Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:45

Torpaq adamının 300 manatı...


Niyaməddin Xəlilov
Niyaməddin Xəlilov
-
Goranboyun Hacallı kənd sakini Niyaməddin Xəlilov torpaq adamıdır. Özü demiş, nə kitaba meyl salıb, nə də çayxanalara. Uşaqlığı da, gəncliyi də torpaqda məhsul yetişdirməklə keçib. Əliqabarlı gənc burdan qazandıqlarıyla ev-eşik sahibi olub, ailəsini saxlayır. Hansı tərəvəzin, hansı meyvənin adını çəksən, 27 yaşlı əkinçi «onu da yetirmişəm» deyəcək.

«ÖTƏN İLİN MAYINDA SULADIĞIMDIR...»

Cəmi 25 sotluq torpaq sahəsinə dünyanın bitkisini əkib-becərib. Xasiyyətcə giley-güzar sevmədiyini bildirsə də, ötən ilin mayından bəri sürən quraqlığın onu təngə gətirdiyini gizlətmir:

«25 sot sahəm var. 150 kilo kartof əkmişəm burda. Ot da biçirəm buradan. Tərəvəz də əkib ailəmi dolandırıram. Bizə ötən ildən su paylayan Zülfüqar Qurbanov su vermir. Başqa qazancımız yoxdur, ailəlikcə bu sahədən yetirdiyimizlə keçinirik. Suya görə dəfələrlə ağız açmışam. Ötən ilin mayında suladığımdır. Susuz qalandan əkdiyimiz çiçəklərin hamısı quruyur».

Niyaməddin torpağa çəkilən xərcin havaya uçmasından gileylidir. Əkdiyi məhsul bar verməyib:

«10 sotda kartof əkmişdim... Hamısı quruyub tökülüb. Bu sahədən haradasa yarım tona yaxın kartof götürməliydim, amma belə quraqda, yəqin, heç 300 kilo götürə bilməyəcəyəm. Məhsuldan özümüz də istifadə edirik, Goranboy bazarında da satırıq. Tərəvəzi satıb dolanırıq. Başqa gəlir yerimiz yoxdur. Keçən il 2 hektara yaxın yer götürüb taxıl, arpa əkdik, amma hamısı yanıb getdi. 300 manat xərcim də boşa getdi».
«10 sotda kartof əkmişdim... Hamısı quruyub tökülüb»
«10 sotda kartof əkmişdim... Hamısı quruyub tökülüb»

«MAL-QARA ÜÇÜN ƏKMİŞDİM»

Hacallı kəndində, demək olar, hamı təsərrüfatda çalışır. Əkib-becərdiklərini sonra Goranboy və Gəncə bazarlarında satırlar. Hacallının bir başqa sakini Əsəd Allahverdiyev mal-qarasını yemləmək üçün biçənək sahəsi yaratsa da, arzusu boşa çıxıb – nə qədər yer susuz və bəhrəsiz qalıb:

«Ötən ilin mayında əkib-becərdiyimdir. Heç nəyə imkanım çatmır. Ot əkmişəm. Mal-heyvan üçün əkmişdim. Quruyub, heç nə biçənək yoxdur. 6 hektar sahədir. Suya baxan idarəyə demişik, amma baxan yoxdur. Artıq hava isinib. Ot gətirməyib. Bir dəfə sulaya biləcəyik, ya yox».

SU KANALLARI TƏMİZLƏNSƏ, SU OLACAQ?

Goranboy rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İspəndiyar Bayramov deyir ki, bölgədə su qıtlığı yaşanır:

«Goranboyda ümumilikdə su qıtlığı problemi var. Məcbur qalıb növbəlilik əsasında suvarırıq. Elə təsərrüfatlar var ki, tam susuz qalır. İndi yağışlıqdır, sahələr üçün su olur, amma havalar quraq keçəndə problem dərinləşir».

İspəndiyar Bayramovun sözlərinə görə, indi su kanalları lil və zibildən təmizlənir. Bu işlər bitəndən sonra suvarma işi nisbətən tənzimlənəcək.

Niyaməddin Xəlilovsa bir dərdin iki olduğunu deyir. Axı susuzluqdan yanmış sahəsinə çəkdiyi xərcin boşa getməsi bir yana, bu il məhsul götürə bilmədiyindən növbəti əkin üçün toxumluq ala bilməyəcək...
XS
SM
MD
LG