Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:02

Düşərgə yatağı


Əsir düşərgəsində fahişəxana, Gusen, Austria
Əsir düşərgəsində fahişəxana, Gusen, Austria
-

İş gündəlik idi, istirahət saatları isə ancaq su, işıq olmayanda, həyəcan siqnalı veriləndə, bir də radiodan Adolf Hitlerin nitqləri yayımlananda tətbiq olunurdu...


«Yalnız bu yaxınlarda tədqiqatçılar müəyyən ediblər ki, onlarla əsir düşərgəsində nasistlər qadınları xüsusi fahişəxanalarda işləməyə məcbur ediblər» - Vladimir Ginda "Korrespondent" jurnalında yazır.

Nasistlər düşərgələrə düşən qadınların qarşısına seçim qoyurdular: fahişəlik, ya da işgəncə ilə ölüm. Birinci variantı seçən bir neçə yüz qızı inzibatçılar onlarla düşərgədəki bordellərə göndərirdilər. Oralarda əsirlər təkcə işçi qüvvəsi kimi saxlanmırdı, həm də kütləvi məhvetmələr həyata keçirilirdi.

Sovet və müasir Avropa tarixçiliyində bu mövzu demək olar ki, mövcüd olmayıb, yalnız iki amerikalı alim - Vendi Hertyensen və Cessika Hyuz öz elmi araşdırmalarında bu problemin bir neçə aspektinə toxunublar.

İyirmi birinci əsrin əvvəllərində alman kulturoloqu Robert Zommer ölüm fabrikləri və alman düşərgələrindəki seksual konveyerlər barədə məlumatları diqqətlə öyrənməyə başladı.

Doqquz illik zəhmətdən sonra, 2009-cü ildə Zommerin Avropa oxucularını şoka salan «Toplama düşərgəsindəki fahişəxana» kitabı çıxdı. Kitabın əsasında Berlində "Düşərgələrdəki seks-xidmətlər" adlı sərgi təşkil olundu.

Yataq motivasiyası

Nasistlərin toplama düşərgələrindəki «qanuni seks» 1942-ci ildə başladı. Bu bordelləri SS-çilər onlarla müəssisədə, həmçinin, əmək düşərgələri adlanan yerlərdə – Avstriyada Mauthauzendə, onun filialı Huzendə, Flossenburqda, Buhenvaldda, Noyenhammda, Zaksenhauzendə, Dora-Mittelbauda açmışdılar.

Bunlardan əlavə, əsirlərin kütləvi məhvi üçün nəzərdə tutulmuş daha üç ölüm düşərgəsinə – Polşadakı Auşvits-Osvensim, Monovits və Daxaudakı düşərgələrə də məcbüri fahişəlik institutu tədbiq etdilər.

Düşərgə fahişəxanaları fikri SS reyxsfüreri Henrix Himmlerə aid idi. Tədqiqatçılar deyir ki, onu buna həvəsləndirən sovet əmək-islah düşərgələrində dustaq əməyinin istehsal səviyyəsini qaldırmaq məqsədilə tədbiq olunan stumul sistemi idi.

Himmler qərara aldı ki, sovet sistemində olmayan təcrübəni də sınaqdan keçirsin – «imtiyazlı fahişəliyi». SS şefi əmin idi ki, bordelə giriş izni ilə yanaşı, bəzi bonusların – məsələn, siqaret, nəğd pul, düşərgə vauçerləri, yaxşı yemək – əsirləri daha yaxşı və çox işləməyə həvəsləndirəcək.

Əslində, bu müəssisələr daha çox düşərgə qarovulçularının istifadəsi üçün idi. Bunun məntiqi izahı da vardı: əsir kişilərdən çoxu işləməkdən və işgəncələrdən o qədər halsız düşürdü ki, heç bir seksual meylləri qalmırdı.
Nasist lideri Heinrich Himmler düşərgədə təftiş zamanı. O, fahişəxananı nəzərdən keçirir. Mauthausen/Gusen
Nasist lideri Heinrich Himmler düşərgədə təftiş zamanı. O, fahişəxananı nəzərdən keçirir. Mauthausen/Gusen

Hyuz qeyd edir ki, bordellərin xidmətindən istifadə edən əsir kişilərin sayı olduqca az idi. Onun məlumatlarına görə, 1943-cü ilin sentyabrında Buxenvaldda 12 500 əsir vardı, amma düz üç ay ərzində onlardan 0,77% -i düşərgə fahişəxanasından istifadə etmişdi. Oxşar vəziyyət Daxauda da müşahidə olunurdu, 1944-cü ilin sentyabrında buradakı 22 min kişidən cəmi 0,75%-i düşərgə bordelindən istifadə etmişdi.

Ağır tale


Fahişəxanalarda eyni vaxtda təxminən iki yüz seks köləsi işləyirdi. Ən çox qadınların işləməyə məcbur edildiyi yer isə Osvensim idi.

Bordellərdə işləməyə bir qayda olaraq, xoşəgəlimli, 17-35 yaş arası qadınlar məcbur edilirdi. Onlardan 60-70 faizi alman mənşəli idilər, Reyx onları “cəmiyyətin artıqları, ünsürlər ” adlandırırdı.

Bəziləri düşərgələrə düşənə qədər də fahişəliklə məşğul olurdular deyə, tikanlı məftillərlə dövrələnmiş yerlərdə işləməyə tez razılaşır və öz təcrübələrini təzə həmkarlarına öyrədirdilər.

Seks-kölələrin üçdə birini nasistlər başqa millətlərdən – polyak, ukraynalı və belorusların arasından seçirdilər. Yəhudi qadınlar bu işə yaxın buraxılmır, həmçinin, yəhudi kişilərə bodellərdən istifadə etmək qadağan olunurdu.

Fahişəliyə məcbur edilən qadınlar onların nə işlə məşğul olduğunu bildirən xüsusi nişanlar – paltarlarının qollarına taxılmış qara üçkünc gəzdirirdilər.

Qızların bir qismi “işə” tez razı olurdular. Ravensbrük tibb məntəqəsinin – Üçüncü Reyxin ən iri, 130 min nəfərlik qadın toplama düşərgəsinin keçmiş əməkdaşı hadisələri belə xatırlayır: bəzi qadınlar həvəslə işləməyə razı olurdular, çünki onlara söz verirdilər ki, altı ay işləyəndən sonra azadlığa buraxılacaqlar.
Müqavimət Hərəkatının üzvü, həmin düşərgəyə 1944-cü ildə düşmüş ispan qadın Lola Kasadel deyir ki, onların barakının rəhbəri elan eləmişdi: “Fahişəxanada işləmək istəyənlər mənə deyə bilərlər. Nəzərə alın ki, könüllülər tapılmasa, biz zora əl atacağıq ”.

Bu, quruca hədə deyildi: Kaunasdakı gettolardan birində saxlanılan yəhudi qadın Şeyna Epşteyn deyir ki, düşərgədəki qadınlar daima qarovulçulardan qorxa-qorxa yaşayırdılar – onlar fürsət tapan kimi əsir qadınları zorlayırmışlar. Hücumlar gecələr baş verirmiş, sərxoş kişilər əllərində fənər çarpayıların arasında gəzişir və ən gözəl qadınları seçirmişlər.
Polşada nasistlərin küçə "oblava"ları, Varşava. Onlar təsadüfən qarşılarına çıxan qadınları tutub əsgərlər üçün bordellərdə fahişəliyə məcbur edirdilər. 1941
Polşada nasistlərin küçə "oblava"ları, Varşava. Onlar təsadüfən qarşılarına çıxan qadınları tutub əsgərlər üçün bordellərdə fahişəliyə məcbur edirdilər. 1941

Epşteyn deyir: "Onlar seçdikləri qızın bakirə olduğunu biləndə, sevinclərinin həddi-hüdudu olmurdu, bərkdən qışqırıb, həmkarlarını da çağırırdılar ”.

Namusunu, sonra da mübarizə əzmini itirdikdən sonra, qızların çoxu fahişəxanalara yaşamaq üçün son çıxış yolu kimi gedirdilər.

“Ən əsası bu idi ki, biz Bergen-Belzen və Ravensbrük düşərgələrindən canımızı qurtarırdıq, - Mittelbau düşərgəsinin keçmiş əsiri, fahişəliyə məcbur edilmiş Lizelotta B. - Dora-Mittelbau danışır. – Əsas o idi ki, necəsə sağ qalaq”.

Arilərə məxsus dəqiqliklə


İşçi qadınları seçəndən sonra onları xüsusi baraklara gətirirdilər. Ağır işdən və aclıqdan üzülmüş qadınları bir az qaydaya salmaq üçün onları xüsusi tibb məntəqəsinə yerləşdirirdilər. Orda SS uniformalı tibb işçiləri onlara iynə vurur, dezinfeksiya vannalarına salır, hətta kvars lampaları altında rənglərini qaraldırdılar.

Bunların heç biri rəhm hissindən edilmirdi, bədənləri ağır zəhmətə hazırlayırdılar. Reabilitasiya prosedurları bitəndən sonra qızlar seks-konveyerinin bir parçasına çevrilirdilər. İş gündəlik idi, istirahət saatları isə ancaq su, işıq olmayanda, həyəcan siqnalı veriləndə, bir də radiodan almanların lideri Adolf Hitlerin nitqləri yayımlananda tətbiq olunurdu.

Konveyer saat kimi, intizama uyğun işləyirdi. Məsələn, Buhenvaldda fahişələr səhər saat 7:00-da oyanır və 19:00-a qədər özlərinə baxırdılar: səhər yeməyi yeyir, idman edir, tibbi baxışdan keçir, paltarlarını yuyur, nahar edirdilər. Düşərgə standartlarına görə, yeməkləri o qədər çox olurdu ki, fahişələr yemək paylarını paltar və digər şeylərə dəyişirdilər.
Nasistlər fahişəxanaları yalnız düşərgələrdə yaratmırdllar. Bu Fransada keçmiş sinaqoq binasında nasist əəsgərləri üçün yaradılmış fahişəxanadır. Brest, Fransa, 1940
Nasistlər fahişəxanaları yalnız düşərgələrdə yaratmırdllar. Bu Fransada keçmiş sinaqoq binasında nasist əəsgərləri üçün yaradılmış fahişəxanadır. Brest, Fransa, 1940

Bütün işlər axşam yeməyi ilə bitirdi və sonra bir neçə saatlıq iş başlayırdı. Fahişələrin heç birinin bu işə çıxmamağa huququ yox idi, onlar ancaq xəstələnəndə və aybaşı günlərində işdən azad ola bilərdilər.

İntim xidmətlərin təqdimatı kişilərin seçimindən tutmuş hər xırdalığına qədər dəqiq sistemləşdirilirdi. Ancaq düşərgə funksionerləri, daxili mühafizə işi ilə məşğul olanlar və əsirlərin arasından seçilən düşərgə qarovulçuları qadın əldə edə bilərdilər.

Əvvəl-əvvəl bordellərin qapıları ancaq almanlara, ya da Reyx ərazisində yaşayan millətlərin, həmçiinin, çexlərin və ispanların üzünə açılırdı. Sonra «ziyarətçi» çevrəsini genişləndirdilər – təkcə yəhudilərin, sovet hərbi əsirlərinin bura girmək hüququ yox idi. məsələn, Mauthauzen düşərgəsindəki fahişəxananın səliqə ilə qeydlər aparılan jurnalından məlum olur ki, buranın müştərilərinin 60 faizi cinayətkarlar idi.
Bədən həzzi yaşamaq istəyən kişilər əvvəlcə düşərgə rəhbərliyindən icazə almalı idilər. Sonra onlar iki reyxsmarkaya giriş bileti alırdılar – bu məbləğ təxminən yeməkxanada satılan 20 qutu siqaretə bərabər idi.

Əgər onun seçdiyi qadın alman idisə, məbləğin dörddə bir hissəsi qadına çatırdı.

Düşərgə bordelinə girən müştərilər əvvəl gözləmə zalından keçirdilər ki, burada da onların adları yoxlanılırdı. Sonra onlar tibbi baxışdan keçirdilər, müştərilərə profilaktik iynələr vurulurdu. Sonra müştəriyə getməli olduğu otağın nömrəsini verirdilər. Cütləşmə orada baş tuturdu. Ancaq “missioner” pozasına icazə verilirdi. Müştəri ilə fahişənin söhbəti yaxşı qarşılanmırdı.

Buhenvalddakı bordeldə işləmiş qadınlardan biri Maqdalena Valter prosesi belə xatırlayır: “Bizim bir vanna otağımız vardı, növbəti müştəri gəlməzdən qabaq qadınlar ora girib, yuyunurdular. Yuyunan kimi, növbəti müştəri içəri girirdi. Hər şey konveyer kimi işləyirdi; kişilərə otaqda 15 dəqiqədən artıq qalmağa icazə verilmirdi ”.
Ravensbrük-də əsir qadınlar fiziki iş zamanı
Ravensbrük-də əsir qadınlar fiziki iş zamanı

Günümüzə gəlib çatan sənədlərdən bəlli olur ki, hər fahişə gecə ərzində təxminən 6-15 kişi qəbul etməli olurdu.

Bədənlər iş başına!

Qanuniləşdirilmiş fahişəlik hakimyyətə sərfəli idi. Beləliklə, elə təkcə Buhenvalddakı fahişəxana ilk altı ay ərzində 14-19 min reyxsmarka gəlir gətirmişdi. Pullar Almaniyanın iqtisadi siyasətinin hesabına daxil olurdu.

Almanlar qadınları təkcə seksual obyekt kimi deyil, həm lə elmi material kimi istifadə edirdilər. Bordeldə işləyən qadınlar gigiyenik qaydalara ciddi əməl edirdilər, çünki ən yüngül dəri-zöhrəvi xəstəlik belə onlara həyatları bahasına başa gələ bilərdi: xəstəliyə yoluxan qadınları müalicə eləmir, elmi tədqiqat üçün lazım olan yerlərə göndərirdilər.

Reyx alimləri bunu Himmlerin əmrini yerinə yetirmək üçün edirdilər: hələ müharibədən əvvəl sifilis Avropada faciələrə gətirb çıxara bilən geniş yayılmış xəstəliklərdən biri idi. Fürer hesab edirdi ki, ancaq bu xəstəliyin tez sağalma yolunu tapan xalqlar xilas ola biləcək. Möcüzəli dərmanı əldə etmək üçün SS-çilər yoluxmuş qadınları laboratoriyalara aparırdılar. Orada isə qadınlar çox az müddət sağ qalırdılar, intensiv eksperimentlər əsir qadınların tezliklə əzablı ölümünə səbəb olurdu.

Tədqiqatçılar araşdırmalar zamanı öyrəniblər ki, bəzi hallarda hətta sağlam qadınları sadist həkimlərin ixtiyarına verirmişlər.
Düşərgələrdə hamilə qadınlara da rəhm eləmirdilər. Bəzi düşərgələrdə onları öldürür, bəzi yerlərdə isə körpəni tələf edib, beş həftədən sonra yenidən işə göndərirdilər. Abortlar hamiləliyin ən müxtəlif dövrlərində və ən fərqli üsullarla həyata keçirilirdi – bu əməliyyatlar da tədqiqatın bir hissəsi olurdu. Bəzi əsir fahişələrə doğmağa icazə verirdilər, amma bunu ona görə edirdilər ki, sonra eksperiment aparıb, körpənin nə qədər ac qalacağını müəyyən eləsinlər.

Nifrətə tuş gələn əsir qadınlar
Almaniya - Ravensbrük düşərgəsi. Qadın əsirlər. Onların paltolarının arxasındakı işarə qaçmağa cəhd etmələrinin tez önlənə bilməsi üçün idi.
Almaniya - Ravensbrük düşərgəsi. Qadın əsirlər. Onların paltolarının arxasındakı işarə qaçmağa cəhd etmələrinin tez önlənə bilməsi üçün idi.

Keçmiş Buhenvald əsiri, holland Albert van Deykin sözlərinə görə, düşərgələrin kişi əsirləri fahişələrə nifrət edirdilər. Onlar nəzərə almırdılar ki, həmin qadınları zorla, işgəncə və ölüm qorxusu altında bu işə məcbur ediblər. Üstəlik, fahişəxanalarda işləmək hər gün dəfələrlə zorlanmaya məruz qalmağa bərabər işgəncə idi.

Bəzi qadınlar hətta bordellərə düşəndən sonra da namuslarını qorumağa çalışırdılar. Məsələn, Valter Buhenvalda düşəndə hələ bakirə idi və fahişəliyə məcbur ediləndə ilk müştəridən özünü qorumaq üçün əlinə qayçı alıb, müqavimət göstərmişdi. Cəhd alınmamışdı və qeyd dəftərinə görə o gecə keçmiş bakirə altı nəfər kişini yola salmışdı. Valter buna ancaq bir şeyə görə dözmüşdü – o bilirdi ki, əks halda onu qaz kamerası, krematoriya, ya da qəddar eksperimentlərin keçirildiyi barak gözləyir.

Bu zorakılığa davam gətirməyə heç də hamının əsəbləri dözmürdü. Tədqiqatçıların araşdırmalarına görə, bordel sakinlərinin bir qismi tezliklə həyatla vidalaşır, bir qismi də ağıllarını itirirdilər. Kimlərsə sağ qala bilmişdi, amma onların da ömürlük psixoloji problemləri qaldı. Fiziki azadlıq onları keçmişin yükündən azad edə bilmədi, müharibədən sonra düşərgə fahişələri özlərinin hekayətlərini gizlətməli olurdular. Buna görə də, düşərgə bordellərindəki həyat barədə sənədlər, şahidlər tapmaq çətin oldu.

Keçmiş Ravensbrük düşərgəsinin memorialının işçisi İnza Eşebax deyir: “Biri var ki, sən deyəsən «düşərgədə yol salırdım», «odun doğrayırdım» biri də var, deyəsən ki, «orda məni fahişəlik etməyə məcbur eləmişdilər»…

"Korrespondent"
9 avqust, 2013
Tərcümə: Günel Mövlud
XS
SM
MD
LG