Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:38

Köçkün ər-arvadın boşanmadan sonrakı mənzil çəkişməsi


Məcburi köçkün Sabir Zeynalov
Məcburi köçkün Sabir Zeynalov
-
«DEDİ, GETSİN ATA EVİNDƏ YAŞASIN»

Ağdam köçkünü Aidə Quliyeva AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, qızı Şəlalə Salmanova həyat yoldaşı Elnur Salmanovdan boşanandan sonra iki azyaşlı uşaqla küçədə qalıb. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi Elnur Salmanovu mənzillə təmin etsə də, Şəlalə Salmanovaya atasının evinə sığınmaq məsləhət görülüb.

«Boşanandan sonra Şəlaləni öz yanımıza gətirdik. Bir gün məskunlaşdıqları ərazinin sahə müvəkkili zəng vurub dedi ki, qapı-baca açıq qalıb, gəlin, əşyaları aparın. Biz ora çatanda gördük «Qaçqınkom»dan Elman müəllim əlində siyahı ilə evdən çıxır. Öyrəndik ki, köçürülmə prosesi gedir. Elnura ev verilib, o da soyuducunu, bir də geyimlərini yığışdırıb çıxıb gedib. Dedim, bəs bizim qızımıza ev vermirsiz? Dedi, yox, köçürülmə vaxtı burda olsaydı, verərdik. Getsin, ata evində yaşasın. Dalıyca düşdüm, yalvardım-yaxardım, heç dönüb geri də baxmadı».

«YAĞIŞLI GÜNDƏ EV ƏŞYALARINI ÇÖLƏ TÖKDÜLƏR»

Aidə Quliyeva sonradan qızının əşyalarının çölə töküldüyünü deyir:

«7-ci polis bölməsinin sahə müvəkkili Qalib, «Qaçqınkom»dan Elman, qızımın keçmiş əri Elnur və dostu Vüsal pəncərəni, qapını sındırıb əşyaları çölə töküblər. Yağışlı gün idi. Bütün əşyalar, yorğan-döşək islanmışdı. Daşıyıb gətirib evimizə tökdük».

Şəlalənin atası Sabir Zeynalov:

«102-yə də zəng vurduq, kömək istədik. Dedim, qızıma ev verilmədən əşyalarını çölə tökürlər. Yenə də Qalibi göndərdilər. Halbuki, elə bütün bunları həmin polis bölməsi edirdi. Qalib gəldi, dedi əşyalar çıxmalıdır, vəssalam. 43 manat pensiya alıram, heç yerdə işləmirəm. Qızımın ailəsini saxlamaq imkanım yoxdur».

Sabir Zeynalov deyir, hazırda qızı və nəvələri heç bir yerdə qeydiyyata alınmayıblar:

«Bu uşaqlar gələcəkdə məktəbə gedəndə onlar üçün yaşayış haqqında arayışı haradan alacağımı bilmirəm».

Aidə Quliyeva hazırda yaşadıqları evin onlara məxsus olmadığını bildirir:

«Bura qardaşımın evidir. Rusiyada yaşayır. Pul yollayıb, tikdirmişik. Sabah qayıdıb gəlsə, evi boşaltmalıyıq. Biz heç özümüz getməyə yer tapmırıq, qızımı, övladlarını necə, harda saxlayaq?»

«O EVDƏN BİRİ DƏ QIZIMIN PAYINA DÜŞSÜN»

Şəlalə Zeynalova
Şəlalə Zeynalova
Söhbət zamanı Aidə xanım onu da deyir ki, qızı Şəlalə xərçəng xəstəsi, özü isə gözdən ikinci qrup əlildir. Tələbi də odur ki, iki azyaşlı uşağı ilə qapılarda qalmış qızına mənzil verilsin:

«Adı köçürülmə siyahısına salınsa da ev verilməyib. Yəni evini kiməsə veriblər. Özüm şəhid bacısıyam. O torpaqda tikilən evin bir parçası da mənim uşağıma verilsin. «Qaçqınkom»un Binəqədi şöbəsinin rəhbəri deyir, qızına ev düşür, ancaq Elman müəllimlə danışmalısınız. Elman müəllimin də qəbuluna düşə bilmirik. «Qaçqınkom»un qapısından girən kimi deyirlər Elman müəllim işdə yoxdur».

KÖÇÜRÜLMƏ VAXTI KÖÇÜRÜLMƏ YERİNDƏ OLMADIĞINA GÖRƏ...

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Ağdam rayonundan məcburi köçkün Şəlalə Zeynalova həyat yoldaşından boşandıqdan sonra köçürülmə obyektində yaşamadığına görə Müşfiqabad qəsəbəsində salınmış yeni yaşayış kompleksində mənzillə təmin olunmayıb. Keçmiş həyat yoldaşı Elnur Salmanov həmin qəsəbədəki yeni yaşayış kompleksində 8 saylı binanın 4-cü mənzilinə köçürülüb.

Hüquqşünas Rasim Əhmədov:


Vəkil Rasim Əhmədov
Vəkil Rasim Əhmədov
«O mənzillər qaçqınlara xüsusi mülkiyyət formasında yox, müvəqqəti yaşamaq üçün verilir. Məhkəmə perspektivi var. Orada qeydiyyatdadırsa və köçkün statusu varsa, o da müvəqqəti mənzillə təmin olunmalıdır».

Hüquqşünas bildirib ki, Şəlalə Zeynalova Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin yerləşdiyi ərazi üzrə İnzibati İqtisad Məhkəməsində quruma qarşı iddia qaldıra bilər.
XS
SM
MD
LG