Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:27

Mehri Mustafanın 20-liyə düşməyən hekayəsi


-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərilən formada, nöqtə-vergülünə toxunmadan çap edirik.


Mehri Mustafa


KAMANÇA



Evimizin ən gözəgəlimli yerində, pəcərənin yanındakı dolabın üstündə dururdu kamança.

Özümü bildim-biləli, ağlım kəsəndən orada idi. Kimsənin onun yerini dəyişməyə, ya əlinə almağa cürəti çatmazdı. Hətta bəzən mənə elə gəlirdi ki, ona usta əli də dəyməyib. Sadəcə günlərin bir günündə ilahidən dolabın üstündə peyda olub. Kamançanın yanında yoldaşı da vardı- göy-qara damalı yun şal. Hər ikisi günlər, aylar, hətta illərdir ki, usanmadan eyni yerdə, yanaşı dururudu.

Nənəm hər gün, az qala gündə bir neçə dəfə kamançanın tozunu alar, onu sevib əzizləyərdi. Göy-qara damalı yun şalın nənəmin olduğunu bilirdim, ancaq bircə dəfə də olsa işlətdiyini görməmişdim. Orası da maraqlı idi ki, bizim evdə nə musiqi ilə maraqlanan vardı, nə də kamança çalmağı bacaran. Ona görə də bu kamança sevgisinin haradan gəldiyini anlamaqda çox çətinlik çəkirdim.

Yenə adi səhərlərdən biri idi. Hamı süfrə başına toplaşmışdı. Atam mühəndis idi. İşinin çox olduğu üçün evə gec gəldiyindən üzünü ancaq səhərlər görə bilirdim. İndi də qaşlarını çatmağından hiss olunurdu ki, nəsə qəliz bir məsələnin həll yolunu axtarır. Jurnalist anamsa günün demək olar ki, çox hissəsini redaksiyada keçirirdi. O, yenicə süzdüyü pürrəngi çayı atamın qabağına qoyarkən dedi:

-Bəlkə, Vüsalı müsiqi məktəbinə yazdıraq? Həm nəsə öyrənər, həm də başı qarışar.

Atam cavab vermədi (danışmaqla arası yox idi), razılıq əlaməti olaraq başını astaca yellədi.

Mən də sevincək dedim:

-Hazır kamança da var. Bir dınqıldadım sizinçün gəl görəsən.

Anam sözlərimə gülümsədi, atamın da istər-istəməz dodağı bir balaca qaçdı.

Çöhrəsində qarışıq ifadə duyduğum nənəmsə susurdu.

O səhər nənəmin niyə qəhərləndiyini dərk edə bilmədim.

Axşamüstü adəti üzrə evdə mən və nənəmdən savayı heç kim yox idi. Nənəm gözlərini kamançaya zilləmiş, kirimişcə divanda əyləşmişdi. Təkcə göz qapaqlarının tərpənişindən canlı olduğunu hiss etmək olardı. Təhər-töhüründən bəlli idi ki, ruhu çox uzaqlardadır. Dinməzcə gedib dizinin dibində oturdum. Başıma sığal çəkərək gözləmədiyim anda dilləndi:

- O gün ömrümdə ilk dəfə gördüyüm ən qarlı gecəydi. Zülmət qaranlıqda eşidilən gurultu səsləri adamı vahiməyə salırdı. Babanın həyətə çıxıb içəri qayıtması bircə an çəkdi. O, çox böyük məyusluq və əsəblə:

-Yenə atırlar köpək uşaqları, - deyə otaqda var-gəl etməyə başladı. Bir neçə saniyəlik səssizlikdən sonra:

-Bu atışma nəsə əvvəlkilərə oxşamır, -dedi və köhnə ov tüfəngini götürüb getdi.

Atəş səsləri getdikcə daha da yaxından hiss olunurdu. Haray, qışqırıq kəndi başına götürmüşdü. Allahdan kömək ummaqdan başqa nə edəcəyimi bilmirdim.

Yalvarışlarımda nəsə möcüzə axtarır, hansısa sehrli bir qüvvənin bizə köməyə gələcəyini düşünürdüm. Bu dəm baban gəldi və dedi: “Yığış, kəndi boşaldırıq.” Dərk edə bilmədim eşitdiyim sözlərdən üşüdüm, yoxsa yarım açılmış qapıdan acgözlüklə içəri dolan qışın soyuğundan?! Atanı oyadıb geydirməyə başladım. Baban da kamançanı əlinə alaraq:

-Bunu da götüsək yaxşıdı, -dedi.

-Ay kişi, camaat nə hayda, sən nə hayda?!

-Yox, ay arvad, götürək gərək. Cəld ol, bir şey ver büküm.

Küncdəki gəlinlik sandığıma yanaşdım. Hər dəfə ehmalca, səliqə ilə töküb-yığdığım sandığı tələm-tələsik eşələdim. Göy-qara damalı yun şalı babana uzatdım. O da kamançanı bükdü, şalı düyünləyib çiyninə atdı.

Evdən çıxıb həyət qapısına doğrü irəliləyərkən mənə elə gəlirdi ki, iki addımlıq məsafə o gecədə sonu bilinməyən, uzun bir yola çevrilmişdi. O yolda gəlmişimi, keçmişimi xatırladım, bir neçə saniyədə bütün ömrümü təkrar yaşadım sanki. Qapını açıb kəndyoluna çıxarkən eşitdiyim qulaqbatırıcı, şikayət dolu cırıltı məni heç də gecənin hay-küyündən az qorxutmadı. Uşaq ağlı ilə olanlardan duyuq düşən atanın əlindən bərk- bərk tutdum. Hər kəs kimi biz də kənd aşağı getməyə başladıq.

Təbiətin də bəzən bildiyim bütün canlılar kimi çox qəddar və amansız ola biləcəyi ilk dəfə onda ağlıma gəldi.

Ağırlığı çiyinlərimə çökmüş, yeridikcə altında qalıb əzildiyim, sındığım, param-parça olduğum dünyanın sonuydu o gün.

Qarma-qarışıqlıq içində babanı nə vaxt itirdiyimi xatırlamıram. Bir o yadıma gəlir ki, qonşumuz göy-qara damalı yun şala bükülü kamançanı mənə sarı uzatdı. Şalın qanlı olduğunu sezdim. Anladım ki, baban ya yaralanıb, ya da... Gücüm çatdıqca bağırdım, hönkürtü ilə ağlamağa başladım...

Dəhşətli soyuq adamın iliklərinə qədər işləyir, qanını dondururdu. Var gücü ilə öz məharətini göstərməyə çalışan qış qalib hesab oluna bilərdi: çox can ala bilmişdi. Yeridikcə adda-budda rast gəlinən qaraltılar, bəlkə də, beş dəqiqə, bir saat əvvələ qədər canlı olan, indi isə hərəkətsiz atılıb qalan insanlar amansız qışın köməksiz qurbanlarıydı. Şaxtaya, soyuğa dözməyib canını tapşırmış bəşər övladını görəndə günəş olmaq keçdi könlümdən. Göy üzündə parlayan, istisini səxavətlə paylayan günəş. Bəlkə onda bu cansız bədənlər isinər, ayağa qalxardılar?!Heyif günəş deyildim...

Heydən düşmüşdük. Atan o vaxtlar yeddi-səkkiz yaşındaydı. Bir neçə gündə ahıllaşdı, qocaldı gözümdə o körpə. Sıx, qapqara kirpikləri buz bağlayan, yanaqları şaxtadan gömgöy göyərən, bütün bədəni soyuqdan donan o çəlimsiz uşağın üzünə baxmağa utanır, xəcalət çəkirdim. Dözməyib dizlərimi yerə atdım, üzümü ayaqlarına sürtərək bağışlanmağımı istədim:

-Bağışla, balam, gözüm nuru, bağışla. Bağışla ki, isti ocağımızda deyilsən, bağışla ki, atan yanımda yoxdu, bağışla ki...

Rabitəsiz qurduğum cümlələr uşağı çaşdırmışdı elə bil. Dişi-dişinə dəyərək güclə dilləndi:

-Acmışam, ana.

Çox çarəsizdim. Öz-özümə deyinməyə başladım: “İndi mən başıma haranın külün töküm? İndi bu uşağa nə cavab verim?” Yaz-yay olsaydı bu dağda, düzdə heç kim ac qalmazdı. Qış günündəsə dişə vurmağa bir şey tapmazdım axtarsam da.

Əlacsızlıqdan bəzi ağacların yarpaq açmaq üzrə olan kiçicik tumurcuqlarını qopardıb atana verirdim ki, ağzına atsın. Mən də onların ömrünə hakim kəsilmişdim hardasa. Bir canlının var olması xatirinə digərini həyatdan məhrum edirdim. İmkanvermirdim ki, qismətlərinə yazılmış taleyi yaşasınlar. Yarpaq ola bilməkdən zövq alsınlar. Bəlkə də yaxşı edirdim. İmkanım olsaydı bütün tumurcuqları tək-tək dənlərdim. Mən də beləcə təbiətdən qisasımı almağa çalışardım.

Nənəm danışdıqca qəhərlənir, yüz yol dolub boşalırdı.

O gün ilk dəfə kamançaya toxundum. Əlimə alıb o tərəf, bu tərəfinə baxdım.
Fikirləşdim ki, gör nələr yaşayıb, nələr görübmüş yazıq kamança.

Sonra nənəm əlavə edərək:

-Baban kamançanı çox sevirdi, çalmağı da özü öyrənmişdi. Yay gecələrində həyətdə oturub çaldığı “Segah”ın səsi bütün kəndi ağuşuna alırdı.

***

Çox həyəcanlı idim. Aparıcının səsi bütün zalı bürüdü:

-“Segah”, kamançada ifa edir:Vüsal Muradlı. Səhnəyə çıxdım. Bacardıqca “Segah”ın öhdəsindən gəlməyə çalışdım. Hər kəs alqışladı. Gözlərim nənəmi gəzdi. Çox xahiş etmişdim ki, gəlsin. Budur, göy-qara damalı yun şalından onu tanıdım. Şalın ucu ilə göz yaşlarını silməyə çalışdığını hiss etdim.

Nə o zaman, nə də illər sonra bilə bilmədim ki, nənəm nəyə kövrəlmişdi: Yurdundan ayrı keçirdiyi illərəmi, babamın yoxluğunamı, yoxsa kamançanın naləsinəmi?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG