Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:02

İki sevgi daşımağın ağrısını yaşayıram


Nigar An
Nigar An
-

“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş Nigar Andan şeirlər



Nigar An


***


Daş adam!
Mən yorğun biriyəm.
Bilirsən, yüküm necə ağırdı?!
İki sevgi daşıyıram.
İki sevgi daşımağın ağrısını yaşayıram.
İkisini birləşdirsən bir adamdı,
Hərəsinin yarısını sevirəm.
Sevdiyim adamlar adi, mən bir az surətpərəst,
Məni sevənlər daimi, mən sevdiklərim həvəs.
Dayaz adamları sevdim ki, boğulmayım.
Daş adam!
Səndən gözləntim yoxdur.
Dostum olma, çoxdu dostum mənim.
Dinlə sadəcə yoldan ötən kimi.
Sev məni kosmopolitin sevdiyi vətən kimi.
Sevgilim olma, sevgilim var mənim.
Oxşa məni,
Səmtini dəyişmiş gilavar kimi,
Elə oxşa, hiss edim var kimi.
Daş adam!
Bizim “daş evlər” söküləndən sonra
Daş kimi yatıb “daş yuxular” görməyə başladıq.
Anamız “başına daş düşsün” deyəndə
bizi başımıza gələcəklərə,
başımıza düşəcəklərə hazırlayırdı.
Ürəyim daşa dönüb –
Artıq pulum olanda da
istəyirəm, əl açana əhəmiyyət vermədən keçəm.
Mən bir az sevilməkdən yorulanam,
mən bir az qudurğanam,
mən bir az heçəm.
Bu gecə səni yuxumda gördüm.
Mənə aid olan nədəsə oldun, şükür,
mənim yuxuma gəldin.
Yuxuda da daş kimi soyuq,
yuxuda da ağıllı, ayıq...
Biz səninlə yuxuda da
Yabancıyıq, başqayıq...
Daş adam!
Nə olar, yenə yuxuma gəl,
1-ci şəxsin cəmində
“Başqa olaq”...

02.11.2013
19:26
05. 11. 2013



***


Ağ ölüm

Nə qədər düsturla hesablasam da,
Mən səni tapmadım, tapa bilmədim.
Söz atıdı nədi, ona da mindim,
Nala-mıxa vurdum, çapa bilmədim.

Sənin uzaqlığın çox müqəddəsdi,
Tərtəmizdi, pakdı gedişlərin də.
Qorxuram yenidən taparam səni,
Saflığın əriyər öpüşlərimdə.

Elə it ki, bir də qarşılaşmayaq,
Nə sağlığıma gəl, nə də yasıma.
Sənlə “bədbəxt olmaq” nəsib deyilmiş,
Kimsə əl gəzdirib alın yazıma.

Sən mənim bildiyim ən çox adamsan,
Mənim tənhalığım qu tənhalığı.
Bu qədər çoxluğu neyləyəcəksən?
Birini ver, ovut bu tənhalığı...

Gülüşün bir ömrə bəs eyləyəcək
qədərdi, bəlkə də artıqdı, inan.
Sən ilk dəfə bu cür güləndə, gözüm,
Dünya heyran-heyran susub, çox güman.

İndi yorğunam mən, il yorğunuyam,
Fikir yorğunuyam, dil yorğunuyam.
Bilmirəm dünyanın hansı çəmidi.
Cəfəng sevgiləri unutmaq deyil,
Saçımdan asılıb bir ağ ölümün
Üzünə sevgiylə gülmək dəmidi.

10.03.2014
17:46



***


Məni bağışlama...
Bağışlananlar günahkar qalır həmişə.
Bir kəpənək ömrü istəyirəm təbiətdən
səni təzədən unutmaqçün...
Bu dünyada bacardığım ən asan şeydi unutmaq,
ən əla sənətdi unutqan olmaq.
Səni heç vaxt sevmədim...
Bilirsən, peşəmə yaddı,
Təbiətimə yaddı.
Nədi axı sevmək?!
Məncə, yalnızların uydurduqları
quru bir addı!
Bir payız axşamı istəyirəm,
bir də o bolsulu çayın sahilini.
Yeni bir doğuluş istəyirəm
yad bir bədəndə.
Bu dəfə dünyanı eyninə almayan sərxoş bir rus,
ağıllı bir çinli
və ya döyüşkən bir monqol
olmaq istəyirəm.
Yad bir bədəndə bu həyatdan
yenidən bezmək istəyirəm.
Səni heç vaxt sevmədim...
Klassik hisslərdən başqa
yeni nəsə doğulmadı.
Mən zatən çox arzusu olan biri deyiləm,
sevinməyə səbəb də axtarmıram.
Mənim yalnızlığım elə qibtə ediləsidir ki,
aldığım gündən geri qaytarmıram.
Mənə o çayı anlat....
Sibirdən danış azca.
Sevmədiyin...
Soyuğu adam unutduran Sibirdən...
Mənə insanları ovutduran Sibirdən...
Bir vaxt mən məcbur idim orda doğulmağa,
orda qalmağa...
Amma indi...
İndi nə qədər arzulasam da,
gedib çata bilmirəm
Amurun sularına dalmağa...
Səni heç vaxt sevmədim...
Bu diyarı sevmədiyim kimi...
Səni adam kimi sevdim,
səni atam kimi sevdim...
Mənə söz vermişdin.
Söz vermişdin Amura aparacağına.
İndi Amur elə təkdi ki...
Məni elə gözləyir ki...
İçimdəki ağrını hiss edərkən
o bol suyu elə öləziyir ki...
Qoymayın suyu qurusun.
Adam ölsün, Amur ölməsin!
Aşıb-daşsa,
insanlardan sədd qurun!
Ölmək dəmidir, adamlar,
məni Amura çatdırın...

04.04.2014.
20:02

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG