Keçid linkləri

Təcili xəbərlər
2023, 08 İyun, Cümə axşamı, Bakı vaxtı 10:14

Cahandar ağanın qəbri əyilib...


"Dəli Kür" filmindən kadr
-

Fəxrəddin Vəlizadə adlı oxucumuz Azərbaycan tarixində böyük şəxsiyyətlər yetirən bir tayfadan – Qazağın Şıxlı kəndindən olan Şıxlinskilər (Şıxoğlular) tayfasından bizə yazıb.

Şıxlinskilər tayfasının böyük oğullarından biri – Azərbaycanın xalq yazıçısı, el ağsaqqalı İsmayıl Şıxlının «Dəli Kür» romanının qəhrəmanı Cahandar ağa haqqında məlumat verib.

CAHANDAR AĞANIN NƏSİL ŞƏCƏRƏSİ

Onun yazdığına görə, Cahandar ağanın nəsil şəcərəsi Şıxoğluları, Kamaloğullularla bağlıdır.

Cahandar ağa Yusif ağa oğlu 1853-cü ildə Qazağın II Şıxlı kəndində dünyaya gəlib.

O, 2 dəfə evlənib.

Birinci həyat yoldaşı Müqəddənisə xanımdan Şəmiddin ağa (1878-1930), Şəmistan ağa (1885-1930), Daniyal ağa adlı 3 oğlu və Minə xanım, Afiyət xanım adlı 2 qızı olub.

Cahandar ağanın ikinci həyat yoldaşı Güllü xanımdan Əbil ağa (1885-1914), Qiyas bəy (1887-1972), Həsən ağa (1894-1980) adlı oğulları, Səltənət və Məleykə adlı iki qızı varmış.

PUSQU
Cahandar ağanın qəbri
Cahandar ağanın qəbri
Cahandar ağa 1910-cu ildə Kürün qarşı tayında yaşayan bir dostunun dəvəti ilə ona qonaq gedən zaman rus əsgərlərinin pusqusuna düşür.

Ruslar Cahandar ağanı gülləyə tuturlar. Cahandar ağa at belində Kürü üzə-üzə ruslara qarşı tüfəng və tapançasından atəş açmağa başlayır.

5 rus əsgərini öldürür, lakin özü Kür sularında düşmən gülləsindən ölür...

Cahandar ağanın qəbri II Şıxlıda Bakı-Tbilisi şose yolunun Sınıq körpüyə yaxın hissəsində – yolun sağ kənarında yerləşən köhnə qəbiristanlıqdadır.

Cahandar ağanın başdaşı bir az əyilmiş vəziyyətdədir. Üstündə tüfəng və xəncər rəsmi var.

OXUCULARA MÜRACİƏT

Oxucu yazır ki, Azərbaycan tarixində danılmaz səhifə açan Şıxlinskilərin böyük oğullarından biri Cahandar ağanın qəbrinə və qəbir daşına biganəlik görüb.

O, Cahandar ağanın qəbir daşını tam düzəltmək, onun ətrafına çəpər çəkmək vaxtının çoxdan çatdığı düşüncəsindədir.

Oxucu soruşur: ««Dəli Kür»ü oxuyan hər bir gənc Cahandar ağanın qəbrini və başdaşını əyilmiş vəziyyətdə görəndə görəsən nə düşünər?!».

Və AzadlıqRadiosu-nun saytı vasitəsilə oxuculara üz tutur:

«Əziz «Dəli Kür» oxucuları! Cahandar ağanın qəbrini və qəbir daşının şəklini Sizə təqdim edirəm.

Yolunuz Qazağa – II Şıxlıya düşsə, Cahandar ağanın məzarını ziyarət etməyi unutmayın».
XS
SM
MD
LG