Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:02

Azərbaycanın nüvə planları narahatlıq yaradır


Arxiv foto
Arxiv foto
-
«İlk baxışdan qəribə görünür. Neft və qazla aşıb-daşan Azərbaycanın nüvə enerjisi nəyinə lazımdır?»

Jurnalist Şahin Abbasovun Eurasianet.org saytında dərc olunmuş məqaləsi belə bir sualla başlanır.

Kommunikasiyalar naziri Əli Abbasov
Kommunikasiyalar naziri Əli Abbasov
O yazır ki, yerli ekspert və fəalları da elə bu narahat edir. Lakin suallar bununla bitmir. Azərbaycan prezidenti İlham Əliyev mayın 8-də imzaladığı sərəncamla nüvə layihəsini Energetika Nazirliyinə və Sənaye Nazirliyinə deyil, Kommunikasiyalar və Yüksək Texnologiyalar Nazirliyinə, dəqiq deyilsə, Milli Nüvə Araşdırmaları Mərkəzinə həvalə edib. Sərəncamda xüsusilə vurğulanır ki, Azərbaycan nüvə enerjisindən «sırf dinc məqsədlərlə» istifadə etmək niyyətindədir.

Kommunikasiyalar naziri Əli Abbasov bildirib ki, icrasına bu ilin sonlarından başlanacaq layihə 3-4 il ərzində tamamlanacaq. O, öz çıxışında bir neçə nüvə reaktorunun tikintisindən söz açıb.

BİR, YOXSA BİR NEÇƏ REAKTOR?

Məqalədə deyilir ki, 2008-ci ildə Beynəlxalq Atom Energetikası Agentliyi Azərbaycanla ilkin razılaşmasında tədqiqat məqsədli 10-15 meqavatlıq bir reaktorun tikintisindən söhbət gedirdi. Reaktor qurğusu Bakıdan 15 kilometr şimalda yerləşməlidir.

Şahin Abbasov yazır ki, Əliyevlərin dədə-baba torpağı olan Naxçıvanda doğulmuş 61 yaşlı Abbasov doktorluğunu mikroelektronika sahəsində müdafiə edib, lakin nüvə enerjisi sahəsində təcrübəyə malik deyil.

Məqalədə qeyd olunur ki, Bakıda nüvə stansiyasının tikintisi planları hələ sovet dövründə mövcud olub, lakin bu planlar SSRİ ilə birlikdə 1991-ci ildə çöküb.

FRANSANIN ARZULARI

Müəllif ehtimal edir ki, bu layihə öz enerjisinin dörddə üçünü nüvə reaktorlarından alan Fransanın diqqətini cəlb edə bilər.

Francois Hollande
Francois Hollande
Bu niyyəti Bakıya mayın 12-də etdiyi səfər zamanı hətta Fransa prezidenti François Hollande da dilə gətirib və bildirib ki, adı çəkilməyən bəzi fransız şirkətləri nüvə stansiyasının tikintisi işində Azərbaycan hökuməti ilə əməkdaşlıq barədə düşünürlər.

Lakin bundan əvvəl cənab Abbasov meqastrukturların tikintisi sahəsində dünyanın nəhəng şirkətlərindən birinin - VINCI Construction Grands Projets-in adını çəkərək Parisin narahatlığına səbəb olub.

HÖKUMƏTİN MƏNTİQİ

Məqalədə deyilir ki, bir çox yerli ekspertlər Azərbaycan hökumətinin «nüvə ideyası»nda məntiq görə bilmirlər. İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan hazırda bundan sonra da inkişaf etmək üçün kifayət qədər enerji ehtiyatlarına malikdir.

Ölkədə istehsal olunan enerji hətta Rusiya və Gürcüstana ixrac edilir. Ekspert bildirir ki, nüvə layihəsi uran istehsal etməyən Azərbaycana çox baha başa gələcək. Lakin hökumətə daha yaxın mənbələr bildirirlər ki, bu layihədən məqsəd nüvə enerjisinin istehsalı deyil.

AZƏRBAYCAN DİQQƏTİNİ SUYA, KÜLƏYƏ VƏ GÜNƏŞƏ YÖNƏLTMƏLİDİR

2012-ci ilin fevralında Azərbaycan Milli Akademiyasının Radiasiya Problemləri İnstitutunun rəhbəri Adil Qəribov ANS kanalına müsahibəsində bildirmişdi ki, Bakı yaxınlığındakı stansiyadan yalnız elmi-tədqiqat məsələləri üçün istifadə olunacaq.

Bakı bu nüvə zavodunun məhsulundan yalnız tibbi müalicə məqsədləri ilə istifadə etməyi planlaşdırır və bu səbəbdən 16 gənc fizik təhsil almaq üçün xarici nüvə mərkəzlərinə ezam edilib.

Lakin bir sıra başqa ekspertlər bu qənaətdədirlər ki, Azərbaycanda əsas diqqəti alternativ enerji mənbələrinə su, külək və günəş enerjisindən istifadə istiqamətinə yönəltmək lazımdır.

Onlar həmçinin qeyd edirlər ki, Azərbaycan uzun müddət Ermənistandakı Metsamor Nüvə Stansiyasının bağlanmasını tələb edib və indi onun özünün belə bir layihəyə girişməsi siyasi ziddiyyət yaradır.

Azərbaycan rəsmiləri ekspertləri narahat edən bu kimi məsələlərə hələlik aydınlıq gətirməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG