Azərbaycan məhkəməsinin terrorçuluqda və başqa ağır cinayətlərdə təqsirli bildiyi çeçen əsilli Rusiya vətəndaşı Hacı Çankayev 3 ay müddətinə Rusiyanın hüquq mühafizə orqanlarına təhvil verilib. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib. Bu, Rusiya Prokurorluğunun müraciəti əsasında olub. Vüqar Əliyev deyib ki, cənab Çankayevin Rusiya ərazisində də cinayət törətdiyi aşkarlanıb və Rusiya tərəfi onu həmin cinayətlə bağlı istintaq prosesinə cəlb etmək istəyir. Mətbuat xidmətinin rəhbəri deyib ki, 3 aydan sonra məhkum Azərbaycana qaytarılacaq və cəza müddətinin davamını çəkəcək. Cəzası bitəndən sonra isə Rusiyaya veriləcək.
Hacı Çankayev 2006-cı ilin aprelində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə terrorçuluq və digər ağır cinayətlərdə ittiham edilən 16 nəfərlik dəstənin üzvü kimi 7 il müddətinə azadlıqdan məhrum edilib. Rusiya hüquq-mühafizə orqanları isə onu Kaspiysk şəhərində partlayış törətməkdə təqsirli sayır.