Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:57

Hakimiyyət deputatları xalq diplomatiyası barədə


Əli Hüseynli
Əli Hüseynli
-

Aprelin 24-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


ƏLİ HÜSEYNLİ RAUF MİRQƏDİROVUN HƏBSİ BARƏDƏ

«Bəzi vəkil və hüquq müdafiəçilərinin dövlətə xəyanət ittihamı ilə həbs olunan jurnalist Rauf Mirqədirovun fəaliyyətini ictimaiyyətə «xalq diplomatiyası» kimi çatdırması yanlışdır. Ölkə ictimaiyyəti birdəfəlik bilməlidir ki, hazırkı müharibə vəziyyətində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu məsələlərin tənzimlənməsi üçün münasibətlər ancaq müəyyənləşdirilmiş rəsmi çərçivədə aparılır». Bunu APA-ya açıqlamasında Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Hazırda Şuşa şəhəri
Hazırda Şuşa şəhəri
Ə. Hüseynli qeyd edib ki, qanuni baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlər və xarici işlər nazirləri səviyyəsində danışıqlar olur: «Ancaq müstəsna hallarda, müəyyən bir mandatla Azərbaycan parlamentariləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı səfərlərdə iştirak edirlər. «Xalq diplomatiyası» adı ilə Qərbin, ABŞ-ın həyata keçirdiyi layihələr nəinki əhəmiyyətsiz, hətta çox təhlükəlidir.

Bunu bizim ictimaiyyətin bilməsi çox vacibdir. Bu ad altında əslində Azərbaycan torpaqlarının işğalı vəziyyətində, guya ki, vətəndaş cəmiyyətləri arasında münasibətləri yaxşılaşdırmaq cəhdinin arxasında nəticə etibarı ilə mövcud vəziyyətlə barışmaq kimi çox təhlükəli ideya durur. «Xalq diplomatiyası» yalnız Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpaqlarının azad olunmasından, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə rəsmən üzr istəməsindən sonra mümkün ola bilər».

«HEÇ KƏSİ ZORLA QOLUNDAN TUTUB ERMƏNİSTANA APARAN YOXDUR»

Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova «Media forum» saytının suallarını cavablandırıb.

- Beynəlxalq təşkilatlar Azərbaycanın Ermənistanla əlaqələr qurmasına təkid edirmi?

- Heç kəsi zorla qolundan tutub Ermənistana aparan yoxdur. Heç kəsi hansısa tədbirə zorla cəlb edən də yoxdur. Belə təkliflər beynəlxalq təsisatların tədbirlərində, danışıqlar prosesində, hansısa görüşlərdə səsləndirilə bilər və səsləndirilir də. Deyirlər ki, bəlkə xalq diplomatiyasını işə salasınız, insanlar getsin-gəlsin, aradakı soyuqluğa son qoyulsun, bu, məsələnin həllinə təsir göstərə bilər. Belə fikirlər var və olacaq da. Amma bu o demək deyil ki, belə fikirlər varsa, biz o fikrin ardınca düşünməmiş hərəkətlər edə bilərik.

Azərbaycanla Ermənistan arasında münaqişə başlayanda hər iki dövlətin vətəndaşları düşmən mövqedə deyildi ki. Əksinə, biz dost münasibətləri içərisində idik və birdən-birə bizə qarşı belə bir qəsd oldu. Bunu xalq diplomatiyasının olmamasına bağlayıb münaqişənin həllinə də maneə sayanlar məsələyə birtərəfli yanaşanlardır, prosesin yalnız bir detalına diqqət yetirərək fikir söyləyənlərdir. Biz məsələyə kompleks yanaşmalıyıq. Xalq diplomatiyası o zaman effekt verə bilər ki, danışıqlar prosesinin koordinasiya olunmuş bütün elementləri digərləri ilə əlaqədə götürülmüş olsun, biri digərindən doğsun. Yoxsa ayrılıqda xalq diplomatiyası bu məsələdə nə verə bilər? Mən buna inanmıram və təcrübə də bunu göstərir.

8 DOSTA 8-Cİ GÜNDƏ 8 ABZAS
NİDA-nın məhkəməsi
NİDA-nın məhkəməsi
Elnur Astanbəyli «Azadlıq» qəzetində yazır:

«Azərbaycanın 8 aydın, işıqlı gənci elə 8 gündür Kürdəxanı təcridxanasında ölüm aclığı edir. Bu onlar üçün son çarədir, qondarma ittihamlar əsasında barələrində istənilən ağır cəzalara etirazın son yoludur. Anlaşılandır. Başadüşüləndir.

Amma gənc dostlarımızın, bu mübariz insanların son çarə kimi gördükləri aclıq aksiyasının belə, qəlbi daşlaşmış yaptokratiyanı insafa gətirəcəyini, ədalətli olmağa məcbur edəcəyini düşünmək də sadəlövhlükdür. Odur ki, NIDA-çı gənclərə bir insani çağırışı da mən etmək istəyirəm. Aclığı dayandırmalarını, həyatlarına qıymamalarını xahiş edirəm. Bilirəm, aksiya başladıqda elan etmişdilər ki, heç vaxt onlara belə bir səslənişdə bulunmayaq, çünki qərarları qətidir».

Ancaq gediləsi bu uzun yolda yenə də bərabər yürümək, son məqsədə çatmaq üçün bizim indi ən çox məhz belə işıqlı, ləyaqətli gənclərə ehtiyacımız var, onları itirməkdən ancaq yaptokratiya qazanacaq. Yaptokratların ən böyük arzusu elə budur: hamımız ölək, qırılıb qurtaraq, cəhənnəm olub ölkədən gedək və əvəzində bunların əl-ayağına dolaşan heç bir nəfər də qalmasın, keflərinə soğan doğrayan olmasın, daha rahat, qulağı dinc şəkildə Azərbaycanı istədikləri kimi çalıb-çapsınlar».

LEYLA ƏLİYEVA RUSİYA İLƏ ƏMƏKDAŞLIQ HAQQINDA
Leyla Əliyeva
Leyla Əliyeva
AzərTAc: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT Radiosunun Rus Xidmətinə eksklüziv müsahibəsində Heydər Əliyev Fondunun Azərbaycanda və Rusiyada fəaliyyəti barədə danışıb.

BMT RADİOSU: Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada işləyir. Bu yaxınlarda Siz Volqoqrad, Həştərxan vilayətlərinin həyatında fəal iştirakınıza görə medallar almısınız. Bu mükafatların nəyə görə alınması və Rusiyanın daha hansı regionları ilə işləməyiniz barədə ətraflı söhbət edə bilərdinizmi?

LEYLA ƏLİYEVA: Müqəddəs Knyagina Olqa ordeni almaq mənim üçün böyük şərəfdir. Həştərxanda iki dəfə olmuşam. Bu şəhərdə layihələrimiz çoxdur - orada park salmışıq, bir məktəb binasını rekonstruksiya etmişik. Azərbaycan ilə Rusiya arasında Dostluq Körpüsü açmışıq. Bu yaxınlarda Müqəddəs Mələksima knyaz Vladimirə abidə ucaltmışıq. Oradakı məbədə də qayğı göstəririk.

Əlbəttə, Rusiyanın Həştərxan vilayəti Azərbaycana yaxındır. Bizim ortaq cəhətlərimiz çoxdur. Hesab edirəm ki, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə yönəlmiş tədbirlər daha çox keçirilməlidir. Ölkələrimizi bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri çoxillik tarixə malikdir. Bu adi insani münasibətlər əsasında çox şey qurulur.

DADI QAÇAN MÜSTƏQİLLİK

«Yeni Müsavat» Zamin Hacının yazısını dərc edib:

«...Srağagün polisin aeroport yolunda avtoşluq edən Yevlax gömrüyü rəisinin oğlu Tural Həsənovu tutub 20 sutka həbs verməsi çağdaş dövrümüzün, postsovet məkanının durumunu açan simvoldur. Həsənov özü də polisdə işləyirmiş, deyilənə görə ordan da qovulub. Ümid edək bunun gömrük rəisi olan papası da işdən qovular, çünki ona saatda 240-la gedən bahalı maşını papa alıb vermişdir və məlum məsələdir ki, maaşla almamışdır. Xalq tələb edir, hər bir məmur balası «sürət həddini aşanda» papa da vəzifədən uçmalıdır. Xalq qladiatorların başını istəyir!

Bax, avtoritar rejimləri demokratik rejimlərdən fərqləndirən mühüm elementlərdən biri elə bu sürət həddi məsələsidir. Avtoritarizmdə pulu yığırsan, ancaq qəfil sanksiya çıxır, Avropaya, ABŞ-a girə bilmirsən, viza vermirlər. Daha o pulun nə mənası? Sərhədi bağla, keçmiş SSRİ kimi, öz ölkəni özünə zindan elə, xaricdə yaşayanlara da hasarın üstündən baxıb ağzının suyunu axıt...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG