Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:29

Qadın ağacı sevdi...


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin finalçısından yeni hekayə

 

Hədiyyə   Şəfaqət

 

TƏŞƏKKÜR

(Hekayə)

                                          -1-

      

   Qadın  ilk əvvəl  onu  gördü. Səhərin  günəşi  qarşılamağa hazırlaşdığı  dəqiqələrdə eyvandan  ətrafa  nəzərlərini  dolandırdı  və  sağ  tərəfdə,  leysan  yağışından  sonra  guruldayan  səsindən  yatağını  bəlli  edən   dağ  çayından  yuxarıda, dağın  sinəsiylə  dolanıb  gedən  kənd  yolunun  qırağındakı  tənha  ağacı. 

   Gecəki  yağışdan  sonra  ətirli  külək  həyətdəki  ağacların  budaqlarını  sehirli  bir  rəqslə  qarışdırdıqca  düz  uçurumun  kənarında  bitmiş  ağacın  indicə  yerindən  çıxıb  aşağı,  kükrəyən  çaya  düşəcəyini  xəyal  etdi.

   Yarım  saat  keçdi  və  günəş  işıq  saçdı.  Uzaqdakı  tənha  ağacın yarpaqları    küləyin  təsiriylə  o  üz-bu  üzə  çevrilərək  günəşin  şəfəqləriylə  oynamağa  başladı.  Qadın  eləcə  baxırdı.  Ağac  yerində  möhkəm  dayanmışdı. 

      Əllərini    eyvanın  məhəccərindən  çəkib   həvəssiz-həvəssiz  mətbəxə  getdi.   Səhər  yeməyi  hazırlamalıydı..  Qab-qacaq  səsi   səhərin  huzurunu  qaçırırdı.  Anlamadığı  bir  boşluq  içində  saatlarca  oturmaq  istərdi.  Heç  kim  olmadan,  heç  nə  düşünmədən,  heç  kimi  görmədən  və  heç  nə  eşitmədən...

    Eyvana  qayıtdı. Kürsüyə  oturdu.   Masanın  üzərinə  ağ  süfrə  salınmışdı.  Çəngəl-bıçaq  parıldayırdı.  Gün  işığı  eyvanın  qarşısındakı  ağacın  yarpaqları  arasından  süzülərək  büllur  su  qabını  parıldadır,  yarımçıq  şərbətin  üzündə  gün  şəfəqləri  oynayırdı. Nəzərlərini  masadan  çəkib  uzaqlara  yolladı.  Dağ  yolunun  kənarındakı  ağac  ona  baxırdı.  Səbəbsizcəsinə  gözləri  doldu.

     Əri   otaqdan  çıxdı.  Qadını  masa  başında  görüb  sevindi,  yaxınlaşıb  onu  öpdü:

    -Bu    gün    daha  gözəlsən

    Zorla  gülümsədi.  Bu   şənləndirmə,  cəhdləri  ürəyini  ağrıdırdı.  İstəmirdi.  Heç  bura  gəlməklərini,  Bakının  səs-küyündən  qaçıb  sakitlik  tapmalarını,  səhər  yeməyinin,  günəşin  eyvanın  qarşısındakı  yarpaqlarda  şən-şən  gülümsəməsini,  küləyin  budaqlardakı  rəqsini,    heç  nə  istəmirdi. 

Uzun   müddət  davam  edən  müalicə  onu  sağaltsa  da,  həyatla  davası  vardı. Xəstaxana  palatasıyla  vidalaşıb   evinə  qayıdandan  sonra  dinməz-söyləməz,  adamayovuşmaz  olmuşdu.  Gününün  çox  hissəsini   ya  yatağında  uzanır,  ya  da  pəncərədən  küçəyə  boş-boş  baxmaqla  keçirirdi.  Qayıtdığını  eşidib  evə  gələn  dostların,  qohumların  hamısından  qaçıb  qurtarmaq  istəyirdi.  Adamların  nə  dediyi,  nə  danışdığı  onun  eyninə  də  deyildi,  nəsə  qarışıq  səslər  eşidir  və  susurdu.

     İki  gündür  şəhərin  səs-küylü   boğanağından  çıxıb  bu   uzaq,  qədim  şəhərə gəlmişdilər.  Əri  evi  iki  aylığa   tutmuşdu. Həkimlər   onun  uzun  sürən   müalicədən  yorulduğunu,  təmiz  havadan,  təbiətlə  təmasdan,  sakitlikdən,  istirahətdən  sonra   yaxşılaşacağını  demişdilər.  Son  dəfə  onu  müayinə  edən  qoca  həkim  təzyiq  ölçəni  çantasına  yerləşdirə-yerləşdirə  zarafat  etməyi  də  unutmamışdı: “Gözəl  xanım,  Tanrı  sizi  gözəlliklə,  zövqlə  və  belə  yaxşı  həyat  yoldaşı  ilə  mükafatlandırıb.  Tez  sağalın,  bu  dəfə  hər  şey  sizdən  aslıdır.” 

    Əri  narahat  olmağa  hazırlaşmırdı.   Bütün  bunları  onun  uzun  müddət  dərmanların  təsirində  qalmasından  görürdü.  Xəstəxana  dəhlizlərində  gecələmələr,  nigarançılıqlar,  ağrılar  və  qorxular  geridə  qalmışdı.  Gözəl  qadını  sağ  idi,  onu  ölümün  pəncəsindən  zorla  dartıb  qoparmışdı,  hər  şey  yaxşı  olmalıydı...

      Qadin  gülümsədi...  Xəfifcə...  Lakin  ərinin  gözündə  bu  böyük  uğur  idi.  Fincanlara   çay  süzdü,  çörək  dilimini  əlinə  aldı:

      -Xanım  nə  buyuracaq?!

      “Xanım”   gözlərini   uzaqda  parıldayan  ağacdan  çəkmədən  cavab  verdi:

       -Heç  yemək  istəmirəm

       Kişinin  üzü  kölgələndi.  Çörək  dilimini  süfrəyə  qoydu,  qadının  əlini  əlinə  aldı,  dodaqlarına  yaxınlaşdırdı:

    -Əzizim...

     Susdu,  yadına  saldı  ki,  peşəkar  fotoqraf-rəssam  olan  xanımı  bir  ay  əvvəl    sərgi  təklifini   çox  qəribə  laqeydliklə   rədd  etmişdi.  Kişi  donub  qalmışdı,  o  ki  bunu  illərlə  arzulayıb  dururdu?   “Hər  şey  yaxşıdır,  lap  az  qalıb,  lap  az”...

    -O  ağacı  görürsən?

    Kişi  duruxdu.  Baxışlarını  qadının  baxdığı  yerə  yönəltdi.  Hə,  orda  bir  ağac  vardı.  Tənha  və  böyük.  Bu  uzaqlıqdan  belə  sağlamlıq  dolub  daşırdı  ağacdan. Arvadına  baxdı,  qadının  üzü  üzüntülü  idi.  Nəsə  deməli  olduğunu  hiss  edirdi,  amma  bilmirdi məhz   bu  anda  nə  deməlidir.  Amma  susmamalıydı,  danışmaq  üçün  bəhanə  vardı:

    -Qəribədir,  bu  yerlərdə  meşələrdəki,  dağlardakı  ağacları  qırıb   qırıb  odun-oduncaq  edirdilər,  yandırırdılar   bir  müddət  əvvələdək.  İndi-indi  qorumağa  başlayıblar.  Bəxti  gətirib,  ona  toxunmayıblar

    Qadının  üzü  tutuldu. 

   -Gözəl  ağacdır,  gözəlliyinə  qıymayıblar  yəqin...

   Qadın   bu  sözləri  qulaqardına  vurdu.  Gözünü  uzaqdakı  ağaca  çevirib  dayandı. Qəribə  bir  sehri  vardı   ağacın.  Yolun  salındığı   uçurumun  kənarındaca  dayanmışdı.  Heç  əyilməmişdi  də,  küləklər,  tufanlar  tənhalığına  rəğmən  ona  ziyan  toxundura  bilməmişdilər.  Ağacların  qırılıb  kəsildiyi  zamanlarda  belə  göz  önündə  dayanmışdı.  “Bəlkə  də  çox  həyəcan  keçirib?  Bəlkə  elə  indi  də  yanından  əli  baltalı  adam  keçəndə  diksinir,  ürəyi  əsir?  Bəlkə  heç  gecələri  yata  bilmir  səhəri  aça  bilməz  deyə?  Amma  oyaq  qalması  nəyi  dəyişəcək?  Lap  deyək   bir  əli  baltalı  gəlib  kəsməyə, budamağa  başladı, qolunu-budağını  çırpdı  onu  yıxmaq  istəyın  tufanın  sifətinə,  hə,  nə  olacaq  ki?”   Sarsılmışdı...  Ağac  gözəl  idi,  sağlam  idi,  ucaboylu  idi,  amma  köməksiz  və  tək  idi.  Ağacdan  həyat  eşqi  daşıb  tökülürdü,  amma  tənha  idi... 

     Ərinə  baxdı.  Sakitcə  oturub  peşman  və  ümüdlü  gözlərini  onun  üzündən  çəkmirdi.  Qadın  aylardan  bəri  ilk  dəfə  sarsıldı,  qəlbini  qəribə  bir  üzüntü  doldurdu,  aylar  sonra  ilk  dəfə  fərqli  bir  şey  düşündü.  O  ağac  kimi  qadın  da  təhlükədəydi,  amma  tək  deyildi,  əlini  onun  əlindən  bir  an  da  çəkməyən,  bir  kiçik  gülümsəməsiylə  xoşbəxt  olan,  onu  qoruyan,  bəzən  əl  açıb  Tanrıya  yalvaran,  bəzən  ona  qəzəblənən  o  vardı,  insan  vardı...  Aylardı  yanındakı  bu  insanı,  bu  kişini,  ərini  necə  də  unutmuşdu,  onun  acılarını,  sevgisini,  uçurum  kənarındakı  dayanışını  necə  də  görməzlikdən  gəlmişdi?...

      Ürəyi  quş  kimi  çırpındı,  gözləri  doldu,  iki  damla  göz  yaşı  süzülüb  üzü  aşağı  axdı.  Əri  çaşqın-çaşqın,  bir  az  da  qorxmuş  halda  ayağa  qalxdı,  onu   da  qaldırdı,  üzünü-üzünə  söykədi.  Qadının  göz  yaşının  axıb  getdiyi  yer  nəm  və  isti  idi. 

    -Əzizim  ,  hər  şey  yaxşı  olacaq,  mən  səninləyəm,  mən  yanındayam...

    Və  anlamadı  ki,  niyə  qadın  bir   andaca  bu  cür  hönkürdü,  qollarını  niyə  bu  cür  onun  boynuna  dolayıb  bu  cür  ona  qısıldı.  Necə  oldu  ki,  bu  cür  titrək-titrək  “səni  sevirəm”  deyə  bildi..  Kişi  onu  özündən  araladı,  bir  an  beynindən  ildırım  sürətiyə   “bu  nə  fikirləşir,  bəlkə  özünü  öldürmək  istəyir?”  deyə  keçirdi.  Qadının  gözləri  dolu-dolu  baxırdı,  od  vardı,  həyat  eşqi  peyda  olmuşdu  gözlərində.  Onu  təkrar  qucaqlayıb  bağrına  basdı...

                                                          -2-

      Qadın  ağacı  sevdi...

                                                           -3-

      Günlər  qəribə  bir  sakitlik  içində  keçib  getməyə  başladı.  Sübh   tezdən  süd  satan  qadın    qapını astaca  daqqıldadaraq  həyətə  girir,   süd  və  qatıq  bankalarını   pilləkənin  ayağına  qoyur,  boş  bankaları   götürüb  gedirdi.   Səhərin  sərin  havasında   çay  dəmləyir,  eyvandakı  masanın  ətrafında  əyləşir,  səhər  yeməyi  yeyir,  kitab  oxuyur,   günəşin  doğub  qarşıdakı  evlərdən  onların  eyvanına  boylanmasını  gözləyirdilər.  Aydın  havalarda    uzaqlarda  Murov  dağının  qarlı  zirvəsi  işıldayırdı.   Görməsə  də  bilirdi  ki,  sağ  tərəfdə  dəli-dolu  dağ  çayı  var.   Qədim  şəhəri  qabağına  qatıb  ordan-bura,  burdan-ora  qaçıran  çay. 

       Arabir  yağan  yağışlar  onları  eyvandan  qovub  otağa  salırdı.  Kiçik  mətbəxtin  küçə  pəncərəsini  yağış  damlaları  döyür,  küçədən  maşın  təkərlərinin  suyu  necə  bölüb  keçdiyi  eşidilirdi.  Elə  günlərdə  dağ  çayı  yatağından  çıxır,  elə  guruldamağa  başlayırdı  ki,  elə  bil  düz  həyət  hasarının  dibiylə  axırdı.

       Sonra   hava     təmizlənir,  uzaqlarda    sürünüb  gedən  duman   gözəl  mənzərə  yaradır,  qarşıdakı  uzaq  kəndlərin  sinəsinə  sığındıqları  alçaq  dağların   başındakı  topa-topa  buludlar  da  son  damlalarını  yer  üzünə  yollayıb  əriyib  gedirdilər. 

        Bu  yerlər  onu  darıxdırmadı.  Bir  həftə,  iki  həftə.   Qəribə  sakitlik  onu  ovsunladı.   Kiçik  bağçadakı    çiçəkləri  suvarır,   televizora  baxır,  internetdə  məktublaşır,  axşamtərəfləri  isə  şəhəri  gəzməyə  gedirdilər.  Qədim  tikililər,  kərpic  körpülər,  daş  döşəli  dar  küçələr. Arabir  də  gecənin  bir  vaxtınacan  küçədə  oturub  şirin  lıhcələri  ilə  söhbətləşən  qadınlara  qoşulurdu.    İlk  zamanlar  onların ləhcəli   danışığını  çox  da  başa  düşmürdü.  Qadınlar  onu  sorğu-suala  tutur,  uşaqlar  yanını  kəsdirib  dayanır,  qəribə  bir  maraqla  ona  daha  yaxın  olmaqlarıyla  fəxr  edirdilər.

     Bu  günlərdə   yanından  ayrılmayan  bir  əşyası  vardı-fotoaparatı.  Hər  şeyi  acgözlüklə  çəkirdi.  Söhbərt  edən  qadınları,  şirniyyat  yeyən  uşaqları,  dibçək  güllərini,  dağ  yollarını,  bulaqları,  daşları,  qədim  əl  işi  olan  həyət  qapılarını,  yerli  sənətkarların  yaratdıqları  əsərləri,  ev  əşyalarını,  küçələri,  dalanları..  İlk  görünüşdə  onu  darıxdıracağını,  bezdirəcəyini  düşündüyü  kiçik  şəhər  ürəyini  açıb  ona  təslim  olmuşdu.  O  isə  bu  kiçik  şəhərin  içindəki  dərinliyə  heyrət  içində  dalırdı...

                                                                    -4-

     Ağac  illər  əvvəl  harda  göyərib  boy  atmışdısa  orda  da  dayanmışdı.  Qadın  hər  səhər  oyanan  kimi  eyvana  çıxır,  onunla  salamlaşır,  dodağının  altında   ən  gözəl  dualarını  pıçıldayırdı.    Axşamlar  hardan  qayıdır  qayıtsın,  yatağına  getməmişdən  əvvəl  onunla  sağollaşırdı...

    Kişi    qadını  seyr  edir,  gülümsəyirdi.  Könül  dolusu  sevinirdi.  Arvadının  günbə -gün,  saat-ba-saat   yaxşılaşdığını  hiss edirdi.  Qadının  cingiltili  gülüşləri  həyəti,  evi  doldurmuşdu.  “Təmiz  hava,  təmiz  su,  təmiz  qida”...  Kişi  təbiətin  möcüzələr  yaratdığına  inanırdı.  Qadının  tənha  ağaca   bağlılığı  onun  üçün  növbəti  uşaq  şıltaqlığı,  qəribəliklərindən  biri  kimi  gəlirdi.  Ağac  ağacdır,  durub  öz  yerində,  olmasaydı  da  olmayacaqdı...

     Kişi  bu  şəhərə  gəldiklərinin  ikinci  səhəri  eyvanda  baş  verənləri  öz  dünyasının  qəbul  edəcəyi  kimi    xatırlayıb  qiymətləndirirdi  və  onun  romantikadan  və  sentimentallıqdan  çox  uzaq  olduğunu  yaxşı  bilən  arvadı   da  özünü  məhz  elə  aparırdı-  Tibb  və   təmiz  hava,  sular  və  qidanın  sağaltdığı  xəstə  kimi...

                                                                  -5-

        Qayıtmaq  zamanı  yetişirdi. 

       Qadın  çantaları  yığışdırmağa  başlamışdı.  İndi  eyvandan  sağ  tərəfə,  ağacın  olduğu  tərəfə   günahkar-günahkar  baxırdı.  O  gedirdi,  bu  yerlərin  qəfil  qonağı.  Bir  də  gələcəkdirmi?  Ağac  yolunu  gözləyəcəkdi.  Onun  eşidə  bilmədiyi  dildə  budaqlarını  yelləyib  yarpaqlarını  dilləndirəcəkdi.  Bir  azdan  payız  gələcəkdi,  qızılı  donunu  geyinib  duracaqdı  ağac.  Sonra  qar  yağacaqdı,  deyirdilər  bu  yerlərin  qışı  çox  sərt  olub.  Amma  ağac    yaş  yetirmişdi,  qara-qışa  təslim  olacaq  kimi  görünmürdü...

 

                                                           -6-

      ...Birdən - birə  od  aldı,  Dibindən,  kökündən.  Sonra  alovlar  dil-dil  yuxarı  sarışdı.  Budaqlara  dolanıb  yarpaqlara  yayıldı.  Ağac  uzaqdan  od  topasına  döndü.  Yanan  yarpaqların  ətri  oduncaq  ətrinə  qarışdı.  Qəfil  qalxan  külək  ağacı  kökü  üstə  yellədi.  Ağac  məşəl  kimi  havada  rəqs  eləməyə  başladı.  Alov  səmadan  yapışan  əllər  kimi   yuxarı  doğru  uzanmağa  başladı.

     ... Qadın  dəli  kimi  çığırıb  yerindən  dik  atıldı.  Ürəyi  yerindən  çıxırdı.  Əlini  sinəsinin  üstünə  qoyub  sanki  ürəyini  yerinə  salamq  istədi.  Kişi  qışqırtıdan  hövlank  oyanıb  onu  tər-su  içində  gördü,   qadın  tir-tir  əsirdi.  Durub  tələsik  su  gətirdi,  qadını  sakitləşdirdi,  suyu  zorla  dodaqlarına  yaxınlaşdırıb   içirdi:

     -Oldu,  oldu,  yuxu  görürdün,  yuxu  idi,  sakitləş...

     Qadın  gözləri  böyümüş  halda  üstündəki  adyalı  bir  tərəfə  atdı,  yüyürüb  eyvana  çıxdı.  Sakit,  qaranlıq  gecəydi.  Ay  işığı    dağların  qaranlığında  gizlənmişdi.  Ulduzlar  işım-işımdı.  Qadın  eyvandan  sağa  boylandı.  Qaranlıqda  heç  nə  görünmürdü.  Dərindən  nəfəs  aldı.  Kişi  ona  yaxınlaşdı,  jaketi  qadının  çiyninə  atdı:

     -Soyuqdur...

     Qadın    kürsüyə  çökdü.  Əli  hələ də  sinəsində  idi.  Köksü  qalxıb-enirdi:

    -Yanırdı!

     Kişi    istəmirdi  qadının  kefinə  dəysin,  kəlmələrini  ehtiyatla  seçə-seçə  pıçıldadı:

    -Özün  gördün,  heç  nə  olmayıb,  yansaydı  burdan  görünərdi,  gedək  otağa,  soyuqlayacaqsan...

   Bir  an  susdu,  sonra  sanki öz-özüylə:

   -Əgər  o  bir  ağac  olmasaydı  səni  ona  qısqanardım-dedi..

    Qadın  yerindən  qalxıb  otağa  yönəldi,  son  anda  yenə  də  üzünü  çevirib  ağac  səmtə  baxdı:

    -Yox,  çox  gözəldir,   o  bir  qadındır,  görmürsənmi? 

    Sakitliyi  dağ  çayının  şırıltısı  pozurdu...

     Səhərin  ilk  şəfəqləriyə    oyanan  qadın  eyvanda  dayanıb  şıltaq-şıltaq  nazlanan  ağaca  baxırdı,  Ağac  gecəki  əhvalatdan  xəbərsizdi,  yoxsa  bir  az  utanıb-çəkinər,  özünü  yığışdırardı...

 

                                                         -7-

      Vaxt  tamam  oldu.  Əşyaları  yığışdırdılar.   Son  dəfə  eyvanda  oturub  axşam  çayını  içdilər.  Səhər  tezdən,  hava  işıqlanmamış  yola  çıxmalıydılar.

     Qadın  kədərli  gözlərini   solğunlaşmaqda  olan  səmada,  yarpaqları  adda-budda  saralmaqda  olan  tut  ağacında,   qarşıdakı  evlərin  damlarında  gəzdirib   get-gedə  düşən  qaranlığın  yox  etməyə  başladığı  ağacın  üstündə  saxladı:

     -Bilirsən,  sabah  o  ağacı  ziyarət  etmədən  qayıdammaram...

      Kişi   bunu  gözləyirdi  əslində:

      -Yaxşı,   gedərik

      Ağaca  minnətdarlıq  etmək  istəyirdi.  Həssaslığı  yaraşırdı  ona,  gözlərinin  yaşarması  da.   Sağlam  idi,  həyatı  sevirdi,  indi   kədərlənmək  də  olardı.

     Qadın  qəlbinin  dərinliyində  inanırdı  ki,  ağac  onu  gözləyir...

 

                                                     -8-

      Bu  o   ağac  idi.   Budaqları  şümal,  yarpaqları  sağlam,  fərəh,  coşqu  doluydu.   Düz  yolun  kənarında,  dərin  uçurumun  kənarında  bitib  böyümüşdü,  Gözəlliyinə  və  zərifliyiylə  uyuşmayan  qüvvətli  kökləri  sıldırım  enişə  bərk-bərk  bağlanmışdı.

     Qadın  maşından  düşüb   dayandı,  ömründə  bu  cür  dil  açıb  danışan  gözəllik  görməmişdi.  Ağac  bütün  əzəmətiylə  onu  çəkib  gətirmişdi  və  azacıq  işıqlanan  səhərin  sərin  mehində  nazlana-nazlana  yuxudan  oyanırdı.

     Ərinə  gəlməməsini  işarə  elədi.  Ağaca  yaxınlaşdı.  Əllərini  uzadıb  gövdəsini  qucaqladı.  Üzünü   hamar  qabığına  söykədi.  Ürəyi  bərk-bərk  döyündü,  ağac  qeyri  adi  sehriylə  onun  qarşısındaydı,  bəlkə   də  bunu  o  öz  içində  inanıb  tutunması  üçün  yaratmışdı. Amma  ağac  vardı,   ilk  gündəncə  budaq   əllərini  uçurumun   bu  tayından  o  tayına  uzadıb  qadının əllərindən  yapışmışdı,  onu  yıxılmağa,  ruhdan  düşməyə  qoymamışdı...

     ...Kişi  gizlicə  fotoaparatı  maşından  götürdü,  əllərini  ağacın  gövdəsində  gəzdirən,  sanki  ondan  halalıq  alan  qadının  şəklini  çəkdi,  işıq  bir  anda  yanıb  söndü,  qadın  ərinə  tərəf  məzəmmətlə  boylandı,  “Onu  diksindirdin”-dedi.  Kişi  gülümsədi,  “Sənin  gələcəyini  bilirdi,  çoxdan  oyanıb”...

      Hava  işıqlanır,  şəhərin  görüntüsü  aydınlanırdı.  Qadın  son  dəfə  əllərini  ağaca  çəkib  gövdəsinə  bir  öpücük  qondurdu,   “Təşəkkür  edirəm,  təşəkkür  edirəm”-  deyə  pıçıldadı  astaca...

    ...Hər  şey  bir  anda  oldu,  qadın  asfalt  yola  ayağını  qoyar-qoymaz   döngədən  çıxan  iri  yük  maşınının  gürültusu  qarşısında   donub  qaldı,  sonra  üstünə  gələn  təhlükəni  ildırım  sürətiylə  hiss edib,  geri   çəkildi,  kürəyini    ağacın  bir  az  əvvəl  qucaqladığı  gövdəsinə  söykədi...  Maşının  kabinəsindəki  yad  adamlar  qadına  təəccüblə  baxdılar..

    Kişi  özünü  qadına  tərəf  atdı,  dodaqları,  əlləri  əsirdi,  muncuq-muncuq  tər  damlaları  alnında  purçumlanmışdı.  Qadını  qucaqlayıb  sinəsinə  sıxdı:

    -Qorxma,  qorxma,  keçdi-dedi  və  ondan aralanıb  əlindən  yapışdı,  yolu  keçirib  maşının  yanına  gətirdi,  su  çıxardı,  ovuclayıb  qadının  üzünə-gözünə  vurdu,  içməyə  məcbur  elədi.  Hər  şey  bir  anda  olmuşdu,  yük  maşını  elə  bil  heç  qarşısına  çıxan  qadını  fərqinə  varmadan  keçmiş,  arxasında  dəhşətli  qorxu  qoyub  uzaqlaşmışdı...

    Qadın  maşına  əyləşdi,  kişi  sakitləşdi,  sudan  bir  neçə  udum  içib,  keçib  oturdu,   qadın  son  dəfə  çevrilib  uzaqlaşmaqda  olan  ağaca  baxdı... 

 

                                                  -9-

       Yük  maşınındakı  iki  kişi   bir  birinə  qəribə  nəzərlərlə  baxdılar:

      -Gördün?-sürücü  dilləndi

      -Gördüm-cavab  verdi  yanındakı...

      -Neçə  ildi  bu  yoldan  keçib  gedirəm,  hələ  gözümə  dəyməyib,  sən  bir  işə  bax!

      -Hə,  gördün  nə  boydaydı?

     -Gördüm,  gördüm- şaqqanaq  çəkib  güldü-əsl  biz  axtaran  materialdır,  elə  indiyədək  görməmişik  deyə  o  boyda  olub  da...

     -Hə,  qadın  onu  ələ  verdi.  Görəsən  səhərin  bu  vaxtında  nə  axtarırdılar  orda?

    Yanındakı  çiyinlərini  çəkdi...

 

                                                     -10-

       ..Gecənin  azacıq  ay  işıqlı  qaranlığında  kişilər  yük  maşınından  endilər.  Əllərindəki   elektrik  mişarını  işə  salıb  ağacın   gövdəsinə  dayadılar...

 

                                                    -11-

      ...Uzaq  şəhərin  sayı  bilinməyən  mənzillərindən  birində  qadın   rahat  yatağında   səhər yuxusunu   alırdı.  Kişi  bir  az  əvvəl  oyanıb  gözəl  arvadının   allanmış  yanaqlarına  baxır,  gülümsəyirdi...

    Çarpayının  yanındakı  kiçik  dolabın  üstündəki    yamyaşıl,   yaraşıqlı,  canlı  ağacın  çərçivələnmiş  şəkli   onlara  tərəf  baxmamağa  çalışırdı...

 

2014

XS
SM
MD
LG