Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:02

Zəfər Quliyev: «Moskva yenidən ətrafına kiçik qardaşları toplamağa çalışır»


Vladimir Putin
Vladimir Putin
-
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00
Direct-ə keçid

Bu həftənin əvvəlində Bakıda Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Alexei Ulyukayev əməkdaşlığın genişləndirilməsi məsələlərini Azərbaycandakı həmkarı Şahin Mustafayevlə müzakirə edib. Danışıqlar nəticəsində memorandum imzalanıb. Ulyukayev bildirib ki, tərəflər qarşılıqlı investisiyalar üzrə zəmanətlər, Rusiyanın mərkəzi hissəsində Azərbaycan Ticarət-İqtisadiyyat Mərkəzinin yaradılması haqqında sazişlər imzalamağa və iki ölkə arasında uzunmüddətli iqtisadi inkişaf proqramını imzalamağa hazırlaşırlar.

Alexei Ulyukayev Azərbaycanın azad ticarət zonasından yararlandığını xatırladaraq, ölkəni Avrasiya İqtisadi İttifaqına qatılmağa çağırıb.

Bir neçə gün öncə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Dorokhin rus icması ilə görüşündə gəncləri diaspor təşkilatlarının fəaliyyətində fəal olmağa çağırıb. O, rusdilli gənclərin elm, biznes və dövlət strukturlarında mühüm vəzifələr tutmasının önəminə diqqət çəkib.

Bütün bunlarla bağlı AzadlıqRadiosunun suallarını siyasi ekspert Zəfər Quliyev cavablandırır.

«MOSKVA YENİDƏN ƏTRAFINA KİÇİK QARDAŞLARI TOPLAMAĞA ÇALIŞIR»
- Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Alexei Ulyukayev Bakıda Azərbaycanı Avrasiya İqtisadi İttifaqında iştiraka çağırıb. Bu çağırışı necə qiymətləndirirsiniz?

- Bizim rəsmilər indiyədək Azərbaycanın bu ittifaqa girmək niyyətində olmadığını bildiriblər. Ölkənin ümumi geosiyasi inkişaf strategiyasını və iqtisadi potensialını nəzərə alsaq, bu cür ittifaqa qatılmaq o qədər də maraqlı və vacib deyil. Fikrimcə, sözügedən ittifaqın iqtisadi perspektivləri o qədər də ciddi görünmür. Üzə vurmasalar da, burda siyasi motivlər daha önəmlidir. Moskva yenidən ətrafına kiçik qardaşları toplamağa çalışır. Bununla da öz imperiya ambisiyalarını gücləndirmək, ABŞ-a, Qərbə, dünyada gedən proseslərdə özünü daha güclü göstərmək, postsovet məkanını özünə tabe etmək istəyir. Bu motivlər çoxdan bəllidir. Açıq deməsələr də, bu ittifaqın da arxasında siyasi motivlər durur. Azərbaycan öz müstəqilliyini axıradək qorumağa çalışmalıdır. Avrasiya İttifaqına qatılmaq çağırışı, hələlik, dəvət xarakteri daşıyır. Amma güman etmək olar ki, təzyiqlər arta bilər.
Zəfər Quliyev
Zəfər Quliyev
Məncə, Bakı indiki məqamda bu ittifaqa getmək niyyətində deyil və getməməlidir.
- Daha öncə Rusiya vətəndaşlığa dair qanuna dəyişiklikləri açıqladı və dərhal sonra Azərbaycan vətəndaşlıq haqqında qanuna dəyişiklik etdi. Sizcə, bunların bir-biri ilə əlaqəsi var?

- Bəli, var. Azərbaycanın öz vətəndaşlıq haqqında qanununa dərhal dəyişiklik etməsi Rusiyada qəbul olunmuş qanunun yarada biləcəyi təhlükələrlə bağlıdır. Fikrimcə, Azərbaycan parlamentində vətəndaşlıq haqqında qanuna dəyişikliklər müdafiə xarakteri daşıyır. İndiki siyasi vəziyyətə, indiki təhlükələrə yönəlib, ölçülüb-biçilib. Axı hər hansı kritik məqamda Rusiya pasportları bizim vətəndaşlara külli sayda paylansa və belə vətəndaşlardan Moskva hansısa məkrli planı üçün yararlanmaq istəsə, Azərbaycanda ciddi problemlər yaranar. Düzdür, hər bir dəyişikliyin ölkə içində də problem yaratması mümkündür. Azərbaycanın bir çox tanınmış vətəndaşı çox ciddi seçimlə üzləşə bilər. Ancaq bütövlükdə götürəndə, məncə, belə dəyişiklikləri anlamaq olar.

- Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dorokhin rus icması ilə görüşündə rusdilli gənclərin elm, biznes və dövlət strukturlarında mühüm vəzifələr tutmasının vacib olduğunu vurğulayıb. Belə çağırışlar narahatlığa nə dərəcədə əsas verir?

- Narahatlıq üçün əsas var. İndiki məqamda Kremlin postsovet məkanında apardığı siyasət və atdığı hər addım, istər-istəməz, şübhə oyadır. Bir neçə il öncəki dövrdə Azərbaycan-Rusiya münasibətlərində baş verən proseslərə o qədər də şübhə ilə yanaşmırdıq. İndiki dövr tələb edir ki, bu cür addımların arxasında hansı niyyətin, ola bilsin, təhlükəli niyyətin olub-olmamasını düşünək. Faktiki olaraq, Rusiya-Ukrayna qarşıdurmasının arealı günü-gündən genişlənir. Bu, artıq Qərblə Rusiya qarşıdurmasıdır. Nəzərə alsaq ki, Rusiya qonşumuzdur və bu amildən qaça bilmərik, demək, Azərbaycan da hələlik bu prosesləri narahatlıqla izləməyə məcbur və məhkumdur.
XS
SM
MD
LG