Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:55

«Dərələr heyvan cəsədləriylə doludur»


Ölü inək
Ölü inək

-

Gözlə

No media source currently available

0:00 0:02:09 0:00
Direct-ə keçid

Naxçıvanın Kəngərli rayonunda mal-qara arasında naməlum yoluxucu xəstəliyin yayıldığı bildirilir. Rayon sakinlərinin sözlərinə görə, xəstəlik sürətlə yayılsa da, baytarlıq idarələri reaksiya vermir. Baxımsızlıq ucbatından artıq ölən mal-qara da var.

«KƏNDİN HƏR 10 İNƏYİNDƏN 7-Nİ...»

Sakinlər deyir ki, xəstəlik ən çox İranla sərhəddə yerləşən Şahtaxtı kəndində yayılıb. Kənd sakini Əjdər Hacıyev 8 baş mal-qarasının birində xəstəlik aşkarlandığını bildirir. O, xəstəliyin digər heyvanlara da yoluxacağından narahatlığını dilə gətirir. Əjdər Hacıyev kənd sakinləri ilə birlikdə bir neçə dəfə Naxçıvan Muxtar Respublika və Kəngərli rayon baytarlıq idarələrinə üz tutduğunu, amma müraciətlərin cavabsız qaldığını söyləyir:

«Deyirlər, pul verin, gəlib baxaq. Guya, korrupsiyaya qarşı mübarizə aparılır, niyə pul verməliyəm? Onların borcudur ki, xəstəliyin qarşısını alsınlar. Kəndlərdə cins heyvanları artırmaq üçün uğursuz süni mayalanma kampaniyası aparırlar, nəticəsi də olmur. Mənim xəstələnən cins erkək malım kəndin hər 10 inəyindən 7-ni təbii yolla mayalandırır. Özləri maraqlı olmalıdır ki, bu mal ölməsin. Ancaq xəstə buğaya baxmağa baytarlar pul istəyir. Bütün qazancım bu heyvanlardadır. O biri inəklər də yoluxsa, bataram. Kənddə xeyli heyvan xəstəlikdən qırılıb. Dərələr heyvan cəsədləriylə doludur. Vasif Talıbov heyvandarlığın inkişafını həmişə diqqətdə saxlayıb. Yəqin onun bu işlərdən xəbəri yoxdur».

«QORXURAM XƏSTƏLİK MAL-QARADAN BİZƏ DƏ KEÇƏR...»

Məmurların basqısından çəkinən və bu üzdən adının çəkilməsini istəməyən digər rayon sakini isə heyvanlar arasında yayılan xəstəliyin ailə üzvlərinə keçəcəyindən narahatdır:

«Xəstəlikdən 2 inəyim tələf olub, o birilər də ölmək üzrədir. Gəlib maraqlanan yoxdur. Heyvanlar bir tərəfə, indi mənim özümdə və uşaqlarda qızdırma başlayıb. Qorxuram ki, bizə də keçər. Dərdimizi kimə deyək, bilmirik».

«OLA BİLSİN Kİ, MÖVSÜMLƏ ƏLAQƏDAR QIZDIRMA XƏSTƏLİYİDİR»

Naxçıvan Muxtar Respublika Baytarlıq İdarəsinin həkimi Kamil Qurbanov bildirir ki, heyvanlar arasında yayılan xəstəliyik infeksion olmadığından narahatlığa əsas yoxdur:

«Yalan söhbətdir. Biz heç kimdən pul istəmirik. Ola bilsin ki, mövsümlə əlaqədar qızdırma xəstəliyidir. Bu, infeksiya deyil. Gənədən, ağcaqanaddan keçir. Bu dəqiqə muxtar respublikada vəziyyət sabitdir. Şahtaxtı kəndindəki heyvanlara da baş çəkmişik. Yenə gedib baxacağıq».

XS
SM
MD
LG