Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:56

Anar Məmmədlinin işi. Zorən zərərçəkənlər [Video]


-
Vəkil Cavad Cavadov və zərərçəkənlərdən Sahib Rüstəmli SMDT-nin həbsdə olan sədri Anar Məmmədlinin məhkəməsindən və bu məhkəmədə zərərçəkən kimi tanıdılanlardan danışıblar.

«SƏNƏDLƏRİ OXUMADAN İMZALAMIŞAM»

Sahib Rüstəmli deyir ki, zərərçəkmiş kimi göstərilməyini təhqir kimi qəbul edir:

«Əvvəlcə istintaqa şahid qismində çağırılmışdım. Sonra zərərçəkmiş kimi çağırıldım. Mən 4 ildir bu qurumla əməkdaşlıq edirəm. Onların savadına, intellektual səviyyəsinə bələdəm. Təşkilatın Aran bölgəsi üzrə koordinatoruyam. 10 dairənin müşahidəsini təşkil edirəm. Aylıq əməkhaqqı alıram. Məhkəməyə zərərçəkmiş kimi çağırılmağımı özümə təhqir sayıram. İzahatdan sonra imzalamaq üçün 30-a yaxın sənəd verilir. Hamısını oxuya bilmədim. Sənədə baxmadan qol çəkmişəm».

«BİR RƏQƏM SƏHVİ MƏNİ ZƏRƏRÇƏKMİŞƏ ÇEVİRİB»

Elşən Süleymanov ifadəsində qeyd etdiyi bir rəqəm səhvinin onu zərərçəkənə çevirdiyini deyir:

«Mən ifadə verdiyim zaman 2010 və 2012-ci ildə aldığım məbləğ barədə dəqiq məlumat verə bilməmişəm. Üçüncü dəfə istintaqa çağırılanda «zərərçəkən» sözünü görəndə təəccübləndim. Bir dedilər ki, bu, prosedur qaydasıdır, etirazınızı məhkəmədə bildirərsiniz. Bir rəqəm səhvi nəticəsində mən zərərçəkmiş kimi göstərilmişəm. SMDT-də heç bir qeyri-qanuni halla rastlaşmamışam».

«MƏQSƏD İTTİHAMLARI SÜNİ ŞƏKİLDƏ ŞİŞİRTMƏKDİR»

Vəkil Cavad Cavadov Anar Məmmədliyə qarşı irəli sürülən ittihamları əsassız hesab edir:

«Anar Məmmədliyə qarşı qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, külli miqdarda mənimsəmə və ya israfetmə, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı ittihamları irəli sürülüb. Bu ittihamlar absurddur. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi qeydiyyata alınmayıb. Hansı qanunsuz sahibkarlıqdan söhbət gedə bilər? Qeyri-hökumət təşkilatı qeyri-kommersiya qurumu hesab olunur. Mənimsəmə ittihamı da gülməlidir. Qrant müqavilələri üzrə də vergi nəzərdə tutulmayıb».

Vəkil zərərçəkmişlərin sayını artırmaqda məqsədin ittihamları süni şəkildə şişirtmək olduğunu deyir:

«Zərərçəkmiş şəxs o şəxs hesab olunur ki, ona hər hansı maddi, mənəvi, fiziki zərər dəysin. Zərərçəkmiş kimi göstərilənlər heç biri ərizəylə müraciət etməyib. Bu şəxslər özlərini zərərçəkmiş hesab etmirlər. Bütün bunlarda məqsəd ittihamları süni şəkildə artırmaqdır. Artıq bir neçə cinayət işində ilkin ittiham zəif olduğu üçün bu cür praktikaya əl atırlar. Hakimlər müstəqil qərar vermək iqtidarında deyil. İstintaqın mənimsəmə ittihamında hələ bilinmir ki, kimin pulu mənimsənilib. Bu adamlar zərərçəkən o vaxt olardılar ki, görülən işlərinin haqqı ödənilməsin».
XS
SM
MD
LG