Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 18:30

«Azərbaycanın balanslı siyasəti o səfiri narahat edir»


Millət vəkili Əli Hüseynli
Millət vəkili Əli Hüseynli
-
Mayın 30-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

«AZƏRBAYCANIN BALANSLI SİYASƏTİ O SƏFİRİ NARAHAT EDİR»

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli Rusiya-24 kanalının canlı yayımına qatılıb. Azxeber.com xəbər verir ki, deputat verilişdə ABŞ səfiri Riçard Morninqstarla bağlı suala da cavab verib. O deyib ki, Azərbaycanın balanslı siyasəti səfiri narahat edir:

«Bu hadisələr o zaman meydana gəlir ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış siyasət yürüdür və öz mövqeyini ortaya qoyur. Onu da deyim ki, ABŞ-ın da Qafqaz regionunda maraqları var. Azərbaycanı Ukrayna ilə müqayisə etmək düzgün deyil. Çünki artıq neçə il idi ki, Ukraynada siyasi cəhətdən gərginlik var idi və bu hadisələr gözlənilən idi. Azərbaycanda isə bu baxımdan heç bir problem yoxdur. Bizim ölkədə heç vaxt belə məsələlər gündəmə gəlməyəcək, çünki xalq öz seçimini edib».

RUSİYADAN ÇAĞIRIŞ
Sergey Markov
Sergey Markov
AzərTAc: Rusiya Federasiyasının Beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya komissiyasının rəhbəri, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycanda Respublika Gününə həsr olunmuş «Yeni Azərbaycan: nailiyyətlər, çağırışlar, perspektivlər» adlı «dəyirmi masa»da çıxış edib.

O, bildirib ki, Dağlıq Qarabağda indiki status-kvo 20 il bundan əvvəlki qüvvələr nisbətinin nəticəsi və əksidir. Lakin o vaxtdan qüvvələr nisbəti əsaslı surətdə dəyişmişdir.

Azərbaycanın iqtisadiyyatı, hərbi büdcəsi, silahlanma səviyyəsi Ermənistan ilə müqayisəyə gəlməz. Amma bu toplanmış qüvvənin konkret realizə olunması ilə bağlı problem vardır. S. Markovun fikrincə, Minsk qrupunu fəallaşdırmaq üçün Azərbaycan-ABŞ və Azərbaycan-Fransa formatında dəyişikliklər olunmalıdır.

Rusiya həm Azərbaycan, həm də Ermənistan ilə mehriban qonşuluq və dostluq münasibətlərindədir. Düzdür, Ermənistan KTMT-nin üzvüdür və Avrasiya İttifaqına daxil olmağı planlaşdırır. S.Markov deyib:

«Düşünürəm ki, gələcəkdə Azərbaycanın da Türkiyə ilə birlikdə Avrasiya İttifaqına girməsi maraqlı olardı».

«YENİ SSRİ» TƏSİS OLUNDU
Vladimir Putin; Nursultan Nzarbaev; Alyaksandr Lukashenka
Vladimir Putin; Nursultan Nzarbaev; Alyaksandr Lukashenka
«Yeni Müsavat» yazır ki, Putin Qərbə qarşı ən böyük ittifaqı yaratdı; Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi Birliyini rəsmən elan etdi; Ermənistan iyunun 15-də bu ittifaqa qoşulacaq; İlham Əliyevin məktubu Sarksyana soyuq duş effekti verdi; Qərblə Rusiya arasında uçurum daha da dərinləşir...

Bu, Avropa Birliyindən sonra dünyada ikinci böyük iqtisadi birlik olacaq. Bu birlik 170 milyondan çox insanı özündə birləşdirəcək. Birliyin 900 səhifəlik sənədləri üzərində 3 ildən artıq idi ki, iş gedirdi. Sənədlərdə üzv ölkələr arasında miqrasiya və gömrük maneələrinin aradan qaldırılması əsas şərt kimi göstərilib. Rusiya, Qazaxıstan və Belarus əhalisi ittifaq daxilində rahatlıqla hərəkət edə biləcəklər.

Onlar harada oxuyacaqlarını, yaşayacaqlarını və işləyəcəklərini özləri seçəcəklər. İqtisadiyyatın mühüm sahələri olan energetika, sənaye, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrlə bağlı dövlətlər razılaşdırılmış siyasət yeridəcəklər. Bu da üç ölkənin gəlirlərini 15 faizədək artıracaq.

Avrasiya İttifaqının əsas mərkəzi qərargahı, gözlənildiyi kimi, Moskvada, məhkəməsi Minskdə, maliyyə mərkəzi isə Alma-Atada yerləşəcək. Mayın 29-da imzalanan müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

«OLA BİLƏR AZƏRBAYCANI ŞİRNİKLƏNDİRSİNLƏR»

«Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrdən iqtisadi, maliyyə, enerji, nəqliyyat və kommunikasiya asılılığı yoxdur. Ona görə də ittifaqa qoşulması üçün Rusiyanın Azərbaycana təzyiq etmək imkanları çox zəifdir. Hesab edirəm ki, Moskva Azərbaycanı şirnikləndirici təkliflərlə ittifaqa qoşmağa çalışacaq».

Rasim Musabəyov
Rasim Musabəyov
​Politoloq, deputat Rasim Musabəyov «Media forum» saytına belə deyib. Deputat bildirib ki, rəsmi Bakı ittifaqın hansı xeyir gətirəcəyini əvvəldən bilmək istəyir:

«Azərbaycan rəhbərliyi soruşur ki, Avrasiya İqtisadi İttifaqı hansı fayda verəcək. Bu təşəbbüsü irəli sürənlər ittifaqın Azərbaycan üçün faydasını göstərə bilmir. Ona görə də bizim ora daxil olmağımızda təkid etmirlər. Amma Ermənistana deyirlər ki, böyük qazancınız olacaq, qazı ucuz alacaqsınız. Qazaxıstan, Belarus üçün də ittifaqın faydasını əvvəldən göstərə bilirlər.

Amma Azərbaycan üçün qazancı əvvəldən göstərə bilmirlər. İttifaqa qoşulacağıq ki, kiməsə ucuz neft-qaz sataq? Yaxud ittifaq üzvü olan ölkələrin keyfiyyətsiz sənaye mallarını öz ölkəmizə buraxaq, Avropa və Asiyada istehsal olunmuş daha keyfiyyətli və ucuz sənaye mallarından imtina edək? Bu bizim nəyimizə lazımdır?

Ölkə hər hansı birliyə qoşulursa, bunun nə fayda gətirəcəyini əvvəldən bilməlidir. Ola bilər Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hansısa təkliflər olsun, Azərbaycanı şirnikləndirsinlər. Təkliflər olanda ona baxarıq».

POLAD BÜLBÜLOĞLU: «AZƏRBAYCANDA RUS MƏKTƏBİ BAĞLANMAYIB»

«Rusiya ilə münasibətlər Azərbaycan üçün çox vacibdir».
Polad Bülbüloğlu
Polad Bülbüloğlu
Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu «Parlament qəzeti»nin mətbuat mərkəzindəki görüşdə deyib.

P. Bülbüloğlu qeyd edib ki, Azərbaycanda heç bir rus məktəbi və ya universiteti bağlanmayıb. Səfir ötən il ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin 3,5 milyard dollar olduğunu vurğulayıb.

ALMANİYADA HAKİMİYYƏTİ QƏZƏBLƏNDİRƏCƏK TƏDBİR

«Azadlıq» qəzeti xəbər verir ki, iyunun 2-də Berlində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi Kristofer Ştrasser «Siyasi məhbuslarsız Avropa yolunda» adlı konfrans təşkil edir.

Konfransın təşkilatçısı qismində hazırda Almaniyanın insan haqları üzrə müvəkkili olan Kristofer Ştrasserlə yanaşı Azərbaycanla bağlı «kürü diplomatiyası» hesabatının müəllifi olan Avropa Sabitlik Təşəbbüsü (ESİ) çıxış edir.

Konfransa maliyyə dəstəyini isə Açıq Cəmiyyət Fondu verir. Konfransda məruzəçilər arasında Norveç Helsinki Komitəsinin baş katibi Byern Enqesland, Almaniya federal hökumətin insan haqları siyasəti və humanitar yardım üzrə keçmiş komissarı (ombudsman) Markus Löninq, İrlandiyadan deputat Maykl Maknamara, Berlində yaşayan blogger, «Meydan» TV-nin rəhbəri Emin Milli, Rusiyada istintaq təcridxanasında öldürülən vəkil Sergey Maqnitskinin işlədiyi «Hermitage Capital» investisiya fondunun baş direktoru, ABŞ-da Rusiyaya qarşı «Maqnitski aktı»nın qəbul edilməsi üçün genişmiqyaslı kampaniya aparmış Bill Brauder və digərləri var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG