Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:21

Fərid Həsənzadənin 20-liyə düşməyən şeirləri


Fərid Həsənzadə
Fərid Həsənzadə
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Fərid Həsənzadə


Nifrət

səni sevən birini sevməməkdi
ən böyük cəza

ya da üzünü görəndə qusmağın gələn
bir adamın səni çox istəməsi

ağzını yumub
gözünü açmaqdan ibarətdir
əslində həyat
onsuz da bu dünya ağzını açıb
səni udacağı günü gözləyir
səbirsizliklə

kitabı yoxdu həyatın
kitabsızdı həyat!
ona görə də
məktəbdə dərslərini yaxşı oxuyanlar
“həyat”dan kəsildilər
özümdən bilirəm...

gücsüzlər meşədə məhv olardı əvvəllər
indi doğulmağa qorxurlar

insanlara baxıb şükür eləyir
yırtıcılar
daha ceyranlar özləri girir
şirlərin ağzına

mərhəmət - ən gülməli sözdü indi
vicdan-dan bir az qabaq
dəyişmişdi dünyasını, yadımdadır

unutma
bunun adı həyatdı
sənin adın insan

içindəki nifrət qədər varsan
Vəssalam !


Sinonim

Üşüyür uşaqlar
nəm salfet sata-sata
Elə hey qızarır şaxtadan
öpüşə həsrət yanaqlar

Qışqırır: beşi bir manata
Bilinmir satan kimdi,
alan kimdi
Beş dənəsi bir manata – cümləsi
üşüyürəm, acam –sözləriylə sinonimdi
Allah kəssin belə sinonimi!

Qayğıdan bezən adamlardan
borc istəyən baxışlar

Vallah, olan kimi qaytaracam borcumu – demək
ağlamaqdan həlak olan gözlərlə
İnsaf dinin yarısıdır – cümləsini
əlində bayraq edən ADAMLARA!

Getmək vaxtıdı bəlkə də
Yox olmaq vaxtı
ən azı görünməz olmaq

bəlkə uşaqlar da güldü bir gün...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG