Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:47

Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru vəzifədən azad edilib


Göygöl rayonu ərazisində yerləşən İnstitutdan AzadlıqRadiosuna verilən məlumata görə, Kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə 2004-cü ildən elmi tədqiqat institutuna rəhbərlik edən Məmməd Balakişiyev institutun direktoru vəzifəsindən azad edilib və səlahiyyətlər müvəqqəti olaraq direktor müavini Fizuli Mirzəyevə həvalə edilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılırdı.

Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2006-2013-cü illərdə ştatda olan və ştatdankənar işçilərə işləmədikləri halda onların adına qanunsuz 14 min manat məbləğində əmək haqqının hesablanması, işçilərə əsassız olaraq 34.3 min manat məbləğində əmək haqqının ödənilməsi, məzuniyyət haqqının və ezamiyyət xərclərinin düzgün hesablanmaması nəticəsində işçilərə 38.7 min manat məbləğində artıq vəsaitin ödənilməsi, istifadəyə yararsız avtomaşınların sürücülərinə qanunsuz olaraq 12.2 min manat məbləğində əmək haqqının ödənilməsi, 77.7 min manat dəyərində inventar və avadanlığın çatışmazlığı, müxtəlif işlərin görülməsi adı ilə 26.1 min manat məbləğində vəsaitin hesabdan əsassız silinməsi, 61.3 min manat dəyərində dərman preparatlarının əsassız silinməsi, nəqliyyat vasitələri üçün 5.1 min manat dəyərində yanacağın artıq silinməsi və digər qanun pozuntularına yol vermələrində əsaslı şübhələr olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə istintaq davam etdirilir.

XS
SM
MD
LG