Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:50

James Warlick: «Sülhə doğru irəliləməyin vaxtı indidir!» [Video]


James Warlick: «Sülhə doğru irəliləməyin vaxtı indidir!»
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

-

ATƏT Minsk Qrupunun həmsədri «Amerikanın Səsi»nə danışır.

- Siz artıq bir müddətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədri qismində çalışırsınız. Sülh danışıqlarının hazırkı durumu sizi qane edirmi?

- Əvvəla mən sizi Dövlət Departamentində salamlayıram. «Amerikanın Səsi» ilə danışmaq həmişə xoşdur. Əlbəttə, danışıqlar sahəsində görüləsi çox iş var. İstədiyimiz odur ki, sülh razılığı ilə nəticələnəcək prosesə daxil olaq. Bizə lazım olan yeni mərhələdir. Mühümdür ki, prezidentlər görüşüblər. Ümid edirəm ki, onlar tezliklə yenidən görüşəcəklər. Xarici işlər nazirlərinin həmsədrlərlə mütəmadi görüşməsini müsbət qiymətləndiririk. Biz daha intensiv mərhələyə keçməliyik ki, məzmunlu proqres əldə edə bilək.

- Siz bu yaxınlarda regionda olmusunuz. Rəsmilərlə görüşmüsünüz. Siz onlarda sülhə nail olmağa hazırlıq hiss edirsinizmi?

- Mənim gəldiyim qənaət budur ki, Ermənistan və Azərbaycan prezidentləri irəliyə doğru yol tapmağa can atırlar. Biz bunu onların ötən noyabrdakı görüşündə gördük. Biz bundan yararlanmalıyıq. 20 ildir ki, müzakirələr gedir. Regiona sülh gətirmək üçün prezidentlərin bir araya gəlmələri və addım atmalarının vaxtı çatıb. Mənim prezidentlərlə görüşümdə, həmsədrlər olaraq özəl görüşlərimizdə hesab edirik ki, prezidentlər əmin-amanlığa yetişmək üçün addım atmağa hazırdırlar.

- Siz qeyd etdiniz ki, rəsmilər danışıqlara hazır olduqlarını deyirlər. Amma günün sonunda sülhü xalq qəbul etməlidir. İstər Ermənistanda, istərsə də Azərbaycanda insanların sülhə münasibətini necə görürsünüz?

- Zənnimcə, insanlar 20 illik müharibə durumundan yorulublar. Onlar bilirlər ki, bu qarşıdurmaya böyük həcmdə maliyyə və insan resursları xərclənir. Bu müharibə regiona baha başa gəlib - Ermənistana, Azərbaycana baha başa gəlib. İnanıram ki, insanlar yeni firavanlıq erasına hazırdırlar. İndi məsələ detallardadır. Xalqlar bilməlidirlər ki, bu, asan deyil. Qarşıda çətin proses var. Amma inanıram ki, biz hökumətlərlə birgə işləyərək xalqlara mesaj göndərə bilərik ki, davamlı sülhə doğru irəliləməyin vaxtı indidir.

- Azərbaycan və Ermənistan qüvvələri arasında atəşkəs mütəmadi qaydada pozulur. Hərbi münaqişənin qızışması şanslarını nə dərəcədə real görürsünüz?

- Ötən həftələrdə, aylarda təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində zorakılıqlar artıb. Biz bundan çox narahatıq. Bir həyat itkisi belə bizi narahat edir. Zorakılıqların atması sülhə doğru çalışmaq üçün məhsuldar atmosfer yaratmır. Biz gərginliklərin azalmasını görmək istəyirik. Amma burada risk var. Bilərəkdən, yaxud təsadüfən başlanılan zorakılıqlar nəzarətdən çıxa bilər. Biz bunu istəmirik. Biz situasiyanın gərginləşməsinin qarşısını almaq istəyirik. Biz tərəfləri sülhə və uğurlu danışıqlara yol açan addımlar atmağa çağırırıq.

- Rusiyanın Krımı ilhaq etməsi və onun Şərqi Ukraynadakı davranışı Moskvanın «yaxın xaric» adlandırdığı ərazidə sülhə sadiqliyini sual altına qoyub. Siz inanırsınızmı ki, Rusiya sülh danışıqlarına əngəl törədir? Yaxud inanırsınızmı ki, Rusiyanın regiondakı təsiri ilə sülh sazişi mümkündür?

- Xarici işlər naziri Sergey Lavrov elə bu günlərdə Azərbaycanda və Ermənistanda oldu. O, prezidentləri Fransa prezidenti François Hollande-nin Parisdə sammitə dəvətnaməsini qəbul etməyə çağırdı. Prezidentlər bu dəvətnaməni qəbul etsələr və konstruktiv danışıqlara başlasalar, yaxşı olar. Biz ruslarla yaxşı işləyirik. Mən öz rus və fransız həmkarlarımla yaxşı işləyirəm. Onu də əlavə edim ki, ABŞ Minsk prosesinə sadiq qalaraq eyni zamanda ikitərəfli qaydada sülh prosesinə bacara bildiyi şəkildə yardım etməyə hazırdır.

XS
SM
MD
LG