Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:25

Anar Məmmədlinin işində zərərçəkən ifadə verib


Anar Məmmədli
Anar Məmmədli
-
Mayın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəallar Anar Məmmədlinin, Bəşir Süleymanlı və Elnur Məmmədovun məhkəməsi əvvəlkilərdən fərqləndi. Cinayət materiallarında zərərçəkən kimi tanınan Həsən Həsənov təqsirləndirilən şəxslərin əleyhinə ifadə verdi.

İndiyə kimi məhkəmədə dindirilən zərərçəkənlərin heç biri Anar Məmmədli və digərlərindən şikayətçi olmadığını bildirmişdilər.

Həsən Həsənov isə Anar Məmmədli və Bəşir Süleymanlıdan şikayətçidir, deyir ona vəd edilən əmək haqqını ödəməyiblər.

“MƏNƏ DEYİLƏN MAAŞI VERMƏDİLƏR”

Həsən Həsənov məhkəmə ifadəsində göstərdi ki, o, 2013-cü ilin iyun ayından sentyabra qədər Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində çalışıb.

İş müddətində isə Anar Məmmədli və Bəşir Süleymanlı ilə bəzi məsələlərdə aralarında narazılıq yaranıb. Narazılığın səbəbini izah edən Həsənov deyir:

- Şənbə-bazar günü bizi işə çağırırdılar, amma bunun üçün əlavə maaş ödənmirdi.

Zərərçəkənin sözlərinə görə, ona 500 manat maaş vəd olunub, amma cəmi 100 manat verilib.

- Mən hər ay 456 manata qol çəkirdim. Bəşir mənə deyirdi ki, hələ qrant vəsaiti tam köçməyib, köçəndə artıqlaması ilə ödəyəcəyik. İndi isə ofis xərcləri üçün ehtiyacımız var. Mən də ümid edirdim ki, pulumu ödəyəcəklər.

Həsən Həsənov ATƏT-in Bakı ofisi ilə bağlanan 4 aylıq fərdi müqaviə zamanı aldığı 300 avronu da Bəşir Süleymanlıya verdiyini deyir: “Yalnız ilk ayı 300 avro maaşı aldım, sonrakı aylar isə ofis xərclərini əsas gətirib məndən bu pulu aldılar”.

“BAĞLAMADAKI QƏBZLƏRİN FOTOSUNU ÇƏKDİM”

Zərərçəkən deyir ki, o, təlim keçirilməsi üçün Sabirabada gedəndə yerli koordinator ona Bakı ofisinə çatdırılması üçün bağlama verib: “Mən o bağlamanı gətirib açdım, gördüm ki, benzin alınmasını göstərən qəbzlərdi. Sübut üçün şəklini çəkdim. İstintaqa ifadəmdə də bunu demişəm”.

Həsən Həsənov məhkəmə ifadəsində bildirdi ki, ötən ilin yayında Anar Məmmədli restoranda ad günü keçirib: “Mən də orda iştirak etdim. Anar mənə dedi ki, çek al, sonra lazım olar. O çeki pul silmək üçün istəyirdi”.

“BU İTTİHAM ƏSASSIZDIR”

Həsən Həsənovun ifadəsi təqsirləndirilən şəxslərdə narazılıq yaratdı. Bəşir Süleymanlının vəkili zərərçəkənin əmək haqqı ilə bağlı dediklərini əsassız saydı. Zərərçəkən vəkillərin “sənə deyilən əmək haqqının ödənməməsi ilə bağlı məhkəməyə müraciət etmisənmi, mülki iddia qaldırmısanmı” sualının cavabında dedi ki, məhkəməyə müraciət etməyib. Anar Məmmədli isə bəzi məqamları aydınlaşdırmağa çalışdı. Onların arasında belə bir dialoq oldu:

- Sənə verilən bağlamanı açıb qəbzlərin fotosunu çəkməkdə məqsədin nə idi? Axı ondan sonra bir ay da bizimlə çalışmısan.
- Artıq maaşa görə aramızda münaqişə vardı. Mən də çeklərin fotosunu çəkdim ki, sonra lazım olar.

- Ad günümdə restoranda aldığım çeki maliyyə hesabatına daxil etməyimi nə ilə sübut edə bilərsən?

- Mən güman elədim ki, çeki bunun üçün istəyirsən.

“BÖHTANA GÖRƏ MƏHKƏMƏYƏ VERƏCƏYİK”

Anar Məmmədlinin vəkili İradə Cavadova deyir ki, indiyə kimi dindirilən zərərçəkənlər təqsirləndirilən şəxslərə qarşı heç bir mülki iddia irəli sürməyib, şikayətçi olmayıb. Həsən Həsənov müttəhimlərə böhtan atır, dediklərini heç bir sənədlə sübuta yetirə bilmir: “Biz bu məhkəmə yekunlaşandan sonra Həsən Həsənovu böhtan atdığı üçün məhkəməyə verəcəyik. Çünki o burda dediklərinin heç birini sübuta yetirə bilmədi. Anar Məmmədli ictimai nüfuzu olan adamdır, zərərçəkənin əsassız ittihamları isə onun nüfuzunu zədələyir”.

Məhkəmə prosesi mayın 6-da davam edəcək.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, Bəşir Süleymanlı və Elnur Məmmədov qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” Anar Məmmədlini “vicdan məhbusu” sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG