Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:00

Xırdalandakı hasarlamanın qapı-pəncərəsiz qoyduğu evlər


Xırdalanda evlərin qarşısından çəkilən hasar
Xırdalanda evlərin qarşısından çəkilən hasar
Sulutəpə dairəsi deyilən ərazidə, Şamaxı istiqamətində yol kənarı hasarlanır. Ərazidə yaşayanlar bu hasarları belə də adlandırır – gözəllik hasarı... Kimin yol kənarında evi, mağazası, başqa obyektləri varsa, hündür hasarların arxasında qalıb. 3 gündür ki, evinə daxil ola bilməyənlərdən biri də Qalib Əliyevdir. AzadlıqRadiosunun “Qaynar xətt”inə bu “hasar əməliyyatı”ndan başı çəkdiklərindən danışır:
Qalib Əliyev
Qalib Əliyev

"DEDİLƏR EVİNİ VER, AXIRDA DİVARINA AĞLAY DÜZƏRİK"

“7 ay əvvəl Abşeron rayon icra hakimiyyətindən və hasarlama işlərini görən tikinti şirkətindən gəldilər. Dedilər ki, abadlıq işləri aparılır, yolboyu evlərin, obyektlərin qarşısı hasarlanacaq. Xahiş etdilər ki, evinin ikinci mərtəbəsini ver fəhlələrə, işlədikləri müddətdə evdən istifadə etsinlər, əvəzində sənin evinin qarşısını hasarlamarıq. Üstünə ağlay vurarıq, kifayət edər. Mən də razılaşdım. 7 ay ərazidəki hasarlama işlərini mənim suyumdan istifadə etməklə gördülər. Bir qəpik də nə işıq, nə su pulu verməyiblər. Neçə dəfə ikinci mərtəbədə suyu açıq saxlamışdılar, evi su basmışdı”.

Deyir, beləcə, fəhlələr onun evindən istifadə edərək yol kənarı boyunca hasar işlərini görürlər. İşlərin sonuna yaxınlaşanda təklif edirlər ki, evinin divarını ağlay etdirmək üçün müəyyən miqdarda pul ödəsin:

"BAŞÇI MƏNİ ARXAYIN ELƏDİ"

“Dedim, axı əvvəldən təklifiniz belə oldu ki, evini ver bizə, əvəzində divarını ağlay edək, qarşısından hasar çəkməyə ehtiyac qalmasın. Əvvəldən dediklərini dandılar. Bildirdilər ki, ya pul ver, ya da istəmirsənsə evinin qarşısı bu vəziyyətdə qala bilməz, hasarlamalı olacağıq”.

Qalib Əliyev Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbuluna getdiyini, ancaq başçının onu arxayın saldığını deyir.

“Mayın 20-də səhər əraziyə gələndə gördüm ki, evimin qarşısını elə hasarlayıblar ki, heç 30 santimetr məsafə də qalmayıb. Qapını, pəncərəni bağlayıblar. Evə giriş-çıxış yeri qoymayıblar. Evimə girə bilmirəm. Halbuki, baş memarın layihəsində hasar yol kənarındakı evlərdən, obyektlərdən 3,4 metr aralı çəkilməli idi”.

Şikayətçinin sözlərinə görə, fəhlələr evini elə vəziyyətə salıblar ki, qapı-pəncərə yerini bərpa etsələr belə, içərisində yaşamaq mümkün deyil.

Xırdalan şəhər icra nümayəndəsinin müavini Zakir Həsənov suallarımızı qısa cavablandırdı:

“Hasarlarda qapı yerləri qoyulur. Bir gün görüşüb ətraflı danışarıq. Çox üzr istəyirəm, tədbirə gedirəm”.

Qalib Əliyev başına gələnlərlə razılaşmayaraq sığınacaq almaq üçün ölkədəki bir neçə səfirliyə müraciət etdiyini deyir.
XS
SM
MD
LG