-
Xuraman Hüseynzadə
Yeni şeirlər
Oxşarlıq
Atamın
əlində nəsə gətirib
anamı sevindirdiyini heç görmədim
bizim evdə
yada düşməyən bir
arxa küçədə yaşayan
dəli Bikə idi
bir də anamın doğum günü...
Evimizdə eyni xörəklər bişdi
həmişə
atam eyni cür içdi
vərdiş etdiyi kimi döyüldü anam
canımdakı qorxunu əritdi
yana-yana ağladıqca...
ağrı dolu
əzab dolu baxışlarımla
eynən
indi Suriyada
İraqda
Qəzzada
ata-anasını itirən uşaqlara bənzəyirdim
atan qəlpələnirsə
yad qadınların qucağına
və boğulursa araq şüşəsində
sən qorxu ilə böyüyürsənsə
yetim uşaqdan
nə fərqin var ki?!
25. 07. 14
Depressiya
ağladım
çəkildi gözlərimin suyu
qışda axşam düşüncə
çöllərdən əl-ayaq çəkilən kimi...
yalquzaq yalqızlığı bürüdü içimi
kitab oxudum
və unutdum
yazıçının
üz qabığındakı şəkilinin üzünə
baxa bilmədim...
təzələdim üst-başımı
və həyata baxışımı...
hündürdaban ayaqqabılar aldım
boyum bir az da uzandı
həqiqətdən bir az da uzaqlaşdım...
gözlərimi geniş açdım
pislərin yaxşı əməllərini görmək üçün
yaxşıların pis əməlini gördüm amma-
pislərə yaxşılıq etmiş və
zəhmətlərini toz basmışdı-
unudulmuşdular...
bir salonda öldü zaman-
saçımı kəsdirdiyim an
bu məlun depressiyadan
çıxa bilmədim...
pəncərədən görünən
çılpaq ağacların rəsmini çəkdim
ağaclar üşüdü vərəqdə
zəng gəldi telefonuma...
sonra günəş doğdu ağ vərəqdə
qışın oğlan çağında
çılpaq ağacların başı üstündə
gülümsəyən günəşdən
qorxa bilmədim...
Şərhlər (1)
Daha çox şərh göstər