Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:05

Günel Eyvazlı. Təcrübə


Günel Eyvazlı
Günel Eyvazlı
-

Günel Eyvazlı


Təcrübə


(Hekayə)


-Cənab Karl sayın görək neçə əsgər itirmişik?
-Sayılmaqla bitməz, cənab zabit.
-O zaman ordunun ümumi sayından, sağ qalanları çıxın.
-Iki nəfər sağ qalır. Mən və siz.
-Kim qalib gəlib ?
-Qarşı tərəf.
-Bəs bu qədər itki olduğu halda biz niyə sağ qaldıq?
-Biz sağ deyilik. Geri qayıdan zaman ətimizi yeyəcəklər.
-Doğrudur, o zaman silahınızı çıxarın, öncə məni, sonra özünüzü öldürün.
-Cənab zabit yox, Siz birinci məni öldürün, sonra özünüzü.
-Niyə ?
-Bilmirəm, sizin qədər cəsarətli deyiləm. Bəlkə sizi öldürdükdən sonra zəiflik göstərərəm və özümü öldürməyə gücüm çatmaz.
-Biz artıq ölmüşük.

-Dərslərini etmisən ?
-Yox.
-Niyə ?
-Fikrimi bir yerə toplaya bilmirəm, ana.
-Fikri bir yerə toplamaq üçün cəhd etmək lazımdı, mənim balam.
-Bacarmıram.
-Niyə ?
-Səhər bir hekayə oxumuşdum, təsirindən çıxa bilmirəm.
-Nə hekayə?
-“Karl və onun ordusu”.
-Nə olub ki bu hekayədə, səni təsiri altına alıb ?
-Ordusu məhv olur, zəfər çalmaq əvəzinə məğlub olurlar. Axı əslində qələbə onun tərəfində olmalıydı. Niyə sonda məğlub oldular ?
-Kitab indi səndədir ?
-Hə.
-Ver oxuyum.

-Bu gün neçə kitab satılıb ?
-20 ədəd. Çox məhsuldar gün oldu. İnsanlar pullarını bekara şeylərə verməkdənsə, kitab aldılar.
-Ənənəvi oxuculardı, çox güman.
-Xeyr.
-Düzdü, cənab Ed və xanımı yenə də kifayət qədər kitab aldı. Amma, aralarında öz vətəndaşlarımız da var idi.
-Maraqlıdır. Neçə nəfər ?
-İki.
-Yalnız iki ?
-Əslində bu böyük qələbədir.

-Neçə saatdır nəm torpağın üzərində uzanmışıq?
-2 saat olar.
-Nə düşünürsüz ?
-Uşaqlığımı.
-Maraqlı keçib uşaqlığınız ?
-Deməzdim. Bəlkə də heç uşaqlığım olmayıb. Atam çox erkən rəhmətə gedib. Anam kitab mağazasında xadiməçi işləyirdi. Mən isə qəzet satırdım mərkəzi küçədə. Axşam anamla bir qayıdırdıq evə. Yol boyu oxuduğu maraqlı hekayələri nəql edərdi mənə.
-Mənə yadınızda qalan maraqlı bir hekayə danışın.
-Yaxşı, baxım xatırlayırammı ?
-İnsan nə zaman unutmağa başlayır ?
-Məncə insan heç vaxt, heç nəyi unutmur.
-Çox pafos var sözlərinizdə, Karl. Bu qədər şişirtməyin. İnsan zamanla çox şeyi unudur. Hardan gəldiyini, niyə gəldiyini və nə edəcəyini.
-Anlamadım sizi, cənab zabit.
-Bayaqdan nəm torpağın üzərində ölü kimi uzanmışıq. Söhbət edirik. Ani olsa da unutmuşuq buraya niyə gəldiyimizi. Siz danışmaq istədiyiniz hekayəni. Mən də söz verdiyim insanın sözünü unutmuşam.
-Xatırladınızmı hekayəni ?

-Ana, nə düşünürsən? Bu xəyanət nəticəsində oldumu ?
Axı onların daha yaxşı silahları var idi, həm də nisbət baxımından daha çox idilər.
-Çox dolaşıq hekayədir. Doğrusu səndən fərqli olaraq, məni təsir altına salmadı. Bir də döyüş komandanı başqası olduğu halda niyə, əsər, “Karl və onun ordusu” adlanır ?
-Ana, təsəvvürünə gətir ki, direktorsan. Sənə hansısa bir qurumdan məktub gəlib. Sən məktubu aidiyyatı yerə yönəldirsən, başqası icra edir və sən hər şey tam hazır olandan sonra oraya imzanı atırsan. Məktub kimin adından gedəcək ?
-Əlbəttə direktorun.
-Bəli, ana. Sonuncu imza kimindirsə tarix də onundur.
-Oğul, sən hələ uşaqsan. Belə əsərlərə çox alüdə olma. Daha yüngül əsərlər oxu.
-Niyə, ana ? Bu bəsit əsərlər axı bizləri puç edəcək.
-Bilmirəm oğul. Səni itirməkdən qorxuram. Qorxuram ki, çox vətənpərvər biri olarsan, çox düşüncəli, savadlı biri olasan. Sonra səndən fərqli insanlarla bir yerdə yaşamaqdan usanacaqsan. Sənin düşüncələrin və gəldiyin qənaət heç kəsə maraqlı olmayacaq. Sən bütün ömrün boyu sübutlarla, dəlillərlə danışacaqsan. Doğru olduğun halda günahlandırılacaqsan. Sonra bütün xalqı, milləti dəyişməyə çalışacaqsan. Alınmayacaq. Bir səninlə , heç nə dəyişməyəcək.
-Dəyişəcək ana, mütləq dəyişəcək.

-Ən çox hansı kitablar satılıb?
-18 tarixi roman, iki intim mövzulu kitab.
-Aydındır .
-Nə aydındır?
-Aydın olan odur ki...

-Çox qısa hekayə idi.
- Doğrusunu deyim, maraqlı gəlmədi. Sən hardan gəlmişdin ?
-Qafqazdan.
-Qafqaz coğrafi addır. Orada dövlətlər var. Konkret hansı bölgədənsiniz?
-Azərbaycan.
-Aydındır.
-Nə aydındır ?
-Aydın olan odur ki...

-Ana, atam niyə bizi atıb gedib?
-Gecənin bu yarısı bu nə sözdü? Kimsə xətrinə dəyib?
-Yox ana. Amma, mənə atamdan danış.
-Atan Qarabağ savaşında rəhmətə getdi. Tək qoydu bizi. Vaxtında imkan vermədi ki məni təhsil alım, artıq sonuncu kursda idim. Məni universitetdən çıxardı. İndi ziyalı olub pul qazanardım, daha gedib xadiməçi işləməzdim. Kişilərin ayaqlarının altını təmizləməzdim.
-Ziyalılar yaxşı dolanır, ana?
-Dolanır. Kiminsə barmağına dolanır.
-Demək mən qəhrəmanın oğluyam?
-Yox oğlum. Qəhrəmanlıq, döyüşə gedib, güllə yarası alıb şəhid olmaq deyil. Sənin atan şəhiddir , amma, qəhrəman yox.
-Bəs qəhrəmanlıq necə olur?
-Qəhrəmanlıq zəfərlə qayıdışa deyilir.

-Sabah yeni kitablar gələcək mağazaya.
-Hansı mövzulu ?
-Millətə lazım olan mövzular, yuxu yozma, intim mövzulu, pornoqrafik əsərlər və.s.
-Sizcə insanlar buna pul xərcləyəcəkmi ?
-Xərcləyəcək. Gəlin təcrübə aparaq.
-Aparaq.

Azərbaycanın böyük tarixi var. Sizin cəsur oğullarınız olub. Qüdrətli dövlətiniz. Sonra sizləri susdurmaqdan ötrü min yerə parçaladılar. Şaqqaladılar. Sonra bayaqkı bəsit hekayən kimi beyninizi oğurladılar.
-Bəs siz haradansınız, cənab?
-Elə mən də oralıyam.
-Anlaşıldı.
-Nə anlaşıldı ?
-O anlaşıldı ki...

-Ana belə olduğu halda mənə niyə görə qəhrəmanlıq kitablarını oxumağa qoymursan.
-Sənə bir hekayə danışmaq istəyirəm.
-Nə hekayə?
-Karldan.
-Mən onu oxumuşam.
-Sən tam oxumamısan. Dinlə məni.
-Dinləyirəm...

-Həftə sonudur. Kitablar alındımı?
-Xeyr, alınmadı. Daimi müştərilərimizi də itirdik.
-Bu necə olur ?
-Canlı internet porno resursları olduğu halda, kim hərfləri höcətləyə-höcətləyə oxuyacaq bu kitabları ?
-Doğru.
-İndi nə edək ?
-Yandırın hamısını.
-Hamısını ?
-Bəli.
-Niyə ?
-Lazımdı.
-100 ildən sonra bütün bu kitabları yandırmaq, indi nəyə yarayacaq?
-Gəlin təcrübə aparaq .
-Aparaq.

-Mən atamın qeyri-qanuni oğluyam. Rusiyada doğulmuşam. Atam bura alver məqsədilə gəlibmiş, sonra anamla qeyri-rəsmi nigahda olub.
-Sonra nə olub ?
-Sonra çıxıb gedib. Daha qayıtmayıb. Sən Azərbaycanlı olduğun halda niyə adın Karldı?
-Kral Karlın şərəfinə qoyulub. Biz də dəbdir. Ya dini adlar qoyulur, ya qəhrəman adları.
-Hə, qəhrəman adları. Ən azından qəhrəmanları adınızda yaşadırsınız.
-Hə, dini adlar. Ən azından belə görünmək istəyirsiniz.

Bir zamanlar, Allahlar yerdə yaşayırdılar. İnsanlar göydə. Fikir verirsən torpağa qarışacağımız halda, hörmət əlaməti olaraq başımız üzərində yerimirik. Ağac kimi ayaqlarımız yerə dirənib, amma, başımız göyə doğrudur. Biz göydən yerə düşərkən belə şəkil almışıq. Haqqımızı tələb etmirik Allahdan. Axı oralar bizimdir. Bu dəyişikliyi etməyə kim ixtiyar verib Allahlara.
-Ana, ona görə əllərimizi göyə açırıq yalvararkən?
-Hə, yalvarırıq. Ancaq yalvarırıq. Səbr edirik. Tələb etmirik.
-Allah da etdiklərimizi sorur bizdən. Yerə, göyə, hamına hesabat verməliyik. Niyə? Niyə hesabat verməliyik? Məgər bu nəyisə dəyişirmi? Axı günah etmək istəyən onsuzda edəcək.
-Ana, müqəddəs kitablar göydən nazil olub?
-Sözlər qulaqlarımıza göydən gəlib. Kitablar isə yerdə yazılır, mənim balam. Biz yazırıq. Əlavələrimizlə yazırıq.

-Siz heç atanızı xatırlayırsınız, cənab komandir?
-Mənim atam, anamın mənə təsvir etdiyi qədərdir.
-Əcaibmi, qorxuncmu ?
-Yox. Əksinə, həlim və gözəl xasiyyətli.
-Niyə əcaba? Məgər ananızın kini yoxuydumu atanıza?
-Var idi. Hətta gecələr necə ağlaması, hıçqırtısı belə yadımdadır. Sadəcə, ikinci ona oxşar birisini yetişdirmək istəmməyirdi evdə.
-Cənab komandir, siz mənə inanırsınız?
-Niyə sual edirsən ?
-Elə-belə fikirləriniz maraqlıdır.
-Mən heç kimə etibar etmirəm, özümə də.
-Siz bununla nə demək istəyirsiniz?
-Demək istəyirəm ki...

-Müəllim kolbalar hazırdır. Təcrübəyə başlayaqmı?
-Bütün maddələr burdadırmı?
-Yazdıqlarınızın hamısını əldə etmişik.
-Belə asan?
-Deməzdim asanlıqla, amma, tanışlıqla.
-2 dəqiqə gözləyin.
-Gözləyək?
-Bəli.
-Niyə?
-Ona görə ki...

-Ana, onda ağaclar da göydən enib yerə?
-Bəli oğul. Allah onların köklərini yerə basdırıb. Daha dərin, daha möhkəm. Bir insana gücü çatmayıb. Bir müddət azad dolanan insan, sonra bütünlükdə torpağa basdırılır. Bəlkə də, hələ uzun illərdən sonra köksündə ağac da yetişəcək. Kökləri insan bədənindən daha dərinə gedərək.

-Təcrübəyə başlayaq.
Bir çimdik torpaq.
-Niyə bir çimdik? Bunun hamısından istifadə edə bilmərik?
-Zərrə-zərrə oğul. Birdən-birə olsa çox olar. Səs-küy yaradar. Zərrə-zərrə.
-Narahat olma hamısı təcrübəyə sərf olunacaq.

-Ana mən könüllü olaraq Amerikada gedən müharibəyə qoşulacağam. Mənə xeyir-dua ver.
-Dualarım səninlədir, oğul.
-Axı Amerikada müharibə getmir.
-Gedir ana, gedir, sən görmürsən.

-Hansı kitablar gəldi rəflərimizə ?
-Yerli müəlliflərdi.
-Nizami Gəncəvi, Fizuli, Nəsimi, Nəimi.
-Axı indi bunları oxumaq vaxtı deyil. Bizə müasir mövzular lazımdı.
-Yazmırlar. Bütün yazılar avropa təfəkkürünün məhsuludu. Mapossanlar, N.Hikmətlər, Ekolar və.s.
-Bəs Qarabağ ?
-Qarabağı almışıq, daha yazmaq nə lazım.
-Nə zaman aldıq?
-İki il olar.
-İndi orada kimlər yaşayır?
-Adamlar.


Məktub

Ana, vəziyyətim çox yaxşıdı. Yaxşı bir işə düzəlmişəm. Bu yaxınlarda səni də yanıma gətirəcəyəm. Hələlik göndərdiyim pulla bir müddət dolan. İşdən çıx. Mənim anam xadiməçi olmamalıdır.

-Sürətli qarışdır kolbanı, indi bir az yanacaq tök.
-Partlamaz?
-Yox, narahat olma. Bir az yumurta da əlavə et.
-Yumurta niyə?
-Bu partlayışı sakitləşdirəcək.
-Yumurta olmasa nədən istifadə etmək olar, alternativ olaraq?
-Nə bilim sehirli sözlərdən yəqin.
-Zarafatınızdan qalmırsınız, müəllim.
-Hə, elə zarafatla yaşayırıq.
-Nəisə çox yoruldum, sən davam et mən bir az dincəlim.
-Dincəlin.
-(Ürəyində ) Partlayan deyil. Məncə torpaq bir az çox olsa daha gözəl nəticə əldə etmək olar...

-Stop kadr. Film çəkildi qalxa bilərsiniz.
-Belimiz qurudu yerdə.
-Sonluq necə olacaq? Öləcəyik ya yox?
-Bəs kitabların aqibəti? Torpaq nə məsələ idi?
-Bəs mən Amerikaya getmişdim. O nə müharibə idi?

-Əzizlərim səbr edin bu hələ təcrübədir.


Müəllif

Sonda atəş səsi eşitdim. Bu səs sükutu pozdu. Bilmədim kim-kimi öldürdü. Kim sağ qaldı. Yadımda deyil bu səsin haradan gəlməsi. Kimin köksünə güllə sancılması. Sadəcə hamı gizləndiyi halda mən qaça-qaça səs gələn tərəfə getdim. Amma gözümə ins-cins dəymədi. Elə bil bu yurdu hamı tərk etmişdi. Bircə xarabalıqlar var idi, bir də dərin xəndəklər. Boş idilər. Var gücümlə çığırdım.

Kim var burda? Ehey, kim var burda?

Təklik elə tükürpədici olur ki, nə zamansa belə halda olmağı heç kimə arzulamıram.
Bu uçurumun ortasında, bu dağıntıların içində tək qalmaq və küləyin dərmə-deşikdən keçərək uğultulu səs çıxarması, ulaması ətimi ürpəşdirirdi.
Yadıma səhralar düşdü, acından qırılan kütlə. Heyvan kimi yaşamağa məcbur olmuş qara insanlar. Sonra edam səhnəsi.
Hə, qurbanlıq bayramı. İslam qurbanı.
Səddam.
Edam.
Necə də həmqafiyədir.
Duaları. Ürəyində dediyi sonuncu kəlmə. Sonra Qəddafi. Alçaq ölüm.
Ayağımın altında uşaqların kəlləsi var idi. Qan, çoxlu qan var idi. Heç qurumayıb. Nə pis qoxudu, cəsəd qoxusu.
Qaçdım. Çox qaçdım. Uzaqlaşmaq üçün.

Atəş səsi. Gəlirdi. Gəlirdi. Kim idi bu atəşi açan ? Sükutumuzu pozan.

Sənsən Karl? Sapı özümüzdən olan balta. Saxtakar. Bəlkə sənsən ananın birəcik övladı? Öz torpağını qorumaq lazım olduğu halda, buralardan gedən. Uzaqdan-uzağa vətən hayqırıb kənardan döyüşə qatılan. Kənardan silah qaldıran. Kənardan vuran, öldürən.

Nə pis qar yağır. Elə bu qalmışdı. Ey, çəkil qulağımdan inilti. Mən nə edə bilərəm?
Sən, sən qarın içində yatan körpə.
Sən dağ basılıb gözləri çıxarılan qoca.
Sən süngüyə taxılmış balaca.
Sən bətninə daş doldurulmuş qadın. Qeyrət, namus.
Mən axı nə edə bilərəm? Nə edə bilərəm?
Axı hamı yatıb. Çox dərin yuxudadılar. Necə oyadım onları? Çox çalışdım oyanmadılar.
Daha səninlə mübarizə apaqmağa gücüm qalmadı, həyat!!!

Elə mən də yanınızda uzanacağam. Soyuqda. Cəsəd qoxuları burnumdan, ciyərlərimə dolacaq. Siz mənim sağ olmağıma , mən isə sizin ölümünüzə öyrəşəcəyəm. Hamı kimi. Yalnız hərdən-bir yadıma düşəcəksiniz. Anacağam sizi.

Gül qoyacam abidənizin önünə. Qisas ala bilməyəcəyəm. Bağışlayın məni. Çünki mən də bu təcrübədə istifadə olunmaq üçün bir maddəyəm.

Ya həll olacam, ya partlayacağam...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG