Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:34

Yaxın Şərq məzhəbçiliyi Azərbaycanda əks-səda verir


İraqın Kərbəla şəhərini qoruyan silahlılar
İraqın Kərbəla şəhərini qoruyan silahlılar

-

Cornegie Moskva mərkəzinin saytında dərc olunan yazıda tanınmış şərqşünas Bayram Balcı və jurnalist Kənan Rövşənoğlu yazırlar ki, 19-cu əsrdən bu yana nə sünni Osmanlı İmperiyası, nə də şiə İran Azərbaycan üzərinə tutarlı məzhəb təsiri göstərə bilməyiblər, çünki həmin vaxt Azərbaycan bütün Cənubi Qafqazla birlikdə başqa bir imperiyanın – Rusiyanın nəzarətinə keçib.

Üstəlik, 1828-ci ildən 1991-ci ilədək sürən rus-sovet hegemonluğu əhalisinin 65 faizini şiələr, 35 faizini isə sünnilər təşkil edən ölkədə dünyəviliyin və maarifçiliyin bərqərar olmasını təmin edib.

Nəticədə azərbaycanlılar üçün ümumilikdə İslam, ayrılıqda isə sünni-şiəlik əhəmiyyətli problem sayılmayıb.

SÜNNİ-ŞİƏLİK GÜNDƏMƏ QAYIDIR

Müəlliflər yazırlar ki, bununla belə, Azərbaycan müstəqil olduqdan sonra onun və əhalisinin ətraf müsəlman dünyası ilə əlaqələri açılıb və genişlənib və bu proseslə yanaşı adamlar sünnilik və şiəliyin fərqi barədə düşünməyə başlayıblar.

Məqalədə deyilir ki, Sovet İttifaqının çöküşündən sonra bir tərəfdən Azərbaycanda İslamın canlanması prosesi gedir, digər tərəfdən isə İran, Türkiyə və Ərəb ölkələrindən gələn təsirlər artıb.

Bu təsirlər nəticəsində Azərbaycanda vaxtilə aşılanıb yox olmuş sünni-şiə bölgüsü yenidən gündəmə gəlib.

Müəlliflər yazırlar ki, bu müddət ərzində azərbaycanlıların yeni nəslinin bir qismi Türkiyənin açdığı sünni yönümlü məktəblərdə, digər qismi isə İranın Qum və Məşhəd kimi şəhərlərindəki mədrəsələrdə təhsil almağa başlayıblar.

AZƏRBAYCANLILAR CİHADIN İKİ CƏBHƏSİNDƏ

Məqalədə bildirilir ki, yeni prosesi həmçinin müsəlman dünyasının özündə gedən proseslər, məzhəblərin daha da parçalanması, radikallaşması və Sələfilik kimi cərəyanların ortaya çıxması mürəkkəbləşdirib.

Bəzi məlumatlara görə, hazırda Suriya ordusuna qarşı döyüşən qiyamçıların sıralarında 300-dək Azərbaycan vətəndaşı var.

Onların əksəriyyəti İraq və Şamın İslam Dövləti (İŞİD), qalanları isə Cəbhət ən-Nüsrə sıralarındadır.

Belə xəbərlər də var ki, azərbaycanlılar Suriyadakı şiə birləşmələrinə də qoşulublar.

İRAQ VƏ AZƏRBAYCANIN DİNİ BƏNZƏYİŞİ

«İŞİD-in qəflətən ortaya çıxması və Mosulu zəbt etməsi Suriyadan çox İraq barədə nigaran olan Azərbaycanın şiə liderlərinin əndişəsinə səbəb olub. Əlbəttə, Azərbaycan İraqa daha çox bənzəyir. Dini baxımdan da Azərbaycan və İraq şiələri yaxındırlar, halbuki Suriyadakı ələvilərlə, onların da şiəliyin bir qolu olmasına baxmayaraq böyük fərqlər var», deyə məqalədə qeyd edilir.

Müəlliflər yazırlar ki, Azərbaycan və İraq şiələrinin dini liderləri də müəyyən mənada eynidir.

Məsələn, İraqın şiə lideri Ali Sistani-nin Azərbaycanda çoxsaylı davamçısı var. İraqın müqəddəs şiə şəhərləri olan Kərbəla və Nəcəf azərbaycanlılar üçün də müqəddəsdir. Məqalədə daha sonra qeyd olunur:

«Doğrudur, hələlik azərbaycanlılar Ali Sustani-nin İŞİD qiyamçılarına qarşı vuruşmaq çağırışına cavab verməyiblər, lakin Yaxın Şərqdə məzhəbçilik daha geniş yayılarsa, azərbaycanlıların döyüşə qoşulacağı şəksizdir».

ŞEYXİN FƏTVASI

Allahşükür Paşazadə
Allahşükür Paşazadə

Azərbaycanın dini lideri Allahşükür Paşazadə azərbaycanlıları Suriyadakı münaqişələrə qoşulmaqdan çəkindirmək üçün bu ilin yanvarında fətva verib. Fətvada deyilir ki, Suriyadakı münaqişə müqəddəs cihad və orada həlak olanlar şəhid hesab olunmurlar.

Bununla yanaşı, ölkənin təhlükəsizlik xidmətləri Sələfi qrupları üzərindəki nəzarəti artırıblar, hətta bir neçəsi həbs edilərək, məhkum olunub.

DİNİ LİDERLƏR İŞİD-Ə QARŞI

Məqalədə qeyd olunur ki, Azərbaycanın qeyri-rəsmi dini liderlərinin İŞİD məsələsinə münasibəti də hələlik mötədil olub.

Tanınmış şiə xadimləri İlqar İbrahimoğlu və Hacı Şahin çıxışlarında İraqdakı münaqişənin məzhəbi aspektinin əhəmiyyətini azaltmağa çalışıblar. Ölkənin ən nüfuzlu sələfi lideri Qamət Süleymanov isə, məqalə müəlliflərinin fikrincə, son dərəcə maraqlı bəyanatla çıxış edib.

O, İŞİD-i tənqid edib və bildirib ki, bu hərəkat bütövlükdə region üçün böyük təhlükə təşkil edir.

HƏLƏLİK ÇATDA VUR-ÇATDASINDIR

Dini liderlərin mötədil bəyanatlarına baxmayaraq, dini saytlarda və çatlarda azərbaycanlılar arasında qızğın sünni-şiə debatları gedir.

Məqalə müəlliflərinin gəldiyi nəticəyə görə, Azərbaycanda sovet dövründən qalma dünyəviliyin mövqeyi hələ də çox güclüdür və bu, mümkün məzhəb qarşıdurmasını az qala imkansız edir.

Lakin bu, hələlik belədir. Yaxın Şərqdə məzhəb qarşıdurmaları eskalasiya dövrünü yaşayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG