Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:05

Məzhəb savaşı? [Video]


-

Sabirabadda və Müşfiqabadda baş verənləri hüquqşünas Ələsgər Məmmədli və dindarlar – Şahin Həsənli ilə Qamət Süleymanov müzakirə edirlər.

Mövzu ilə əlaqədar oxu: Sabirabadda saqqal davası araşdırılır

«BAŞ VERƏNLƏR XIRDA, MƏİŞƏT SƏVİYYƏSİNDƏ MÜNAQİŞƏ DEYİL»

Ələsgər Məmmədli hesab edir ki, hadisəyə düzgün hüquqi qiymət verilməlidir:

«Sabirabadda baş verən hadisə sıradan bir hadisə deyil. Bu hadisənin təxribata çəkmə olduğu qənaətinə gələ bilərik. Təxribatçı bir şəxs digər bir şəxsi təhqir edir, saqqalını kəsir. Azərbaycanda saqqal, bığ həm də namus, qeyrət kimi mənalandırılır. Azərbaycan vətəndaşı öz ölkəsində istədiyi şəkildə gəzə, istədiyi bölgəyə gedə bilər. Sıradan bir vətəndaş başqa bir vətəndaşa qadağa qoya bilməz. Bu hadisə xuliqanlıq, xırda məişət zəminində münaqişəyə bənzəmir. Hadisənin iki şəxsin münaqişəsi zəminində baş verib deyilməsi hüquqi qiymətləndirmə deyil. Baş verənlərə hüquqi qiymət verilməlidir ki, daha da dərinləşməsin. Ümumilikdə, Azərbaycanda dini qarşıdurmalar yox səviyyəsindədir. Xırda qarşıdurmalar ola bilər. Ancaq kütləvi şəkildə məzhəb münaqişəsi yoxdur».

«AZƏRBAYCANDA DİNİ QARŞIDURMA MÜMKÜN DEYİL»

Şahin Həsənli baş verənlərin dini zəmində qarşıdurma saymır:

«Bu hadisə birmənalı şəkildə pislənməlidir. Hüquqi dövlətdə belə addımların atılması yolverilməzdir. Təqsirkarlar cəzalandırılmalıdır. Mən bunu məzhəb qarşıdurması hesab etmirəm. Baş verənlər dinə o qədər də bağlı olmayan insanlar tərəfindən yaradılmış hadisədir. Videoda söyüşlərdən də hiss olunur ki, təqsirkar dini dəyərlərə bağlı bir insan deyil. İnsanlarda saqqallı kəslərə qarşı bir xof var, ehtiyat var. Bu baxımdan belə şəxslərə cəmiyyətdə neqativ münasibət var. Azərbaycanda dini qarşıdurma mümkün deyil. Ölkədə oturuşmuş, dinlərarası münasibətlər var. Bu tipli hərəkətlərin həddən artıq şişirdilməsinin, uzadılmasının, yanlış informasiyaların yayılmasının tərəfdarı deyiləm. Kimsə sosial şəbəkələrdə hər hansı statusu yazırsa, mətbuat bunu hər hansı bir cərəyanın fikri kimi tirajlamamalıdır».

«İNSANLARDA FİKİR YARANIB Kİ, SAQQAL SAXLAYAN ƏHLİ-BEYT DÜŞMƏNİDİR»

Qamət Süleymanov məscidlərdə təbliğatın düzgün aparılmadığını deyir:

«Bu cür problemlər ara-sıra baş verir. Ola bilər ki, daha əvvəl belə hadisələr bu qədər ictimailəşdirilməyib. Zərərçəkən şəxs başına gələnləri polisə deməmişdi. Videonun yayılması hadisənin açılmağına səbəb oldu. İnsanlarda belə bir fikir yaranıb ki, kim saqqal saxlayır əhli-beyt düşmənidir. Bu da məscidlərdə təbliğatın yanlış aparılmasının nəticəsidir. Baş verənlər, sadəcə, qurulmuş bir plandır. Bu məsələdən istifadə edənlər ola bilər. Bu cür hadisələr pislənməlidir, qarşısı alınmalıdır».

XS
SM
MD
LG