Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:07

Kakha Bendukidze: Ukrayna səfehlik üzrə bir neçə dünya rekordu vurub


Kakha Bendukidze
Kakha Bendukidze

-

Uğurlu biznesmen və keçmiş iqtisadiyyat naziri Kakha Bendukidze-ni «Gürcüstan islahatlarının atası adlandırırlar».

İndi cənab Bendukidze Ukrayna səfərindən sonra təəssüratlarını bölüşüb.

Kakha Bendukidze Ukraynada ilk növbədə hansı dəyişikliklərə ehtiyac olduğu barədə ölkənin «Arqument» qəzetində yazıb.

AVROPANIN DƏYİŞƏN VAXTINA DÜŞMÜŞÜK

Bendukidze ukraynalılara müraciətlə yazır: «Bizim ölkələrimiz elə bir vaxtda təşəkkül tapır ki, bəşəriyyətin əsas beşiyi olan Avropada baxışlar sisteminin dəyişikliyi baş verib. Gəlin, məşhur personaj – pişik «Leopold»u yada salaq. O deyirdi ki, «gəlin, dost olaq». İndi Avropada məhz bu ideologiya təntənə çalıb. İsveçdən olan bir dostum demişkən, biz 500 il bir-birimizə bomba atmışıq, indi isə qanunlar atırıq».

Cənab Bendukidze-nın fikrincə, «gəlin, Avropanı dinləyib, ordan vətəndaş cəmiyyəti təsisatlarını idxal edək» məsləhəti mənasızlaşıb.

«Yetkinliyi necə idxal etmək olar?» deyə, biznesmen soruşur.

Onun fikrincə, Böyük Sovet Ensiklopediyasını oxumaqla uğurlu insan olmaq mümkün deyil.

«AXIRDA QALANLAR BİRİNCİ OLACAQLAR…»

«İncildə deyilir: «axırda qalanlar birinci olacaqlar. Ukrayna səfehlik üzrə bir neçə dünya rekordu vurub», Bendukidze yazır. O, xatırladır ki, Sovet İttifaqında Ukrayna adambaşına düşən ümumi daxili məhsula görə beşinci yerdə idi, indi isə 9-cu yerdədir.

Biznesmen qeyd edir ki, Ukraynada keçmiş SSRİ-nin başqa guşələrində olduğu kimi müharibələr yox idi:

«Azərbaycan inkişaf edir, çünki nefti var. Gürcüstan işğal və müharibə görüb. Müharibədən çıxan Moldova və Tacikistan da daha yaxşı inkişaf ediblər. Hətta dəhşətli korrupsiyası olan Rusiya da daha çox inkişaf edib».

Kakha Bendukidze yazır ki, hətta Bolqarıstan da bu gün Ukraynadan 2,2 dəfə varlıdır və əgər Ukrayna islahatlara bu gün başlasa, bəlkə də Bolqarıstana 10 ildən sonra çatar.

XALQ POPULİSTLƏRİ NİYƏ SEVİR?

Keçmiş nazirin fikrincə, ukraynalılar bir qayda olaraq populistləri seçirlər. Çünki bu adamlar daha çox şeylər vəd edirlər, lakin onları düzgün siyasi seçim adlandırmaq olmaz.

Bendukidze yazır ki, populistlər sonradan vədlərini yerinə yetirmək üçün vergiləri, pensiyaları düşüncəsiz və ağılsız şəkildə artırmalı olurlar. Bütün bunlar isə xalqın yoxsullaşmasına gətirib çıxarır.

Gürcü biznesmen yazır ki, hazırda Gürcüstanın büdcə kəsiri 9 faiz təşkil edir, halbuki vəziyyət Rusiya ilə müharibəni uduzandan sonra da belə acınacaqlı olmayıb. Gürcüstanın borcları 13 faizdən 45 faizə yüksəlib. Ukraynada isə bu rəqəm 48-dir.

Bendukidze-nin fikrincə Ukrayna bu templərlə inkişaf etsə, Moldova onu ötüb keçəcək və ukraynalılar iş üçün oraya axışacaqlar.

BUENOS AYRES KURORTDUR…NƏ OLSUN?

Biznesmen yazır ki, bu deyilənlər nağıl deyil. 100 il əvvəl Honq Konqun sakinləri pul qazanmaq üçün Filippinə gedirdilər, indi isə filippinlilər daha yaxşı güzəran üçün Honq Konqa axışırlar. 100 il əvvəl Argentina dünyanın üçüncü ən zəngin ölkəsi idi, hətta İsveçrəni geridə qoymuşdu.

«Bu gün isə Argentina böyük ölkə, gözəl Buenos Ayres kurortudur, amma nə fayda?», Bendukidze qeyd edir.

Gürcü biznesmen Ukraynanın ölkəni qızdırmaq üçün subsidiyalı qazdan istifadə etdiyini də vurğulayır. O yazır ki, Türkmənistandan başqa hətta qaz istehsal edən ölkələrdə də o pulsuz verilmir. Məqalədə deyilir ki, bu mənada Rusiya, Moldova, Gürcüstan və Qırğızıstan daha səmərəli iqtisadiyyat qurublar. Onlar qaza subsidiya vermirlər.

İYNƏYƏ OTURDULMUŞ NARKOMAN

Onun nəzərincə Ukrayna iynəyə oturdulmuş narkomanı xatırladır.

Bendukidze yazır ki, Gürcüstanın iqtisadiyyatı Ukrayna iqtisadiyyatından doqquz dəfə kiçikdir və o ildə 1, 8 milyard kubmetr qaz istehlak edir. Ukrayna bundan 20 dəfə çox qaz istehlak edə bilərdi, üstəlik iqtisadiyyatı düzgün qurulsaydı «Qazprom»dan heç bir asılılığı da olmazdı.

Gürcü biznesmenin fikrincə, sosial sahələr, məsələn, xəstəxanalar da iqtisadiyyat sayılır.

Onun fikrincə, ukraynalılar hesablamalıdırlar: min nəfərə neçə xəstəxana çarpayısı düşür.

Biznesmen düşünür ki, indi səhiyyənin inkişafı çarpayıların sayını ixtisar etməyə imkan verir. Axı indi adamlar aylarla xəstəxanalarda yıxılıb qalmırlar.

«Biz Gürcüstanda 2006-2012-ci illərdə çarpayıların sayını iki dəfə azalda bildik. Ukrayna isə çarpayıların ixtisar olunmamasına görə dünya çempionudur», Bendukidze yazır.

UKRAYNA ÇİNDƏN GÜCLÜDÜR

Məqalədə daha sonra deyilir: «Dünyada 194 ölkə var. Ukrayna korrupsiyaya görə bu ölkələrin arasında 144-cü yerdədir. Biznesin asanlığına görə, Ukrayna 112-ci yeri tutur. Vergi ödənişlərinə görə, ölkə 164-cü yerdədir. Mətbuat azadlığına görə, Ukrayna 131-ci yeri tutub».

«Tutaq ki, Ukraynadan mal ixrac etmək lazımdır. Bunun üçün sizə 6 sənəd lazım olacaq. Gürcüstandan bu malı çıxarmaq üçün 4 sənəd tələb olunur. Bizdə firmanı iki günə açmaq olar, Ukraynada isə 21 günə. Bizdə mənzili qeydiyyata aldırmaq üçün iki gün lazım olur, Ukraynada 45 gün. Nə qədər çox qanun olsa, quldurların da sayı bir o qədər çox olur. Dövlət qulluğunda hər bir vəzifə özəl sektorda 5 işçi yeri deməkdir».

Kakha Bendikidze hesablayıb ki, Ukraynanın ixrac gücü Çininkindən çoxdur, lakin bu üstünlükdən istifadə olunmur. Halbuki, Ukrayna iqtisadiyyatı öz açıqlığına görə indi də Çindən üstündür.

AVROMEYDANIN DÜZGÜN SEÇİMİ

Avromaydan
Avromaydan

Onun fikrincə, bu, Avromeydan hərəkatının, Ukraynanın Avropa, yoxsa Rusiya siyasi seçimini etməsinin müsbət nəticəsidir.

Biznesmen yazır ki, slovaklar 5 il ərzində öz ölkələrini investisiya cənnətinə çeviriblər və ukraynalılar da bunu edə bilərlər.

Bendukidze-nin qənaətinə görə, hazırda Ukrayna qədər çətin durumda olan başqa ölkə tapmaq çətindir.

O yazır ki, hər şeyi olduğu kimi saxlamaq, «Naftoqaz»ı bir də oğurlayıb talan etmək mümkün olmayacaq. Bu, Ukrayna dövlətçiliyini hazırkı vəziyyətində məhv etmək demək olardı.

Gürcü biznesmen «Avromeydanı» möcüzə adlandırır. Onun fikrincə, bu inqilab hələ başa çatmayıb və elitanı hakimiyyətə gətirməyib.

UKRAYNANIN MOSKVANI TUTMAQ TƏCRÜBƏSİ VAR

Bendukidze yazır ki, Ukrayna böyük dövlətdir.

«Bir neçə ölkə var ki, onlar Moskvanı tutmaq təcrübəsinə malikdirlər - monqollar, fransızlar…Siz isə litvalılar və polyaklarla birgə Moskvanı iki dəfə götürmüsünüz…».

Vitaly Klitschko və Petr Poroshenko
Vitaly Klitschko və Petr Poroshenko

Kakha Bendukidze düşünür ki, KlichkoPoroshenko hazırkı vəziyyətdə Ukrayna üçün yaxşı seçimdirlər. O yazır ki, Poroshenko Rusiyanın iqtisadi blokadasının ən böyük qurbanı olsa da, uzaqgörən addım artıb. Klichko isə öz idman karyerasını qurub, indi isə siyasi karyerasını qurur.

«Vətənpərvərlik qan tökülməsindən sonra başlanır, bizim indi gördüklərimiz vətənpərvərliyin şad-xürrəm başlanğıcıdır», deyə keçmiş nazir qeyd edir.

Bendukidzenin məqaləsində həm də deyilir ki, Vladimir Putin imperiya düşüncəli rus millətçisidir. Ona Krım yox, Ukrayna lazımdır.

KORRUPSİYAYA HAMILIQLA NİFRƏT EDİLMƏLİDİR

Məqalədə deyilir ki, Gürcüstanda siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilir, bu isə onları az da olsa, pul kisələrinin asılılığından qurtarır.

Kakha Bendukidze yazır ki, dövlət aparatını ixtisar etmək lazımdır, çünki heç kimi yalnız vətənpərvərliklə, az maaşa işlətmək mümkün deyil.

Biznesmen məsləhət görür ki, Ukraynanın milli banka ümumiyyətlə ehtiyacı yoxdur və Ukrayna estonlar, litvalılar və bolqarlar kimi valyuta şurası strukturu yaratmalıdır.

Bu ona görə lazımdır ki, yeni ölkələr mərkəzi bank kimi mürəkkəb mexanizmlərdən öz xeyirləri üçün istifadə edə bilmirlər.

«Sizə isə normal, keyfiyyətli pul lazımdır. Sizə cinayətkar həlqəni qırmaq lazımdır. Siz hamınız korrupsiyaya nifrət etməlisiniz. Bu, baş verməsə, hər şey təkrar olunacaq. Və siz yoxsul ölkə olaraq qalacaqsınız», Bendukidze yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG