Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

AzadlıqRadiosuna müsahibəyə görə təqib edildiyini söyləyir


Qadir Quliyev
Qadir Quliyev

-

Naxçıvanın Babək rayon sakini Qadir Quliyev AzadlıqRadiosuna müsahibələrinə görə təqib olunduğunu bildirir. İyulun 7-də ona bir neçə dəfə zəng edilərək Babək rayon prokurorluğuna çağırıldığını söyləyən Qadir Quliyev çağırış vərəqəsi göndərilmədiyindən bu dəvətləri qəbul etmədiyini deyir.

«RAMİZ SÜLEYMANOVUN ÖZÜ MƏNİ QƏBUL ETDİ...»

Naxçıvan sakini bildirir ki, iki gün sonra rayon polis idarəsinin əməkdaşları evə gələrək bu dəfə Naxçıvan Ali Məhkəməsi sədrinin onu çağırdığını deyiblər. O, bu dəfə də çağırış vərəqəsi tələb edərək, Ali Məhkəməyə getməkdən boyun qaçırıb. Daha sonra həmin idarə rəisinin müavini Novruz Rüstəmov evə gəlib:

«Novruz müəllim söz verdi ki, məni sağ-salamat aparıb, qaytaracaq. Dedim, axı mənim Ali Məhkəmədə nə işim var, niyə ora çağırırlar məni? Bilirdim ki, həm prokurorluğa, həm də məhkəməyə çağırılmağım verdiyim müsahibələrə görədir. Rəis müavini dedi ki, Vasif Talıbovun göstərişi ilə səni ora çağırıblar. Söhbət edib, buraxacaqlar. Həmin gün polislər qapıdan əl çəkmirdilər. Həyat yoldaşımın qorxudan vəziyyəti ağırlaşmışdı. Məcbur qalıb getdim. Ali Məhkəmənin sədri Ramiz Süleymanovun özü məni qəbul etdi. Dedi ki, sən AzadlıqRadiosundan əl çək, yoxsa yaxşı olmayacaq. Cavab verdim ki, məmurlar məni qəbul etsin, şikayətimə baxsın, mən də müsahibə verməyim».

«DEDİLƏR, BİR DAHA MÜSAHİBƏ VERSƏM...»

Qadir Quliyev deyir ki, söhbət zamanı ona problemlə bağlı məmurlarla görüşə bilmirsə, onların yaxınlarına üz tutmasını məsləhət görüblər:

«Müsahibələrimdə demişəm ki, Vasif Talıbovun müavini Mirhəşim Seyidovun təkcə bizim kəndimizdə 20 hektardan çox əkin sahəsi var. Məmurlar qorxudan gələn suyun hamısını onun sahəsinə verir, bizim sahələr susuzluqdan yanır. Ramiz müəllim dedi ki, sən müsahibə vermək yerinə, gedib Mirhəşim müəllimin anasının ayaqlarına sarılıb, ondan kömək istəməli idin. Dedim ki, mən heç vaxt, heç kimin qarşısında alçalmamışam və bunu da etməyəcəyəm. Mənim yeganə ümid yerim AzadlıqRadiosudur, ürəyimi ora boşaldıram. Sonda mənə xatırlatdılar ki, ehtiyatlı olum, övladlarım var. Dedilər, bir daha müsahibə versəm, Mirhəşim Seyidov məni məhkəməyə verəcək, həbs olunacağam. Mən də dedim ki, nə istəyirsiniz edin, yolumdan dönməyəcəyəm».

«SƏDR RAMİZ MÜƏLLİM ÇOX HUMANİST ADAMDIR...»

Babək Rayon Polis İdarəsi rəisinin müavini Novruz Rüstəmov Qadir Quliyevin evinə getməsi və onu Ali Məhkəməyə aparması ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəməyib.

Qadir Quliyevin yaşadığı Sirab kəndinin icra nümayəndəsi Qasım Qasımov da sualları cavablandırmaqdan yayınıb.

Naxçıvan Muxtar Respublika Ali Məhkəməsi Qadir Quliyevin iyulun 9-da ora gətirilməsini nə təsdiqləyib, nə də təkzib edib:

«Rəsmi qeydiyyata düşməyib. Ola bilsin ki, qeyri-rəsmi çağırılsın. Belə olsa da, ona heç bir təzyiq, yaxud təhdiddən söhbət gedə bilməz. Sədr Ramiz müəllim çox humanist adamdır».

«BİZ QANUNUN TƏLƏBLƏRİNİ YERİNƏ YETİRİRİK»

Babək Rayon Prokurorluğundan bir neçə gün öncə Qadir Quliyevə zəng edildiyini təsdiqlədilər. Prokurorun baş köməkçisi Vüqar Quliyev Qadir Quliyevi oğluna görə prokurorluğa çağırdıqlarını bildirdi:

«Onun oğlu hərbi xidmətə yararsız olsa da, hərbi komissarlıqda vaxtaşırı yoxlamadan keçməlidir. Komissarlıq onu tapa bilməyib deyə, axtarış üçün bizə müraciət edib. Biz də onun atasına zəng etmişik. Heç bir təzyiq ola bilməz. Biz qanunun tələblərini yerinə yetiririk».

Qadir Quliyev AzadlıqRadiosuna müsahibələrində yerli məmurlardan şikayətini dilə gətirib.

XS
SM
MD
LG