-
İyunun 25-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı olacaq.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festivalda 37 ölkədən 70-ə yaxın film göstəriləcək.
Azərbaycan festivalda Mariya İbrahimovanın «Azərbaycan: Şərqin Avropa cazibəsi», Elvin Abdullayevin «Çox-çox uzaqlarda», Vüqar İslamzadənin «Ritmik gimnastika üzrə 30-cu Avropa Çempionatı» filmləri ilə təmsil olunacaq.
Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
Münsiflər heyətinin 3 üzvü Azərbaycandan (Ayaz Salayev, Aynur Talıbova və Vüqar Şıxəmmədov), 4 üzvü isə xarici ölkələrdəndir (Aleksandr Kammel, Spomenka Saraqa, Tofiq Şahverdiyev, Can Özbatur).
Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.
I yerə - Qızıl mükafat – diplom, mükafat və 2000 avro pul, II yerə - Gümüş mükafat – diplom və mükafat, III yerə - Bürünc mükafat – diplom və mükafat təqdim ediləcək.
Festivalın ən yaxşı filmi isə «QRAN PRİ» – diplom, mükafat və 4000 avro pul qazanacaq.
Festivalda eyni zamanda seminarlar, müzakirələr, ustad dərsləri keçiriləcək.
Festival iyunun 29-da bağlanacaq.