Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:11

Suya qərq olmanın üstünlüyü


Əli Şirin Şükürlü
Əli Şirin Şükürlü
-

Əli Şirin Şükürlü


çıxma işarəsi

çıxma işarəsi daha yaxşıdı. baxmayaraq,
daha çox toplamadan istifadə edər adamlar.

atılmış o qəşəng qadın hər gün xərcləsə də özünü,
çox sevir yeniyetmə qızını. ən böyük arzusu
şərəfli və bəxtəvər ana görməkdi gələcəkdə onu.
çıxmaq istəyər o qəşəng qadın həyatından
gözəl əndamını tez-tez xərclədiyi anları.
çıxsa yerdə nə qalar:
övladını xoşbəxt görmək istəyən şərəfli ana.
- qayıtmamaq müşkülmü, ana, ay ana?
- hayana? hə, anladım: o ana?..

keçmiş məhbus – soyğunçuluq üstə yatıb
bir neçə dəfə. kasıb yaşayır amma. heç özünü sındırmaz
kasıb yaşasa da. vaxtılə yarımçıq buraxıb universiteti.
intellektualdı; hətta dostoyeskini, nitşeni, freydi oxuyub məhbəsdə.
tez-tez yol çəkir gözləri. bəzən xəyalən çıxar ömründən
bir para şər əməlləri; azalır çıxılan. fərq –
intellektual, yarımçıq universitet təhsilli qürurlu adam.
- adam, ay adam...
- son: onsuz da özünü edam.

istefada olan zabit iştirak edib cürbəcür savaşlarda.
çoxlu təltifləri var. hər gecə yuxuda susadığından qan içir
su əvəzinə. boğulur, oyanır yuxudan qan-tər içində.
çıxmaq istəyir bütün mübarizələri insan həyatından.
çıxa bilərsə, daima məğlubiyyətə məhkum insana qalan –
daimi zəfər.
- yolun harayadı, zəfər, ay səfər?
- yol elə özümə; daimi səfər.

bəzən,
bəlkə də tez-tez azca hissə qapılır
əsərin qəhramanı bu adamlar.

hesab müəllimi olsaydı
o qəşəng qadın,
o keçmiş qürurlu məhbus,
o istefada olan təltifli zabit
çıxma əməlini yəqin həvəslə öyrədərdi uşaqlara.

... – 22.04.2014


su məzar

mənzilim ikimərtəbəli evin birinci mərtəbəsində;
eyvandan dəniz görünür. evdən bir qədər aralı
üzü dənizə sükut içində daş məzarlar ağ-qara rəngli.

“bir qadını sel aparıb”.
“gənc bir qız atıb özünü dənizə”.
“sərnişin təyyarəsi uğrayıb qəzaya –
100-dən çox sərnişin heyətlə birgə itkin düşüb okeanda”.
...
bu tip müxtəlif məlumatlar yayılır mətbuatda.

hər ölüm faciədir; istər bir adam ölsün, istər yüz,
elə bir adı var – ölüm. burası məlum.
sadəcə, bir şey maraqlıdır:
israrla axtarırlar suda batan adamı. bu axtarışların
nə mənası görəsən, əgər suda batan adam
artıq soyunub cismini köhnə paltar kimi. insandır da,
bilmirlər yəni, dünyaya bənzəyir – mikromodeli dünyanın –
hər an dəyişə bilər üst-başın.

suya qərq olmanın üstünlüyü var hələ bəlkə də:
bir var dəfn olunasan torpaqda,
bir də var uyuyasan çayda, dənizdə, okeanda –
əbədi qarışasan sulara və ziyarətə gələlər
çay, dəniz, okean boyda məzarı;
dalğalar da ki “baş daşı yazıları”,
üstəlik gah həzin, gah da zildən melodiyası.

bu barədə düşünə-düşünə ötüb dənizin yanından,
tələsirəm
ikimərtəbəli evin birinci mərtəbəsindəki mənzilimə.
dəniz səviyyəsindən təxminən 100 metr yüksəklikdə
torpağın üstündə yerləşir o ev.

... – 16.04.2014



unudulmaq upuzun

tərk etmək və ya tərk edilməklə hər şey bitir – düşünür insan. hələ xatirələr də var axı. qorxursan; bir gün xatirələrdən də silinərsən, yəni unudularsan. unudularsan upuzun. unudulmaq – bir növ yaddaşlarda, düşüncələrdə yoxsan artıq. amma kiminsə səni unutması yox olmaq deyil hələ. hardasa yaşayırsan, başqa xatirələrə hopmusan ən azı. heç o adamın da – səni tərk edən, unudanın və ya tərk etdiyinin də içindən qovulmamısan. hardasa, şüurunun hansısa parçasında varsan, gizlənmisən. oyana bilər bir gün o hissə, onda oyanarsan sən də, yada düşərsən yəni.

səni unutdum və ya sən məni unutdun nə olsun. axı nə sən məndən, nə də mən səndən qırağdayam. heç nə itmir, sadəcə hopur gizlənir hardasa. bir zaman olduğun yerlərdə iz axtararsan, bəzən heç nə dəyməz gözünə. axı az əvvəl sən bu məkanı doldurmuşdun ölçülərinlə. bəs necə oldu, hara çəkildi o ölçülərin cızdığı təsvirlər?
gör yağış necə hopur torpağa, gör necə əriyir qar. sonra təzədən qayıdır səmaya. ya da təzədən dönür üzü aşağı, dönür torpaq olmağa.

unudularsan upuzun. yəni vaxt gedər vaxt sən unudulunca. hoparsan, çökərsən, əriyib qarışarsan yaddaşa. qırağa atılmazsan amma. odur ki, indi bizi sevənlər, sevgiylə xatırlayanlar unuda da bilərlər nə zamansa. amma eybi yox. xatirələr su kimidir; axar üzü aşağı. axar hopmağa, çökməyə və əriməyə. oyandısa od kimi qalxar, elə hey qalxar yuxarı, qalxar üzü səmaya.

hələ bu məmləkət. yaşadığın, yaşadığım bu şəhər. nə qədər adamı, nə qədər hadisəni yaddan çıxarıb bivəfa. indi qaynayır-daşır. bəzən bir-birinə yol vermir avtomobillər. bəzən də bir-birini yola vermir adamlar. kimi sevir, kimi sevmir, kimi xoşxasiyyət, kimi qəzəbli.

amma inan; hər an anlamasa da məqam gəlir hamı qorxur unudulmaqdan.
amma qorxma, unudulsan da ən azı kiminsə içindəsən. upuzun unudulmaq var, upuzun. təki qırılmasın zəncir; sən, mən, o və sairə. sən + mən + o + hamı = sonsuzluq – o sonsuzluğa bürünüb vahid; bölünməz, paylanar. paylansa da azalmaz, tamlığını itirməz.

bilirsən hardan başlayır sonsuzluq? – sən, mən, o və hamının dayandığı nöqtədən. harda dayansaq mən, sən, o və hamı sonsuzluq başlayar ordan. sonu olmasa da bitər hardasa. bilirsən harda bitər? – sən, mən, o və hamının hopduğu, çokdüyü, əridiyi nöqtədə. yəni elə səndə, məndə, onda və hamıda.

... – 07.06.2013

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG