Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:33

Petro Poroshenko-nun Azərbaycanda biznesi var


Petro Poroshenko
Petro Poroshenko
-
Mayın 27-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir​


UKRAYNANIN YENİ PREZİDENTİNİN AZƏRBAYCANDA BİZNESİ VAR

“Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko indiyədək bir neçə dəfə Azərbaycanda olub”. Bunu “Media forum” saytına Ukraynada yaşayan azərbaycanlı politoloq, Petro Poroshenko-nun seçki qərargahının koordinatoru Xaqani Hüseynli deyib.

Xaqani Hüseynlinin sözlərinə görə, Petro Poroshenko-nun Azərbaycanda şəxsi biznesi də var: “Onun sahibi olduğu “Roşen” şokolad firmasının Bakıda rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Firma Azərbaycanda geniş satış şəbəkəsinə malikdir, işini çox uğurlu qurub. Vaxtilə “Roşen” firması şokolad istehsalında istifadə olunan xammalın bir hissəsini Azərbaycandan alırdı”.

VİCDAN MƏHBUSLARI ÜÇÜN XÜSUSİ ƏFV OLACAQ

siyasi məhbuslar
siyasi məhbuslar
“Yeni Müsavat” mayın 26-da imzalanmış əfv fərmanına hüquq müdafiəçilərinin tənqidi münasibətini dərc edib. “Mötəbər mənbədən aldığımız məlumat onu göstərir ki, siyasi dustaqlarla bağlı problem çox da uzun çəkməyəcək: “19 iyunda əsasən siyasi məhbuslara şamil olunan əfv fərmanı imzalanacaq. 24 iyunda Azərbaycan prezidenti AŞPA sessiyasının açılış törənində çıxış edəcək. Həmin günə qədər siyasi məhbuslarla bağlı problem tam olaraq həll ediləcək”. Mənbə “Yeni Müsavat”a deyib ki, Azərbaycan hökuməti bu taktikadan bundan əvvəl də istifadə edib.

“ABŞ SƏFİRİ İCAZƏSİZ ELƏ MÜSAHİBƏ VERMƏZDİ”

Politoloq Vəfa Quluzadə “Azadlıq” qəzetinə müsahibə verib. Politoloq ABŞ səfiri Richard Morningstar-ın AzadlıqRadiosuna son müsahibəsi barədə deyir ki, səfirin müsahibəsində çox məqam var. “Orada yalnız Azərbaycanın suverenliyinə qarantla bağlı mesajlar yer almayıb. Çünki səfir eyni zamanda vurğulamışdı ki, Azərbaycanda da Ukraynadakı Maydan hərəkatı ola bilər. Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin sərt reaksiyasına məhz bu fikir səbəb olub. Diplomatik protokol baxımdan ABŞ səfiri burada səlahiyyətlərini aşıb. Lakin bunu bilərəkdən, səhv etməyərək edib. O, bu barədə Dövlət Departamentindən göstəriş aldığına görə edib. Mən inanmıram ki, ABŞ səfiri özbaşına bu cür açıqlamalar verə bilər. Bu, ABŞ-ın mövqeyidir. Bunu da nəzərə almaq lazımdır. Azərbaycan ABŞ-la əlaqələri kəsmək fikrində deyil. Azərbaycan hakimiyyəti ABŞ-la hər bir əməkdaşlığa hazırdır, amma iqtidar daxili məsələlərə müdaxiləni istəmir”.

BAKIDA YENİ DƏNİZKƏNARI BULVAR SALINACAQ

“AzərTAc” xəbər verir ki, Pirallahıda yeni dənizkənarı bulvar və çimərlik salınacaq.

“Pirallahı qəsəbəsində sahil xətti boyunca bir çox sahələrdə mövcud olan antisanitar vəziyyət aradan qaldırılıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, bu əraziləri abadlaşdırmaq və sakinlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb.

Hazırda dənizkənarı bulvar və yeni salınan parkın ərazisinə düşən lüzumsuz və qeyri-qanuni çəpərləmələr və köhnə taxta hasarlar sökülür. Eyni zamanda, köhnə dəmir yolu stansiyalarının istismara yararsız binalarının sökülərək yerlərinin abadlaşdırılması və yaşıllıqlarının salınması işləri davam edir”.

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ SƏRGİ VAR

Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi
Mayın 26-da Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fotoqraflarından olan Anri Kartye-Bressonun fərdi sərgisinin açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, görkəmli sərgi ilə tanış olublar.

Anri Kartye-Bresson Corc Rocer, Devid Kim Seymur, Robert Kapa ilə birgə nüfuzlu “Magnum” fotoagentliyinin təsisçilərindən biri olub. Onu “fotojurnalistikanın sütunu” adlandırırlar. A.Kartye-Bresson rəssamlıqla da məşğul olub. O, fotoqrafiyada zamanın və “həlledici an”ın roluna böyük əhəmiyyət verib. Sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 80-dən çox əsəri nümayiş olunur. Sərgi iyulun 27-dək davam edəcək.

ELMAN RÜSTƏMOVUN QIZININ GEYİMİ KANNDA

Kann kinofestifalında iştirak edən Rusiyanın tanınmış teleaparıcısı Viktoriya Bonya azərbaycanlı modelyer, Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı Günel Rüstəmovanın kolleksiyasına müraciət edib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Kann kinofestivalı çərçivəsində QİÇS əleyhinə təşkil edilən və növbəti gecələrdən biri olan “amfAR”a teleaparıcı “Gyunel” brendinə aid ziyafət donu ilə qatılıb. Rusiya mətbuatı Bonyanın geyimini bəyənsə də paltarın ölçülərinin ona uyğun olmadığını vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG