Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:15

Türkiyədə bələdiyyə seçkiləridir


Turkey -- Main opposition Republican People's Party (CHP) mayoral candidate Mustafa Sarigul (3rd L) poses with a woman for a souvenir picture as he walks in the main Istiklal street as part of his election campaign in Istanbul, March 27, 2014
Turkey -- Main opposition Republican People's Party (CHP) mayoral candidate Mustafa Sarigul (3rd L) poses with a woman for a souvenir picture as he walks in the main Istiklal street as part of his election campaign in Istanbul, March 27, 2014
-
Durna Səfərli, İstanbul
*

Səhər saat 8-dən bəri davam edən bələdiyyə seçkisində Türkiyə seçicilərinin aktivlik göstərdiyi müşahidə olunur. Artıq bir çox dövlət rəsmiləri, namizədlər, partiya təmsilçiləri seçki məntəqələrinə gediblər. Doğan Xəbər Agentliyi bildirir ki, məntəqələrdə seçki qutuları başında növbələr yaranıb. Yerli idarəetmə seçkisində bələdiyyə rəhbərliyi, bələdiyyə məclisi üzvləri, məclis üzvləri və muxtarlıqlar üçün səs verillməsi də səsvermə prosesini yavaşladır, buna görə də qarşıdakı saatlarda növbələrin daha da uzanacağı gözlənilir.

129 YAŞLI SEÇİCİ SƏS VERİB

gul

GÜL: “Seçki dövrü sərt keçdi”
“Seçki dövrü sərt keçdi. Bütün vətəndaşlarım buna inansın ki, dövlətimiz güclüdür. Dövlətimizin bütün qurumları güclüdür. Qarşılaşdığımız problemlər hüquq dövləti daxilində həll edilir. Türkiyə güclü şəkildə yoluna davam edəcək. Bu gün çoxpartiyalı sistem demokratiyasının ən gözəl dövrünü yaşayırıq”. Türkiyə prezidenti Abdullah Gül paytaxt Ankarada səs verdikdən sonra jurnalistələr müsahibəsində bunu deyib.
ERDOĞAN: “Millət nə desə, o olacaq”

Baş nazir Recep Tayyip Erdoğan da səsverməyə qatılıb. Erdoğan seçki münasibətilə xalqı təbrik edib və İstanbulda jurnalistlərə bunları deyib:

“Türkiyənin hər yerindən bu ana qədər aldığım məlumata görə seçici fəallığı yüksəkdir. İndiyə qədər meydanlarda arzu edilməyən açıqlamalar olmasına baxmayaraq, xalqımız bütün gerçəklərin üzərində danışacaq. Xalqın dediyi meydanlarda deyilənlərdən daha üstündür. Millət nə desə, o olacaq. Millətin qərarına hörmət ediləcək. Yerdə qalan məsələlər seçki qutuları açıldıqdan sonra tarixə bir qeyd olacaq düşəcəkdir”.


Türkiyənin ən yaşlı vətəndaşı, 1885-ci il təvəllüdlü Mehmet Esen Eruh bölgəsində səsvermədə iştirak edib. Səsvermədən sonra 129 yaşlı Esen jurnalistlərin suallarını cavablayıb.

“Bu seçkinin türk və kürd coğrafiyasında yaşayan xalqlara sülh və qardaşlıq gətirməsini arzu edirəm. Dünyanın ən gözəl yeraltı və yerüstü zənginliyi bu torpaqlarda mövcudur. Bu seçki qardaş olan türklərə və kürdlərə hüzur, barış gətirsin”, deyə vurğulayıb.

MUXTAR MÜBAHİSƏSİNDƏ 8 ÖLÜ

Seçki insidentsiz ötüşməyib. Hürriyyət qəzeti yazır ki, Şanlıurfa, Hatay və Qaziantepdə səsvermədə qan tökülüb. Hilvan bölgəsində muxtarlıq mübahisəsində 6 nəfər ölüb. Hatayda da eyni səbəbdən 2 nəfər həyatını itirib. Öldürülənlər arasında muxtar namizədlərinin də adı keçir. Bıçaq və silahların işə düşdüyü bu mübahisələrdə ümumilikdə 18 nəfərin xəsarət aldığı bildirilir. Qarşıdurmalardan biri muxtar namizədləri Ersöz və Öztürk ailələri arasında mübahisə nəticəsində yaranıb. Muxtar namizədi Emin Öztürk və yaxınları tapançadan açılan atəşlə yaralanıb və xəstəxanaya aparılıb. Silahı kimin açdığı, hələ ki, məlum deyil.


SOSİAL MEDİADA
Türkiyə seçicilərinin səsvermə ilə yanaşı, sosial mediada da fəallığı gözə dəyir. Seçkini müşahidə edən qeyri-hökumət təşkilatları, könüllü müşahidəçilər, sıravi seçicilər rastlaşdıqları pozuntu halları ilə bağlı facebook və twitter üzərindən məlumat paylaşılır. Twitterdə #sandıktayım haştaqı artıq dünya trendinə çıxıb. Müşahidəçilərin paylaşdıqları bilgilərə görə, iqtidarda olan partiya AKP-nin xeyrinə möhürlənmiş hazır bülletenlər aşkarlanıb, səsvermə haqqı olmayan Suriya vətəndaşları seçkiyə gətirilib. Pozuntularla bağlı protokollar hazırlanıb.

Seçki əhval-ruhiyyəsinə hava şəraiti də təsir edib. İstanbuldakı günəşli hava Şərqi Anadolu bölgəsində müşahidə olunmur, əksinə burda yağan qar sayəsində yollar bağlanıb, güclü qar bəzi bölgələrdə günün ilk saatlarında seçki qutularını boş qoyub.

Şərqi Akdeniz bölgəsində yaranmış fırtına isə elektrik xətlərini sıradan çıxarıb və burada da bəzi səsvermə məntəqələrində işıqlar sönüb.

26 PARTİYADAN 2-İ ƏSAS RƏQİBDİR

Türkiyə 5 il boyunca yerli idarəetməni həyata keçirəcək şəxsləri seçmək üçün seçki qutusu başındadır. Martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilir.

Ölkədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 milyondan artıqdır. Onlardan 26 milyondan çoxu qadın, 26 milyona yaxını kişidir. Seçkidə ümumilikdə 26 partiya yarışacaq. Ancaq əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Bugünkü bələdiyyə seçkisindən etibarən Türkiyənin gələcək idarəetməsini müəyyənləşdirən 15 aylıq seçki mərhələsi başlanır. Yayda prezident seçkisi, gələn il isə parlament seçkisi keçiriləcək.

40%-DƏN AZ OLSA...
R.T. Erdoğan tərəfdarlarıyla görüş zamanı
R.T. Erdoğan tərəfdarlarıyla görüş zamanı


Bundan əvvəl 2009-cu ildəki bələdiyyə seçkisində hakim AKP 39% səslə birincilik qazanmışdı, onun ardınca CHP səslərin 23%-ni əldə edə bilmişdi. 2004-cü illə müqayisədə AKP səslərinin 2 faizini itirmiş sayılır, o zaman seçicilərin 41 faizi hakim partiyanı dəstəkləmişdi, analitiklər hesab edirlər ki, bu il AKP 40 faizdən az səs qazansa, bu, baş nazir R.T. Erdoğan üçün zərbə olacaq.

CHP ilə yanaşı, Millətçi Hərəkat Partiyası (MHP) və Sülh və Demokratiya Partiyası (BDP) da hakim AK partiyanı hakimiyyətdən uzaqlaşdıracağına ümid edir.

Bələdiyyə seçkisində önəmli məqam böyük şəhərlərdə, xüsusilə İstanbul və paytaxt Ankarada seçkini kimin qazanmasıdır. Bu, baş nazir Erdoğanın iqtidarda qalıb-qalmayacağına işarə edən bir sınaq olacaq. Erdoğan 20 il öncə iqtidara 15 milyon əhalisi olan İstanbulun bələdiyyə başqanlığı ilə gəlmişdi. Türk atalar sözündə deyildiyi kimi, “İstanbulu alan, Türkiyəni alır”.

MUSTAFA SARIGÜL VS. KADİR TOPBAŞ
Mustafa Sarigul görüş mitinqdə çıxış edərkən (11 mart)
Mustafa Sarigul görüş mitinqdə çıxış edərkən (11 mart)

CHP-nin İstanbula namizədi 57 yaşlı Mustafa Sarıgül bu seçkidə bələdiyyə rəhbərliyini AKP-nin təmsilçisi olan Kadir Topbaşın əlindən alacağına ümid edir.

Bu, ötən yayda 11 nəfərin ölümü və 8 minə yaxınının isə xəsarətinə səbəb olan antihökumət Gezi etirazlarından sonra ilk seçkidir.

Son aylarda Türkiyənin gündəminə gələn korrupsiya əməliyyatları, gizli səs yazılarının ardınca, seçkidən bir neçə gün əvvəl Türkiyədə twitter və youtube sosial şəbəkəsinə girişə qadağa qoyulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG