Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:12

Dustaqlar İlham Əliyevi köməyə çağırır


Foto: Arxiv
Foto: Arxiv
-
İyunun 6-da 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan bir qrup məhbus prezident İlham Əliyev başda olmaqla, bir sıra vəzifəli şəxslərə müraciət göndərib.

Məhbuslar bir surəti «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansına da göndərilən məktubun media vasitəsilə lazımi ünvanlara çatdırılmasını xahiş edirlər.
Müraciətdə cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova, onun müavini Qaçay Aslanova və başqalarına ciddi ittihamlar irəli sürülür.

KORRUPSİYA, ÖZBAŞINALIQ, İŞGƏNCƏ...

Məhbuslar bildirirlər ki, dustaqxanada korrupsiya, özbaşınalıq, işgəncə, narkotik maddə satışı baş alıb gedir. İmkanlı məhbuslara əlavə şərait yaradılıb, imkansızlarsa alçaldılır:

«Məhkumların, həftədə 2 dəfə hərəsi 15 dəqiqə olmaqla, doğmaları ilə telefon əlaqəsi yaratmaq nəzərdə tutulur. Ancaq müəssisə rəhbərliyinin bazar qanunlarına və qiymətlərinə əsasən, həftənin bütün gün və saatlarında bir çağırışa 5 manat ödəməklə, istənilən vaxt telefonla danışmaq olar. Müəssisə rəhbərliyi təkcə telefondan hər ay 25 min manatdan çox pul qazanır. İdman zalında məşqə görə ayda 20 manat ödəməlisən. Nömrə hamamda çimmək 5 manat, camaşırxanada paltar yuduzdurmaq ayda 30 manatdır. Müəssisədə 3 kafe fəaliyyət göstərir ki, yeməyin 1 porsiyası 3 manatdan 7 manata kimidir. Bir çaynik çaya 2 manat, filmə baxmağa 1 manat, çarpayının 1-ci qatında yer almaq üçün 150 manat, məcburi əməyə karantində cəlb edilməməyə 200 manat ödəməlisən».

SAÇ QIRXIMI

«Məhkumlara verilən işgəncələr nəticəsində müəssisədə çox sayda yaralı- xəsarətli məhkumlar var. Hər ay sac qırxımı keçirilir. Sac saxlamaq üçün bir aya 10 manat pul ödəməlisən. Buna görə, ən azından, 300 məhkum aylıq ödəyir. Müəssisəyə kənardan daxil olan hər bir kəs bunu aydın hiss edə bilər. Başında sacı olan və qırxılmış məhkumları görmək kifayətdir. Mağazada hər şey beşqat baha satılır. Məhkumlara verilən qidalar çox-çox yararsız, kalorisiz, keyfiyyətsizdir. Yeməkdən çox pis qoxu gəlir. Məhkumlara ayrılmış ərzaq mağazada və əldə satdırılır. Çürümüş kartof-soğandan, texniki yağdan, vaxtı ötmüş ərzaqdan hazırlanan yeməyi daim yeyib sağlam qalmaq mümkünsüzdür».

Müraciət müəllifləri bildirirlər ki, «elə buna görə, müayinədən keçirilən zaman 700-ə yaxın məhkumun ağciyərlərində ciddi xəstəliklər aşkar edildi. Yataqxanalarda sıxlıq, antisanitariya və havasızlıq hökm sürür. Bir korpusda 130 nəfərə yaxın məhkum saxlanılsa da, 3 tualet və 3 su kranı var ki, bu da uzun-uzadı növbələr yaradır, buna görə mübahisə və dava-dalaş olur. Bundan ancaq müəssisə rəhbərliyi yararlanıb dava-mübahisə edən məhkumlardan pul alır. Əks təqdirdə «kars»a salıb, işgəncə verirlər. Tibbi sanitar hissəsində imkanlı məhkumlar bir aya 300 manat verərək uzun müddət orada qalırlar. Məhkumlara həvəsləndirmə tədbiri 150-200 manat rüşvətlə tətbiq edilir».

Məhbuslar prezident İlham Əliyevdən, ədliyyə naziri Fikrət Məmmədovdan, ombudsman, milli təhlükəsizlik naziri, baş prokuror və Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən, millət vəkillərindən, Azərbaycandakı beynəlxalq təşkilatların nümayəndələrindən və hüquq müdafiəçilərindən 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərləri barəndə qanuni tədbir görülməsini xahiş edirlər.

PENİTENSİAR XİDMƏT: MÜRACİƏTDƏ GÖSTƏRİLƏNLƏR CƏFƏNGİYATDIR

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirdilər ki, müraciətdə göstərilənlər cəfəngiyatdır:

««Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı adlı təşkilat qeydiyyatdan keçməyib. Həmin müraciəti də özləri yazıb. Orada göstərilir ki, müəssisədə 700 vərəmli məhkum var. Azərbaycanın cəzaçəkmə yerlərində vərəmlə mübarizə model kimi götürülüb. Bütün bunlar tam absurddur. Bu rəqəmdən görünür ki, müraciətdə yazılanlar başdan-ayağa cəfəngiyatdır».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi onu da bildirir ki, «müraciətdə adları yazılan məhkumların heç birinin imzası yoxdur. İlkin araşdırmaya görə, adları göstərilən iki nəfər ümumiyyətlə cəzaçəkmə yerində olmayıb. Ona görə də bildiririk ki, bu, anonim cəfəngiyatdan ibarət bir müraciətdir».
XS
SM
MD
LG