Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:41

Tovuzun Əlibəyli kəndində gecəni atəş altında keçiriblər...


Etibar Tağıyev
Etibar Tağıyev
-
Tovuzun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndi martın 27-dən 28-nə keçən gecə yenidən atəşə tutulub. Atışma gecə saat 11 dən başlayaraq 2-yə qədər davam edib. Kənd sakinləri Azadlıq Radiosuna deyiblər ki, gecəni qorxu içində keçiriblər. Bəziləri evlərin zirzəmidə gizləniblər.

Ancaq atılan güllələrdən hamı yayına bilməyib. Kənd sakinlərinin deməsinə görə, ötən gecə Əlibəyli kəndinin yüksəkliyində xidmət edən bir hərbçi və sakinlərdən Etibar Tağıyev yaralanıb.

«EVƏ QAYIDIB GİRMƏK İSTƏYƏNDƏ GÜLLƏ SAĞ AYAĞIMA DƏYDİ»

Hazırda Tovuz rayon Mərkəzi Xəstəxanasında müalicə olunan Etibar Tağıyevin vəziyyəti nisbətən yaxşılaşıb. Etibar Tağıyev yaralanmasını AzadlıqRadiosuna belə nəql edib:

«Saat 12-yə işləmişdi. Gördüm ki, uşaq qorxur. Evin üstünə gülələr dəydi. Dedim qorxma, bizə dəymədi. Elə bildim ev yanır. Çıxdım baxam, gördüm ev yanmır. Evə qayıdıb girmək istəyəndə güllə sağ ayağıma dəydi. İndi xəstəxanadayam, əməliyyat olmuşam, yaxşıyam».

Xəstəxanadan AzadlıqRadiosuna verilən məlumata görə, 45 yaşlı Etibar Tağıyevin sağ budunu güllə dəlib keçib. Hazırda vəziyyəti yaxşıdır.

«EVLƏRİN HAMISINA ZİYAN DƏYİB»

Evinin təmas xəttinə yaxın olduğunu deyən Ədalət Rzayev isə deyir ki, otaqları boş güllə qalıqlarıdır. Üstəlik, hər evin pəncərələri dəlmə-deşik olub. Evlərə də, maşınlara da ciddi ziyan dəyib:

«Atışma hələlik dayanıb. Evlərin hamısına ziyan dəyib. Kənd sakini, bir də hərbçi yaralanıb. Dəhşətdir. Silahlarla atırdılar».
Əlibəyli kəndinə atılan güllələr
Əlibəyli kəndinə atılan güllələr

«HƏR DƏQİQƏMİZİ QORXU İÇİNDƏ YAŞAYIRIQ»

Kəndlilər ötən gecədən həyəcanla danışırlar. Sakin Şəfiqə Cəfərova danışır ki, səhərədək 4 yaşlı oğlunu güllədən qorumaq üçün döşəməyə uzanıqlı qalıb:

«Sabaha kimi atıblar. Qonşudakı oğlan yaralanıb. Təpədən atdılar, qonşulara, məhəlləyə dəyib. Aynamızı qırıb. Allahın yazığı gəldi, başqa otaqda gizləndik. Hər gün atışmadır. Yoldaşım da Qarabağ əlilidir. Hər dəqiqəmizi qorxu içində yaşayırıq. Körpə uşağım var, 4 yaşı var, deyir mama, qorxuram».

Şəfiqə Cəfərova deyir ki, yaralı sakin xəstəxanaya çatdırılana qədər xeyli qan itirib.

«BURDA XƏSTƏXANAMIZ YOXDUR»

Bu şəraitdə yaşamağın çətinliyini hər kəlmədə dilə gətirən kəndlilər gileylənirlər ki, onların bu mübarizliyinə görə şəraitləri yoxdur. Onlar hər dəqiqəsi ölüm təhlükəsi olan bu kənddə xəstəxana istəyirlər:
Müdafiə naziri Zakir Həsənov Əlibəyli kəndində - 7 fevral 2014
Müdafiə naziri Zakir Həsənov Əlibəyli kəndində - 7 fevral 2014

«Burda xəstəxanamız yoxdur. Uzaqdadır. Yolpulu bahadır. Qonşunu qan aparırdı. Xəstəxana olsaydı, aparardıq. İlham Əliyev bizə də bir şərait yaratsın. Toyuq saxlaya bilmirik, mal saxlaya bilmirik. Ödəyə bilmirik».

110 EVƏ, 30 MAŞINA GÜLLƏ DƏYİB...

Kəndin icra nümayəndəsi Valeh Rzayev deyir ki, ötən gecə baş vermiş atışmada 110 dan çox evin dam örtüyü və pəncərələri yararsız hala düşüb. Kənd sakinlərinə məxsus 30-a yaxın maşına güllə dəyib.

Valeh Rzayev qeyd edir ki, son 2-3 ildə Əlibəyli kəndində 10-a yaxın mülkü vətəndaş Ermənistan tərəfdən açılan atəşdən yaralanıb.

Müdafiə Nazirliyinin məlumatında isə deyilir: «Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndi, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən isə Tovuz rayonun Əlibəyli kəndi atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub».
XS
SM
MD
LG