Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:52

İlham İsmayıl: «Regionda hansısa proseslərə hazırlıq gedir»


İlham İsmayıl
İlham İsmayıl
-
«Təhlükəsizlik» Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl son günlər Türkiyədən Azərbaycana, Azərbaycandan da İrana reallaşan yüksəksəviyyəli səfərləri şərh edir.
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00
Direct-ə keçid

- İlham bəy, Türkiyədəki bələdiyyə seçkilərindən sonra baş nazir Erdoğan Azərbaycana gəldi, bundan sonra Azərbaycan prezidenti İlham Əliyev İrana getdi. Son məlumat odur ki, müdafiə naziri Zakir Həsənov da İrana rəsmi səfərə gedir. Bu adi səfərlərdir, yoxsa regionda nələrsə baş verir?

- Regionda nələrinsə baş verdiyi dəqiqdir. Nələrsə baş verməsəydi, bu dar macalda belə sürətli gəlişmələr, gedişlər, qəbullar olmazdı. Adətən seçkilərdən sonra Türkiyə rəsmiləri ilk səfərlərini Quzey Kıbrısa edərdilər. Görünür, Azərbaycanla və Azərbaycanın yerləşdiyi regionda hansısa proseslərə hazırlıq gedir. Elə Türkiyənin baş nazirinin də bələdiyyə seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi müəyyən mesajlar verir.
- O hansı proseslər ola bilər ki, bunun üçün Türkiyə baş nazirinin səfəri vacib olsun?

- Hər halda Azərbaycanla Qərbin arasında birbaşa Azərbaycana təsir edə biləcək yeganə ölkə varsa, o da Türkiyədir. Nəzərə alın ki, NATO üzvü olan Türkiyə regionda baş verən məsələlərlə bağlı Azərbaycanla diplomatik dildən kənar, daha açıq, daha səmimi danışa bilər. Bu məsələni Qərb də bilir. Mənə elə gəlir ki, Azərbaycanı rəsmi üzv etmədən NATO Türkiyənin əli ilə Azərbaycana qədər uzanmaq istəyir. Görünür, perspektivdə hansısa siyasi addımlar atmaq istəyən NATO bu regionda möhkəmlənmək istəyir.
- Bu, yəqin ki, Krım hadisələri ilə bağlı məsələdir?

- Əlbəttə. Bu, Rusiyanın Krımla bağlı atdığı addımlarla bağlıdır. Rusiyanın geri çəkilmək istəmədiyi görünür. Yəqin, əldə olunan məlumatlar da belə bir qənaətə gəlməyə əsas verir ki, Rusiya keçmiş post-sovet ölkələrinə, xüsusən də Qafqaza təsirini daha da artırmaq istəyir.
- Azərbaycan prezidentinin İrana səfəri, bunun ardınca Azərbaycanın müdafiə nazirinin aprelin 14-15-ə Tehrana planlaşdırılan səfərinin bu baş verənlərlə hansısa bağlılığı ola bilərmi?

- Elə düşünməyin ki, NATO-nu təkcə Rusiya istəmir, təbii ki, İran da istəmir. Görünür, elə məqamlar var ki, hansı addımların atılacağı İrana ən yüksək səviyyədə bildirilməlidir. O da deyilməlidir ki, baş verəcək məsələlər İranın mənafeyinə zidd olmayacaq. Mənim qənaətim belədir. Yoxsa bu istiqamətdə dövlət başçısının getməsi, ardınca Müdafiə Nazirliyinin belə bir səfər etməsi elə adi məsələ deyil. Görünür, bəzi məsələlər var ki, ona hərbi baxımdan aydınlıq gətirilməsi vacibdir. Hesab etmirəm ki, Türkiyənin baş nazirinin səfəri, deyildiyi kimi, «nurçuluq»la və ya İlham Əliyevin İrana səfəri, İran dini liderinin dediyi kimi, «islamı bölən adamlara imkan verməmək» kimi məsələlərlə bağlı olsun. Bu deyilənlər məsələnin görünən tərəfləridir. Arxada çox ciddi proseslər baş verir və hiss olunur ki, bu proseslər Putin-in öz planlarının genişlənməsinin qarşısını almaq üçün NATO-nun Rusiyaya qarşı konkret addımlar atması ilə bağlı olsun.
- Arxada gedən proseslər doğurdan da belədirsə, bu, Rusiyanı qıcıqlandıra bilərmi?

- Artıq bu qıcıq var. Bu olmasaydı, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi formal olaraq MDB hərbçilərinin toplantısı çərçivəsində Azərbaycana gəlməzdi. Bu tədbirə müavinlərdən biri də gələ bilərdi. Qərargah rəisinin gəlməsi müəyyən təhlükələrin olması narahatlığından doğan bir məsələ ola bilər. Bizim də ona medal verməyimiz sanki aranı yumşaltmaq xəttidir. İndi Azərbaycan iki gücün arasında siyasət aparmaq məcburiyyətindədir. Azərbaycan manevr imkanlarını artırmaq istəyir ki, zərər görməsin. Bu addımların atılması zəruridir, effekti necə olacaq, bunu proseslərin gedişi və zaman göstərəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG