Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

Gezi parkına gedən yollar minlərlə polisin nəzarətində [Video]


İstanbulda Taksim hadisələrinin ildönümündə yeni toqquşmalar
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Taksim hadisələrinin ildönümündə yeni toqquşmalar

-
GEZİ PARKI MİNLƏRLƏ POLİSİN NƏZARƏTİNDƏ

Mayın 31-də İstanbulda Taksim meydanına və ötən il etirazçıların işğal edərək sökülməsinin qarşısı alındığı «Gezi parkı»na gedən bütün yollar səhər saatlarından 25 min polisin nəzarətində idi.

Asiya və Avropa arasında bütün nəqliyyat təxirə salınmış, əsas meydana gedən yollar bağlanmışdı.

Ötən il «Gezi»də öldürülənləri anmaq üçün parka çiçək qoymaq və çıxış etmək istəyən insanların qarşısında sədd çəkildi. Bundan sonra qarşıdurmalar başlandı və gecə yarısına qədər davam etdi.

Polis müdaxiləsindən öncə Taksim yaxınlığında yüzlərlə insan «Katil AKP, istifa!» və «Her yer Taksim, her yer Direniş» şüarları səsləndirirdilər.

Ötən il Gezi etirazları bir parkı qorumaq çərçivəsindən çıxıb bir anda baş nazir Recep Tayyip Erdoğana qarşı çevrilmişdi.

A-DAN Z-YƏ NƏ LAZIMDIRSA EDİLƏCƏK

Baş nazir anım olayları öncəsi qatıldığı toplantıda Taksimə çıxmaq istəyən insanlara çağırış edib:

«Açıqlama veriblər. Bu axşam bir araya gələcəklərmiş. Geziçiləri Taksimə çağırırlar. Bura gəlmək fikrinə düşsəniz, bağışlayasınız gərək! Təhlükəsizlik qüvvələrimiz lazımi təlimatı alıblar. A-dan Z-yə nə lazımdırsa, edəcəklər».

İstanbul Siyasət Mərkəzinin siyasətşünası Cengiz Aktarın açıqlamasında Türkiyə İnsan Haqları Dərnəyinə istinadən bildirib ki, dünənki etirazlarda İstanbulda 13 nəfər ciddi xəsarət alıb, 180 nəfərdən çox adam polis bölmələrinə aparılıb.

POLİS MÜDİRİ: YETƏRİNCƏ GÖZƏL İŞ GÖRDÜK

Kameralara düşən görüntülər bu rəqəmlərin daha çox olduğunu göstərir. İstanbul Polis Müdiri Selami Altınok gecəyarısı xalqa yasaqladıqları Taksim meydanına gələrək polisə təşəkkürünü bildirdi:

«Məmur dostlarıma, rütbəli dostlarıma təşəkkür edirəm. Yaralanan dostlarımıza şəfa diləyirəm. Yetərincə gözəl iş gördük».

Həmin gün İstanbulla yanaşı, paytaxt Ankarada və Adana şəhərində də polis etirazçılara müdaxilə edib.

Hadisələri işıqlandırmaq istəyən jurnalistlər də polis zorakılığından yayına bilməyiblər. CNN İnternational müxbiri Ivan Watson canlı yayımla məlumat verərkən polis kameralar önündə onu saxlanılıb. Müxbir Türkiyə Jurnalistlər Cəmiyyəti press kartını göstərsə də polislər bununla kifayətlənməyərək ondan kimlik tələb edib. Ivan Watson jurnalistlərin Taksim meydanına girişini əngəlləyən polis məmurlarını qınadığını açıqlayıb və bunun Türkiyə üçün utancverici olduğunu bildirib.

Ötən il olduğu kimi yenə də axşam saat 9 civarında Gezi qurbanlarını anmaq üçün mənzillərdən tava-qazanı bir-birinə vurmaqla da küçəyə çıxmadan etirazlara qoşulublar.

2013-cü ilin 31 mayında polis Gezi Parkının sökülməsinə və yerində ticarət mərkəzi tikilməsinə etiraz edən dinc aksiyaçılara sərt müdaxilə etmiş, parkda gecələrini keçirərək hökumətə səslərini eşitdirmək istəyənləri gecə ikən bibər qazında boğmuşdu. Bu şiddətin ardınca müxtəlif siyasi mənsubiyyətli on minlərlə insan Taksim meydanına yürüş etmiş və Gezi parkını polisin əlindən alaraq işğal etmişdi.

Qarşıdurmalarda minlərlə insan zərər çəkmiş, ən azı 12 etirazçı öldürülmüşdü.

***
Ankara və İstanbulda polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Aksiyaçılar Gezi olaylarının- hökumət əleyhinə nümayişlərin ildönümünü qeyd etmək istəyiblər. Yüzlərlə insan İstanbuldakı Taksim meydanına doğru yürüyüb. Hökumət xəbərdarlıq edib və minlərlə əlavə polis toplayıb.

Taksim meydanına toplaşanlar hökumətin istefasını tələb ediblər. Polis kütləni gözyaşardıcı qazla dağıdıb.

Ötən il etirazçılar Gezi Parkında rekonstruksiyaya qarşı çıxırdılar. İstanbul və digər şəhərlərdə iğtişaşlar yaranıb.

Təkcə İstanbulda 120 etirazçının saxlandığı bildirilir. Türk mənbələri aksiyaçıların Molotov kokteylindən yararlandığını xəbərləyir. Türkiyənin digər şəhərlərində də saxlananlar olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG