Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 15:40

Dövlət səhiyyə müəssisələri insanlara necə xidmət edir?


Cənubi Qafqaz ölkələrində səhiyyə rüşvətsiz ötüşmür
Cənubi Qafqaz ölkələrində səhiyyə rüşvətsiz ötüşmür

Əgər Bakının küçələrində insanlardan soruşsanız ki, dövlət səhiyyə müəssisələrində ürəkləri istəyən səviyyədə tibbi xidmət ala bilirlərmi, əksər cavablar mənfi olacaq.


Azərbaycan hökumət bu vaxta kimi səhiyyə sistemində islahatlar aparmaq yönündə bəzi addımlar atıb. Hətta parlament «Tibbi sığorta haqqında» qanun da qəbul edib, amma həmin qanun 7 ildir ki kağız üzərində qalır. Qanuna görə, hər bir vətəndaş öz sağlamlığını sığorta edə bilər. Bunun üçün o sadəcə, hər ay dövlət büdcəsinə sığorta ödənişləri edir və istədiyi vaxt heç bir haqq ödəmədən müalicə ala bilir.


İndi Azərbaycanda bir sıra şirkətlər özəl klinikalarla müqavilə bağlayıb, tibbi sığorta xidmətləri təklif edirlər. Sığorta ödənişləri yüksək olduğu üçün həmin xidmətdən əsasən imkanlı şəxslər və ölkədə işləyən əcnəbilər istifadə edirlər. Amma əhalinin böyük bir qismi tibbi sığortadan məhrumdur.


Müstəqil ekspert Adil Qeybulla qanunun işləməməsinin günahını səhiyyə nazirliyinin keçmiş rəhbərliyində görür. Adil Qeybulla deyir ki, tibbi sığortanın tətbiqi səhiyyə nazirliyinin aşağıdan – həkimlərdən başlayıb yuxarılara qədər davam edən rüşvət piramidasından məhrum olması demək olardı: «Sadəcə Səhiyyə Nazirliyi səhiyyə müəssisələrinə axan maliyyənin öz nəzarətindən çıxmasını istəməyib».


Amma Milli Məclisin sosial siyasət komissiyasının sədr müavini Musa Quliyev deyir ki, indiyəcən tibbi sığorta qanununun icra edilməməsinin əsas səbəbi dövlət büdcəsinin məhdud imkanları ilə bağlı olub. Çünki tibbi sığortanı yalnız vətəndaşların hesabına həyata keçirmək çətindir, əhalinin kasıb təbəqəsinin, xüsusən əlillərin özlərini sığorta etdirmək imkanı azdı, gərək onların sığortasını dövlət öz üzərinə götürsün. Amma Musa Quliyev inanır ki, vəziyyət tezliklə dəyişəcək: «Azərbaycan dövlətinin iqtisadi gücünün artması bizə imkan verir ki, yaxın 2-3 ildə sosial sahədə, o cümlədən səhiyyə sahəsində əhəmiyyətli irəliləyişə nail olaq».


Parlament komissiyasının sədr müavini deyir ki, «Tibbi sığorta haqqında» qanun həm də deklarativ səciyyə daşıyır, sığorta ödənişlərinin mənbəyi və başqa məsələlər orada dəqiq əksini tapmayıb. Onun sözlərinə görə, payız sessiyası başlayan kimi qanuna yenidən baxacaqlar. Artıq bundan ötrü Səhiyyə Nazirliyi ilə birgə işçi qrupunun yaradılması da razılaşdırılıb.


Ölkədə səhiyyə xərcləriylə bağlı araşdırma aparmış İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehdiyev isə əhalinin tibbi sığorta sisteminə keçidə hazır olmamasıyla bağlı arqumentləri qəbul etmir. O deyir ki, onsuz da dövlət büdcəsindən maliyyələşən poliklinika və ya xəstəxanalarda xidmət pulsuz olsa da, vətəndaşlar əksər hallarda bunun üçün qeyri-rəsmi haqq ödəyirlər.


«Bizim apardığımız tədqiqatlar nəticəsində məlum olub ki, əhali tibbi xidmətlərə görə ödənişlərin 75 faizini öz cibindən edir. Bunların 5 faizi qanuni, 70 faizi isə qeyri-rəsmi ödənişlərdir. Tibbi xərclərin yalnız 25 faizini dövlət ödəyir. Əgər belədirsə, onda qalır məsələni rəsmiləşdirmək, yəni əhalinin öz sağlamlığına görə etdiyi ödənişləri leqallaşdırmaq lazımdır ki, bu, şəxsi ciblərə yox, büdcəyə getsin».


İndi yeni Səhiyyə nazirinin təşəbbüsü ilə səhiyyədə köklü islahatlar proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Proqramda tibbi sığorta ilə bağlı təkliflər də əksini tapıb. Səhiyyədə islahatlara Dünya Bankı da yardım etmək niyyətindədir.


Azərbaycanda olduğu kimi Ermənistanda da hələ tibbi sığorta yoxdur. Sovet dövründən dövlət hesabına müalicəyə öyrəşən ermənilər də həkimə rüşvət verdiklərinə görə qəzəblənirlər.


Baxmayaraq ki, Ermənistanda da hökumət poliklinikalarda xidmətlərin pulsuz olduğunu deyir, amma bunun heç bir effekti yoxdur.


Gürcüstandakı araşdırmalar göstərir ki, insanların kasıb yaşamasının səbəblərindən biri də, dava-dərmana pul xərcləməkdir.


Ümumiyyətlə, Gürcüstan qocalar ölkəsi hesab olunur, çünki əhalinin yarıdan çoxunun yaşı 50-ni keçib. Gürcülər tək 50-ni keçənlərin yox, 100-ü keçənlərin də çoxluğuyla fəxr eləyirdilər. Amma indi bu qocaların qeydinə qalmaq problemi var. Gürcüstanda da istədiyin vaxt müalicə olunmaq imkanlı adamın işidir.


DİNLƏYİN!


XS
SM
MD
LG