Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:30

Günel Mövlud. Kirayəşinlər


Günel Mövlud
Günel Mövlud

-

Adama deyərlər, qardaş, mən niyə pulunu ödədiyim evə sevgilimi gizlin gətirməliyəm? Niyə yalan danışmalıyam, niyə sevgilimi bacım kimi təqdim eləməliyəm?..

Günel Mövlud

KİRAYƏŞİNLƏR

İnsan bir az təmiz qalmalıdır. Bir az məsum, bir az sadəlövhlük saxlamalıdır içində.

İnsanı aldatmaq, ona yalan demək, nəyəsə inandırmaq asan olmalıdır.

Həyata, həyatın qəddarlığına məğlub olmayan insanlar məhz belə olur.

Onların içində insanlara, yaxşılıqlara, həyatda düz, dürüst adamların varlığına və bu adamların çox olduğuna inam olur. Yəni belə olmalıdır insan.

Amma adını unutduğum bir şair demişkən, həyat bizim barəmizdə çəkilmiş film deyil.

Onun imtahanlarından, ağır sınaqlarından çıxandan sonra bu sadəlövhlüyü, təmizliyi, inamı saxlamaq çətin, bəzən də imkansız olur.

Bu həyat imtahanlarından biri də Azərbaycanda kirayədə qalmaqdır. Bunun necə ağır sınaq, ağır həyat imtahanı olduğunu ancaq kirayədə yaşayanlar bilər.

Tutaq ki, siz ya gənc oğlan, ya da qızsınız və kirayədə qalmaq istəyirsiniz.

Tapdığınız evin sahibi sizi əvvəlcə şübhə ilə süzəcək, ona heç bir dəxli olmayan, etikadan uzaq, bəzən isə lap təhqiramiz suallar verəcək. Əgər bu uzun-uzadı sorğudan çıxa bilsəniz, evi verməyə razılaşsa, əvvəlcə sizə bir yığın şərt qoyacaq.

Evə qız (oğlan) gətirmək olmaz. Evdə qonaqlıq eləmək olmaz. Evə gec gəlmək olmaz. Evdə içki olmaz, siqaret olmaz. Evin pulunu üç ay əvvəldən verməlisən. Evdə heç nəyə toxunmaq olmaz. O olmaz, bu olmaz…

Evi kirayələdinizsə, ciddi problemlər başlayır. Ev sahibi istədiyi vaxt, xəbər etmədən evə gələ bilər. İçəri girən kimi evi, dolabları, soyuducunu axtara bilər. Guya sən evdə adam gizlətmisən. Dəxli olmayan suallar verə bilər.

Müxtəlif xırda şeylərlə bağlı iradlar tuta, məsləhətlər verə bilər.

Sən onun sərsəmləmələrinə itaətkarlıqla qulaq asmalısan, nə desə, razılaşmalısan. Bu hallar ev sahibinin vaxtının azlığından-çoxluğundan asılı olaraq, dəfələrlə təkrarlana bilər.

Qonşular sizə ev sahibliyi eləməyi özlərinə borc bilirlər. Rusiyada Putin ölkəni qarıların, «babuşkaların» əli ilə idarə edir. Ruslar zarafatla deyirlər ki, qapı ağzında tum çırtlayan nənələrin çoxu "KQB" agentidir.

Amma onlar yenə vəzifə borclarını yerinə yetirirlər. Bizim qonşular isə könüllü casusdurlar, bəzən qonşuya işləyirlər, bəzən də sırf maraqdan casusluq edirlər.

İnanın, hamısı sizi güdəcək. Sizdən ev sahibinə xəbərçilik edəcəklər. Qeybətinizi qıracaqlar, sorğu-suala tutacaqlar, əslinizi-nəslinizi araşdıracaqlar.

Harda işlədiyinizlə, maaşınızla, işdən nə vaxt qayıtmağınızla maraqlanacaqlar.

İşdi, bir dəfə evə gecə qayıtsanız, evə gəlməsəniz, niyəsini soruşacaqlar.

Sözün əsl mənasında sizi güdəcəklər. Evdən nə vaxt çıxdı, nə vaxt qayıtdı, yanında kim vardı, əlində nə vardı və s…

Yazıq kirayəşin gəncdisə, dost-tanışla vaxt keçirməyi sevirsə, məclis adamıdısa, işi zülüm olacaq. Evinə iki nəfər dostu-tanışı gələn kimi, qonşunun biri qapını döyüb, deyəcək ki, səs salırsınız, burada camaatın anası-bacısı var, sizə kim icazə verib, xalqın evində qonaqlıq düzəltməyə? Hələ birdən evə qız (oğlan) gətirmək, sevgilinizlə görüşmək istədiniz. Bütün qonşular sizi pusacaq, qabağınızı kəsib, yanınızdakının kim olduğunu soruşacaqlar. Gərək deyəsəniz ki, bacımdı, qardaşımdı, xalam qızıdı, əmim oğludu, dayım qızıdı…

Ev sahibi, qonşular, məhəllə oğlanları birləşib, yazıq gənci yalan danışmağa, yalançı olmağa məcbur edirlər. Özünə yalan danışmağı sığışdırmayan, dürüst adam yalan deməyə məcbur olur. Əks halda, nə qədər problem yaranacaq. Evə qız gətirən oğlanı döyəcəklər, sevgilisi ilə kirayə qaldığı evə gələn qızı saçlayacaqlar, ev sahibinə xəbərçilik edəcəklər, evdən çıxartdıracaqlar. Yazıq gənclərin başlarına oyun açacaqlar.

Belə hallarda bəzən iş absurda çatır. Bizim şairlərdən biri evə qız gətirirmiş. Həmişə kirayə qaldığı evə qızla gələndə qızı bacısı, əmisi qızı kimi təqdim edirmiş. Bir dəfə ev sahibi qəfil içəri girir və gənc şairi qızla öpüşən yerdə yaxalayır. Şair mexaniki olaraq, ev sahibinə deyir:

- Məllim, vallah əmim qızıdı!

Adama deyərlər, qardaş, mən niyə pulunu ödədiyim evə sevgilimi gizlin gətirməliyəm? Niyə yalan danışmalıyam, niyə sevgilimi bacım kimi təqdim eləməliyəm?

Niyə sən istədiyin vaxtda qapını açıb evə girməlisən? Bu nə tərbiyəsizlik, bu nə nadanlıqdı?

Mən sənin evində pulsuz qalmıram, evinin haqqını ödəyirəm. Haqqını ödədiyim müddətdə ev mənimdir. Sənin nə haqqın var burnunu mənim işlərimə soxursan?

Bizim evdar qadınların, məhəllədə duran oğlanların, domino oynayan kişilərin hiperavaralığı, hiperbekarçılığının nəticəsidir ki, saatlarla eyvandan, «besedka»dan, tindən qonşunu güdə, onun barəsində məlumat toplaya, qeybətini edə bilirlər. Kimdi, nəçidi, harda işləyir, bu adam onun nəyidi? Adama deyərlər, anam-bacım, atam-qardaşım, nəyinə lazımdı? Get öz işinlə məşğul ol, uşağını saxla, serialına bax, həyatını yaşa… Amma yox, azərbaycanlılar arvadlı-kişili binanın, məhəllənin, qonşuların namusunu qorumalıdır.

Hamısı avaralığın, bekarçılığın nəticəsidir. Kitab oxuyan, filmlərə baxan, ciddi işlə məşğul olan adamların belə şeylərə vaxtı qalmır. Bir az mütaliəli, ciddi adamlar qonşu güdməyi, qeybət eləməyi özləriə sığışdırmırlar. Belə adamların başqalarının şəxsi işinə ayırmağa vaxtları olmur. Oxumuş, savadlı adamlar öz vaxtlarına, əsəblərinə hörmət edirlər, onu boş yerə xərcləmirlər.

Gürcüstanda bir il kirayədə qaldıq. Həyat yoldaşımla birlikdə. Onda hələ evli deyildik. Ev sahibinin üzün görmədik. Evi bizə qonşu göstərdi. Heç bir sənəd, girov tələb eləmədi. Kim olduğumuzu, sevgili, nişanlı, yoxsa ər-arvad olduğumuzla maraqlanmadı. 100 dollar beh alıb, mebellə, qab-qaşıqla, müxtəlif əntiq əşyalarla dolu evin açarını bizə verdi. Bir il ərzində ev sahibi bircə dəfə də evə gəlmədi. Ayda bir dəfə zəng edib, bir problemimizin olub-olmadığını soruşdu. Bircə dəfə onunla görüşdük.

Zəng edib oğlunun dirijorluq edəcəyi konsertə bizim üçün bilet ayırdığını dedi.

Konsertə getdik və orada tanış olduq. O bir il ərzində azərbaycanlı dostların demək olar ki, hamısı bizə gəlib-getdi. Həftələrlə, günlərlə qalan oldu. Axşamlar məclislər təşkil etdik, zarafatlaşdıq, dedik-güldük. Bir qonşu qapını döyüb, demədi ki, səs salırsınız. Bir qonşu soruşmadı ki, bu gələnlər kimlərdi?

Bunların hamısı ona görə idi ki, ev sahibləri mədəni, ziyalı insanlar idi. Sənət adamının, mədəni insanın, evində kirayə qalan şəxslə düşmənçiliyi olmur. Onun işlərinə burun soxmur. Görməmiş kimi gündə evinə gəlmir. Məsələ bundadır.

Hər şeyi rejimin, hakimiyyətin üstünə yıxıb, məsuliyyəti öz üzərimizdən atmayaq. Rejim heç kimə demir ki, evini kirayələyən adamı güd. Onun həyatını zəhər elə. Şəxsi işlərinə qarış. Rejim heç kimə demir qonşunun casusu ol. Rejim sənə demir, avaralıq elə, kitab oxuma, qonşuya qənim kəsil...

XS
SM
MD
LG