdirildi. Yeni şərtlər nə dərəcədə əlverişlidir? Bu vaxta qədər ipoteka krediti ilə ev almaq istəyən şəxs qarşısında şərt qoyulurdu ki, onun ipoteka öhdəlikləri aylıq maaşının 70 faizindən çox ola bilməz. Yəni əgər o, evə görə borcunu ödəmək üçün hər ay 500 manat verməliydisə, deməli maaşı 700 manat olmalıydı. Yerdə qalan məbləğsə onun aylıq dolanışığı üçün vacib məbləğ kimi götürülürdü. İndi bu nisbət ləğv edilib.


Yəni əgər maaş 500 manatdısa, aylıq ipoteka öhdəliyi də 500 manat ola bilər. Yaxud kimsə ipoteka krediti ilə ev almağa gedəndə bank ondan tələb edirdi ki, son 12 aydakı maaşı haqqında məlumatları əks etdirən sənəd gətirsin. Yalnız o adama kredit verilirdi ki, bütün bu dövr ərzində onun maaşı ipoteka borcunu ödəmək səviyyəsində olsun. Amma indi bu müddət 6 aya endirilib. Özü də ipoteka verən bank qarşısında bu, artıq tələb kimi yox, tövsiyə kimi qoyulur. Başqa məsələlərdə də sadələşdirmələr var.


Milli Məclisin İqtisadi Siyasət Məsələləri üzrə Daimi Komissiyasının üzvü, millət vəkili Əli Məsimov deyir ki, ipotekanın verilməsi şərtlərinin yumşaldılması müsbət haldır. Bu, ipoteka krediti alanların sayının əhəmiyyətli dərəcədə olmasa da, nisbətən artmasına səbəb ola bilər.


İpoteka Fondundan verilən məlumata görə, martın 1-dən - ipoteka kreditləri verilməyə başlayandan bəri yəni 5 ayda 63 nəfər ipoteka krediti alıb. Daha 140 nəfərin sənədləri isə baxılma mərhələsindədir. Bir çox ekspertlər bunu cüzi rəqəm sayırlar və ipotekanın əksəriyyət üçün əlverişli olmadığını bildirilər.


Amma bir neçə ildir ev almaq planını gerçəkləşdirə bilməyən gənc vəkil Mərdəli Süleymanov deyir ki, ipoteka kreditlərinin sadələşdirilməsi ilə bağlı son məlumatlar da onda elə bir nikbinlik yaratmadı: «Mənim ipoteka krediti almağıma əsas maneə ilkin ödəniş və kredit faizinin yüksək olmasıdır. Mən vəkil işləyirəm, azdan-çoxdan normal gəlirim olur, amma görürəm ki, maaşım ailəni dolandırmağa ancaq çatır».


Millət vəkili Əli Məsimov isə düşünür ki, ipoteka kreditləşməsində sistem dəyişməlidir. İndi dövlət yalnız kommersiya səciyyəli kredit verir. Belə krediti almağa isə əhalinin 5-10 faizinin gücü çatar. Şərtləri nə qədər sadələşdirilsə də, müəllim, həkim, xırda alverlə məşğul olanlar, dövlət qulluqçularının əksəriyyəti də daxil olmaqla əhalinin 90 faizə qədəri ipoteka yükünün altına girmək iqtidarında deyillər.


Cənab Məsimov kommersiya krediti ilə yanaşı, sosial kreditin də tətbiqini vacib sayır. Onun fikrincə, belə kreditlərin faizi indiki kimi ikirəqəmli yox, 2-3 faiz olmalı, ilkin ödənişlə bağlı tələblər ləğv edilməli, borcunu vaxtlı-vaxtında ödəyənlərə güzəştlər edilməlidir. Əli Məsimov düşünür ki, dövlətin köməyi olmasa, ipoteka şərtlərindəki kosmetik dəyişikliklər ciddi nəticə verməyəcək.


XS
SM
MD
LG