Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:12

Şirinqumda 23 ildir daxmada yaşayanlar...


Cağazur
Cağazur
-
Laçın rayonunun işğal olunan Malıbəy, Cağazur, Kamallı və Kosalar kəndinin sakinləri İmişli rayonunun Şirinqum adlanan ərazisində köç salıblar. Bu ərazidən Ağcabədiyə 40, İmişliyə 30, Beyləqana isə 50 km məsafə var. Üstəlik, əraziyə gələn yollar baxımsız qalıb. Köçkünlər deyir ki, Laçın rayon İcra Hakimiyyətindən heç kim bu əraziyə gəlib onların vəziyyəti ilə maraqlanmaq istəmir. Burada kənd sakinləri içməli suyu da uzaq məsafə qət edib traktorla gətirirlər.

«23 İLDİR DAXMALARDA YAŞAYIRIQ, İLANLARLA...»

Laçın rayon Cağazur kənd sakini Maarif Heydərov:

«23 ildir ki, yeraltı daxmalarda yaşayırıq, ilanlarla yoldaşıq. Nə «Qaçqınkom»dan, nə rayon, nə də respublika rəhbərliyindən bizimlə maraqlanan var. Yağış yağdısa, heç hara hərəkət edə bilmirik. Xəstəmiz olanda, əgər yağışlı havadırsa, deməli, burada ölməlidir. Ölülərimizi traktorla aparıb basdırırıq».

«HƏRƏNİN 5-10 DƏNƏ QOYUNU VAR»

Maarif Heydərov:

«Məcbur qalmışıq ki, xarici ölkələrə müraciət edək ki, bizə sığınacaq versinlər. Nə qədər məktub yazsaq, şikayət etsək də, baxan yoxdur. Hərənin 5-10 dənə qoyunu var. Əkdiyimiz əkinləri çəyirtkə dağıdır, içməli suyumuz yoxdur.
«Yağış yağdısa, heç hara hərəkət edə bilmirik»
«Yağış yağdısa, heç hara hərəkət edə bilmirik»
Xahiş edirik dərdimizə əlac edin».

«ONU VAXTINDA XƏSTƏXANAYA ÇATDIRA BİLMƏDİK VƏ...»

Cağazur köçkünü Qərib Heydərov:

«Bir neçə ay bundan qabaq burada bir ağır xəstəmiz oldu. Yol palçıqlı olduğuna görə onu vaxtında xəstəxanaya çatdıra bilmədik və öldü. Adamın ürəyi ağrıyır. Biz hansı dövrdə yaşayırıq? Xahiş edirik ki, əsas olaraq yolumuzu təmir etsinlər».

Cağazur sakini Böyükağa İsayev:

«Burdan daş yola çıxmaq üçün gərək tank, BMP sifariş edəsən. Danışanda deyirlər ki, əşi neynirsən, sakit ol, hər şey düzələcək. Ancaq düzəlmir ki, düzəlmir».

«ORADA ƏHALİ LAP YAXŞI DOLANIR»

Laçın rayonu Cağazur kənd icra nümayəndəsi Ağəli İbrahimov isə şikayətləri əsassız sayır:

«Həmin ərazidə yol əvvəllər pis olub. Ancaq təzəlikcə İmişlidən həmin əraziyə daş yol çəkilib. Orada 3 oba var - Malıbəy, Cağazur, Kamallı. Həmin daş yol düz Malıbəy kəndinə kimi çəkilib. Malıbəydən Cağazur kəndinə kimi olan yol torpaq yoldur, yağış yağanda möhkəm palçıq olur, gedib-gəlmək çətinləşir.
Kənd sakinləri
Kənd sakinləri
Gələcəkdə həmin ərazilərdə köçkünlər üçün yeni müasirtipli qəsəbələr salınacaq və digər problemlər həll olunacaq. Yəni, bu, hələ rəsmi deyil, ancaq hər oba üçün ayrıca qəsəbə tikiləcək. Mən özüm tez-tez həmin ərazidə oluram, icra başçısı, səhv etmirəmsə, 2 ya 3 dəfə ora gedib. Tez-tez başçının müavinləri gedib əhali ilə maraqlanırlar. Elə şey olmaz ki, əhali ilə maraqlanmayasan. Cağazur kəndinə qış aylarında yanacaq, bayramlarda ərzaq yardımları vaxtlı-vaxtında çatdırılır. Tam nəzarət olunur. Bu il pis gəldi, ona görə bir az əhalinin heyvanlar üçün qış tədarükü çətin olacaq. Ancaq orda gözəl şərait var. Bizim obada məktəbyaşlı uşaqlar yoxdur. Ona görə də məktəb yoxdur. Mal-heyvana görə orada yaşayırlar. Hamının Bakıda, digər rayonlarda evi var. Orada içməli su da, təsərrüfat suyu da var. Hər bir kəsin 50, 80, 100 hektar yeri var. Adam var ki, yalan danışır. Dövlət səviyyəsində onlara icazə verilib ki, heyvanlarını saxlasınlar. Elə ora su bol gəldiyinə görə hər yeri şoranlaşdırdı. Hazırda rayonun o qədər vəsaiti də yoxdur ki, həmin problemləri həll etsin. Qəsəbələr tikiləndə məktəb də, bağça da, digər lazımı şeylər də öz həllini tapacaq».
XS
SM
MD
LG