Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:27

BMT-nin təyyarə ilə bağlı qətnaməsinə Rusiya da səs verdi


-

BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsində Malayziya təyyarəsinin düşdüyü bildirilir və Rusiyayönlü qiyamçıların nəzarətində olan yerə tam giriş verilməsi tələb edilir.

Avstraliya hökumətinin təqdim etdiyi qətnamə iyulun 17-də Ukraynanın Hrabovo məntəqəsi üzərində vurulan təyyarənin «tam, təfərrüatlı və müstəqil beynəlxalq təhqiqatın»ın aparılmasına çağırır.

Qətnamədə bildirilir ki, hadisəyə cavabdehlik daşıyanlar aşkar edilib, məsuliyyətə cəlb olunmalıdırlar.

Bu qətnaməyə Rusiya da daxil olmaqla, TŞ-nin 15 üzvü yekdilliklə səs verib.

MOSKVANIN «KİÇİK DÜZƏLİŞLƏRİ»

Bununla belə qətnaməyə Rusiya səfirinin bir sıra «düzəlişləri» daxil edilib.

Rusiyanın BMT-dəski səfiri Vitaly Churkin
Rusiyanın BMT-dəski səfiri Vitaly Churkin

Məsələn, mətndəki «Rusiyayameylli separatçılar» ifadəsi «silahlı qruplar» ifadəsi ilə əvəz edilib.

«Separatçı quldurlar» ifadəsi də «qeyri-diplomatik olduğu üçün» mətndən çıxarılıb.

Bunlara baxmayaraq, qətnamə Rusiyanın öz mövqeyindən xeyli geri çəkildiyini əks etdirir.

Bundan əvvəl Moskva təyyarənin vurulmasına dair təhqiqatın BMT-nin Mülki Aviasiya Agentliyi (İCAO) tərəfindən Ukrayna hökumətinin başçılığı ilə aparılması təklifi ilə razılaşmırdı, halbuki belə bir qaydanı beynəlxalq qanunlar tələb edir.

Bundan bir qədər əvvəl qiyamçılar MH17 təyyarəsinin sərnişinlərinin meyitlərini Kiyev hökumətinin nəzarətində olan Xarkov şəhərinə aparılmasına icazə veriblər.

Qatar əvvəlcə Donetskə, ordan Xarkova yola salınmalı idi.

Malayziyanın baş naziri separatçıların «harada olduğu bilinməyən» dediyi qara qutuları ölkəsinə təqdim etməyi vəd etdiklərini bildirib.

QƏRB TƏYYARƏNİN SEPARATÇILAR TƏRƏFİNDƏN VURULDUĞUNA ƏMİNDİR

Separatçılar MH17-nin qara qutularını Malayziya ekspertlərinə təhvil verir
Separatçılar MH17-nin qara qutularını Malayziya ekspertlərinə təhvil verir

Qərb ölkələri Malayziya Hava Yolları şirkətinə aid Boeing 777 təyyarəsinin rusiyameylli qiyamçılar tərəfindən raketlə vurulduğunu iddia edirlər.

Britaniyanın baş naziri David Cameron ölkə parlamentindəki çıxışında deyib ki, təyyarə qiyamçılar tərəfindən «Buk» kimi tanınan raket qurğusu ilə vurulub.

Təhlilçilər qeyd edirlər ki, ixtiyarında dəqiq məlumat olmadan baş nazir bu cür qəti bəyanatla çıxış etməzdi.

Hərçənd Rusiya Ukraynanın şərqindəki qiyamçılara silah ötürmədiyində israr edir.

İNCƏ FƏRQ

Şərhçilər diqqəti belə bir incə fərqə çəkirlər ki, Rusiya əvvəllər olduğu kimi təyyarənin qiyamçılar tərəfindən vurulmadığını yox, məhz onlara Moskva tərəfindən silah verilmədiyini bəyan edir.

Bu fərq Rusiya hərbçilərinin təqdim etdiyi əks-arqumentlərdə də var. Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi bildirib ki, Malayziya təyyarəsi vurularkən onun yaxınlığında Ukrayna hərbi-hava qüvvələrinə məxsus Su-25 qırıcısı da uçub və Kiyev bu faktı gizlətməkdə davam edir.

Andrei Kartopolov (soldakı)
Andrei Kartopolov (soldakı)

General-leytenant Andrei Kartopolov mətbuat konfransında bildirib ki, təyyarənin vurulduğu məkanda Ukrayna hərbçilərinə məxsus raket qurğuları da olub, lakin onlar iyulun 17-də yoxa çıxıb.

İTTİHAMSIZ ƏKS-ARQUMENT

Cənab Kartopolov Ukraynaya aid olduğu iddia edilən Su-25 qırıcısının trayektoriyasını əks etdirən peyk fotolarını təqdim edib.

O, ABŞ peyklərinin də bu informasiyaya malik olduğunu bildirib və məlumatların istintaqa təqdim olunmasına çağırıb.

General-leytenant vurğulayıb ki, iyulun 14-nə aid peyk fotoşəkillərində Ukrayna ordusuna məxsus «Buk» raketləri Luqansk həndəvərində qeydə alınıb, lakin iyulun 17-də onlar artıq görünmür.

Bütün bunlarla yanaşı, Rusiya Müdafiə Nazirliyinin generalı təyyarənin Ukrayna tərəfindən vurulduğuna dair heç bir iddia səsləndirməyib.

Rusiya hərbçilərinin son açıqlamalarına Qərb böyük şübhə ilə yanaşır.

Qərb rəsmiləri xatırladırlar ki, 1983-cü ildə Koreya Hava Yollarına məxsus KAL007 sərnişin təyyarəsini vuranda da Moskva hər şeyi danmaqla məşğul idi.

HOLLANDİYA MH17 TƏYYARƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİ QALDIRIB

Hollandiya prokurorluğu Ukrayna üzərində vurulmuş sərnişin təyyarəsi ilə bağlı hərbi cinayətə dair təhqiqat elan edib.

Prokurorlardan birinin artıq hadisə yerində olduğu xəbər verilir.

Hollandiya prokurorluğunun əsaslandığı Hərbi Cinayətlərə dair beynəlxalq Qanun təyyarənin vurulmasına cavabdeh olan konkret şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verir.

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi bəşəriyyət tarixində ən böyük hərbi cinayətlərə aid işlərə baxması ilə tanınır.

Bu arada Ukrayna prezidenti Petro Poroshenko MH17 reysinin vurulmasını 11 sentyabr və 1998-ci ildə Şotlandiyanın Lokerbi kəndi üzərində qəzaya uğramış Pan Am 103 reysinin partlayışı ilə müqayisə edib:

«Bu, bütün dünya təhlükəsizliyi üçün qlobal hədədir. Bu, sadəcə olaraq Ukrayna ərazisində baş verən münaqişə deyil».

DONETSK ÜZƏRİNƏ HÜCUM

Bu arada qiyamçıların istehkamı olan Donetsk şəhərində hökumət qoşunları ilə qiyamçılar arasında toqquşmalar baş verib.

Şahidlər bildirirlər ki, şəhər hava limanı və dəmir yolu stansiyası yaxınlığında zorakılıqlar qeydə alınıb.

Bəzi təhlilçilər bildirirlər ki, Ukrayna hökuməti Donetsk üzərinə baş həmləni çoxdan hazırlasa da, onu indi, Moskvanın güclü beynəlxalq təzyiqlə üzləşdiyi vaxtda başlayıb.

Təhlilçilər həmçinin vurğulayırlar ki, Rusiya prezidenti Vladimir Putin hazırda Moskva mühafizəkarlarının da təzyiqi altındadır və MH17 təyyarəsi ilə bağlı insident onun üçün ciddi problemlər yarada bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG